Vəziyyətin sosial partlayışa səbəb olacağı gözlənilir
    «The Financial Times» qəzeti yazır ki, bugünlər İranda yaşayanların  diqqəti bu ölkəyə qarşı gözlənilən yeni sanksiyalar, hətta hərbi  əməliyyatlar ehtimalı ilə yanaşı, həm də ərzağın qiymətinin sürətlə  artmasına yönəlib. 
 Mərkəzi Bankın rəhbəri Mahmud Bahmani dünən  bildirib ki, ölkədə illik inflyasiya 19,1 faizdir. Lakin iqtisadçılar,  market sahibləri və istehlakçılar deyirlər ki, qiymətlər hökumətin elan  etdiyindən dəfələrlə çox artıb.
YUMURTANIN QİYMƏTİ YARIBAYARI ARTIB
Mağaza sahibləri deyir ki, iyun ayından südün qiyməti azı 30 faiz, pendir və yağ 40 faiz, yumurtanın qiyməti isə 50 faiz artıb. Təbriz şəhərinin sakini Naidə “Azadlıq” radiosuna deyib ki, qiymətlər çox artıb. Adamlarsa artıq bu bahalaşmaya öyrəşib: «Qiymətlər  bahalaşıb. Əgər bir neçə ay əvvəl yumurtanı 200 tümənə (təxminən 1.5  qəpik) alırdıqsa, indi 300 tümənə (təxminən 2 qəpik) alırıq. Hər şey  bahalaşıb. Bahalıq hər şeydə hiss olunur. Camaat buna öyrəşib».
 Elə  «The Financial Times» qəzeti də yazır ki, on illərdir İranda əhali  ikirəqəmli inflyasiyaya öyrəşib. Ötən ilin dekabrından hökumətin həyata  keçirdiyi islahat proqramı elektrik enerjisi və digər kommunal xərclərə  görə dövlətin ayırdığı subsidiyaları kəskin azaldıb. Bu da həyat  şəraitini olduqca çətinləşdirib.
 Müşahidəçilərin  çoxu isə bildirir ki, bu, sosial iğtişaşlara gətirib çıxara bilər.  Qiymət artımının təsirini azaltmaq üçün İran deputatları daha çox  ehtiyacı olan ailələr üçün kiçik aylıq ödənişlər müəyyən edib. Prezident  Ahmadinejad hökuməti isə parlamentin müəyyən etdiyi həmin məbləği  ikiqat artırıb. Üstəlik, həmin aylıq ödənişi təkcə ehtiyacı olanlara  yox, bütün İran vətəndaşlarına şamil edib.
 Deputatlar və  iqtisadçılar isə Əhmədinejadın bu səxavətli addımını tənqid edir. Onlar  bildirir ki, həmin addım inflyasiyanın sürətlənməsinə, büdcə kəsirinin  artmasına səbəb olacaq. Bununla belə aylıq ödənişlər hələ davam edir.  Əhalidə isə narazılıq azalmayıb.
36 MANAT BİR GÜNLÜK BAZARLIĞA ÇATIR
Orta  təbəqəyə aid bir ailədə evdar qadın olan Simin deyir ki, «bir neçə ay  bundan əvvələ qədər 50 min tümən (təxminən 36 manat) üç günlük bazarlığa  bəs edirdi. İndi isə həmin məbləğ bir günə çatır. Bu dəhşətdir».
 Rejimin  tənqidçiləri isə yeni iğtişaşların mümkünlüyü haqqında xəbərdarlıq  edirlər. Onlar deyirlər ki, ailələrə ödənilən aylıq nağd ödənişlər  etiraz aksiyalarını yalnız təxirə salıb. Keçmiş hökumət  rəsmilərindən biri deyir ki, gec-tez İranda iqtisadi səbəblərə görə  kortəbii etirazlar baş qaldıracaq. Ciddi beynəlxalq təzyiqlərlə üz-üzə  qaldığı vaxtda hökumətin həmin problemi aradan qaldırması daha da çətin  olacaq.


