Müğənni ilə sevgilisi arasında əlbəyaxa davaya səbəb olan insident yaşandığı deyilir
Müğənni Rəqsanə İsmayılova sevgilisi Faiq tərəfindən döyülüb. ANS PRESS-in məlumatına görə, insident 07.11.2011 tarixində axşam saatlarında Heydər Əliyev adına Hava Limanında müğənni saat 17:15-də Kiyev – Bakı reysi ilə vətənə qayıdandan sonra hava limanında baş verib.
Adının hallanmasını istəməyən şahid gördüyü mənzərəni belə təsvir edib: Rəqsanənin yanında tanınmış rejissor-prodüser Zorik və iki cangüdən var idi. Onları daha iki nəfər qarşıladı və dava-dalaş da bu zaman başladı. Söhbətlərindən birinin adının Faiq olduğu məlum oldu. Çünki Rəqsanə tez-tez onun adını çəkirdi. Faiq və qardaşı bütün camaatın içində Rəqsanəni və Zoriki nalayiq söyüşlərlə təhqir edərək döymək istəyərkən müğənninin cangüdənləri buna mane oldular. Cangüdənlərin müdaxiləsi ilə müğənni və prodüser canlarını onların əlindən qurtara biliblər. Bu zaman Elməddin və Elvin adlı cangüdənlərlə Faiq və qardaşı arasında əlbəyaxa dava baş verib və cangüdənlər onları əzişdirib.
Şahidin dediyinə görə, səs-küyə gələn hava limanının polisləri hər iki tərəfi hava limanının ərazisindəki polis məntəqəsinə aparıblar. Tərəflər izahatları alındıqdan sonra evə buraxılıblar. 5-6 saat polis məntəqəsində saxlanılan cangüdənləri isə Rəqsanə ilə olan müqavilələri polis idarəsinə gətirildikdən sonra azad buraxılıblar.
Hava Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə faktı təsdiqləyiblər. İdarədən aeroportda müğənni ilə bağlı insident yaşandığı bildirilsə də, ətraflı məlumat verilməyib.
Müğənni Rəqsanə isə baş verənləri təkzib edib. Sevgilisi ilə münasibətlərinin çox yaxşı olduğunu deyən müğənni Elməddin və Elvinin onun cangüdənləri yox, dostları olduğunu söyləyib. Daha sonra isə ümumiyyətlə bu barədə yazmamağı istəyib.
Zöhrab Ağayev (Zorik) isə nəinki xəbəri təsdiqləməyib, hətta bu xəbərin yayılmasında kimlərisə günahlandırıb: “Mən bilirəm bu xəbərləri kim yayıb. Bu hadisəyə gəldikdə elə bir şey olmayıb. Bircə onu deyə bilərəm ki, bəli, mən srağagün Kiyev-Bakı reysi ilə gələn Rəqsanəni qarşılamışam”.