İran vurulmaq ərəfəsində

Tehran rejiminə müdaxiləyə qarşı tərəddüd edən təkcə Çin qalıb…

MAQATE yenə barmağını Irana tuşladı. Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, Iran cidd-cəhdlə nüvə silahı əldə etmək istəyir. Yəni bu ölkənin nüvə fəaliyyəti artıq dinc mahiyyətini itirib. Silah əldə etmək üçün çalışmalar sürətlənib. Bu məlumat Iran əleyhinə  koalisiyanın fəaliyyətini xeyli əsaslandırıb. Belə ki, Tehranın artıq regional təhdiddən qlobal təhlükəyə çevrilmək niyyəti baş tutarsa, modern sivilizasiya böyük risklər  yaşaya bilər.
Göründüyü kimi, Yaxın Şərqdəki proseslərin sürətlənməsi Iranın nüvə hərisliyini və həyəcanını artırıb. Rusiyanın bu prosesdəki yarımməxfi və yarımleqal fəaliyyəti  isə hələlik açıq müzakirə olunmur. Hərçənd ki, bütün olaylar bu iki dövlətin fiziki sərhədlərinə çatıb. Artıq maraq sərhədlərini çoxdan itirmiş Iran üçün özünüqoruma aktual problemə çevrilib. Buna görə də klerikal rejim ən radikal metodlara əl ata bilər. Rusiyanın bu məsələdəki marağı isə subyektivdir. Hər bir antidemokratik rejim kimi, Kreml də beynəlxalq diqqəti çəkmək üçün özündən mahiyyətcə daha qaranlıq bir rejimin varlığını arzulayır və bunda maraqlıdır. Bu baxımdan Iranın ətrafında daralmaqda olan çəmbərin Rusiyadan lazımi reaksiyanı alıb-almayacağını demək hələlik çətindir. Amma bir məsələ aydındır ki, Moskva da yaxın perspektivdə başqalarının planlarına mane olduğu üçün daxili problemlər yaşaya bilər. Şimali Qafqaz kimi həssas bir bölgəyə malik ölkə belə məsələlərdə normadan artıq həssaslıq göstərməli olduğunu unutmamalıdır. Hər halda Kremldə bu məsələni soyuq başla düşünə bilənlərin olduğuna şübhə etmirik. Irana dəstək vermək Bəşər Əsədi xilas etməyə  cəhddən daha təhlükəli addımdır. Çünki Bəşər Əsəd maneə, Iran rejimi isə təhlükədir. MAQATE bir açıqlama ilə tərəddüd edənləri bir daha ayıq olmağa çağırıb. Çünki Irana müdaxilənin əleyhinə olan beynəlxalq qüvvələr hələ də mövcuddur və onların BMT-dəki veto hüququ işləri çətinləşdirə bilər.

Çin mövqeyindən çəkiləcəkmi?

Biz nüvə təhlükəsizliyi üzrə beynəlxalq agentliyin bu açıqlamasını birbaşa Çin Xalq Respublikasına ünvanlanmış addım kimi də qiymətləndiririk. Irana zor tətbiq etməyin əleyhinə olduğunu yaxın günlərdə bir daha açıqlayan Pekin rejimi sözügedən müdaxilədən sonra özünün enerji təhlükəsizliyi baxımdan risklər yaşayacağını düşünür. Amma MAQATE bu açıqlaması ilə Pekin hökumətinə hansı məsuliyyətin altına girdiyini xatırlatmaq istəyir. Unutmaq olmaz ki, nüvə silahının genişlənməsi əleyhinə beynəlxalq konvensiyaya görə Çin indiki tərəddüdü ilə yeni regional və qlobal risklərə yol aça bilən bir addıma qarşı səssiz qalır. Başqa sözlə, öz vetosu ilə Iranın nüvə silahına doğru gedən yolunu açır.

Iran vurula bilərmi?

Başlıca gözdən keçirilməli məqamlardan biri odur ki, Iran ya əsəblərinə nəzarət edə bilmədiyindən, ya da şüurlu şəkildə, qorxmadığını nümayiş etdirmək üçün Qərbin regionda iqtisadi maraqlar qovşağı olan Azərbaycana qarşı siyasi və hərbi mənada qıcıq doğuran addımlar atmağa başladı. Türkiyə və Qərblə münasibətlərin gərginləşməsindən istifadə edərək sərhəd pozmalarından tutmuş dövlət başçısını təhdid etməyə qədər irəliləyən siyasət sonda Iranın özünə qarşı müharibə təhdidi yaratdı. Heç kimə sirr deyil ki, Tehran rejimi Türkiyə ilə Azərbaycan arasındakı sonuncu qaz sazişinin yaratdığı istiləşməni öz planlarının pozulması kimi qiymətləndirdi. Azərbaycanın rəsmi siyasətindəki qüsurlar səbəbindən təklənməsi Iran rejimi üçün əlverişli şərait yaratmışdı. Bu vəziyyətin Türkiyə hesabına qismən aradan qaldırılması Tehranı əl saxlayıb düşünməyə vadar etdi. Çünki hazırkı beynəlxalq konyunkturaya görə Ankaranı Qərb mərkəzlərindən biri hesab etmək olar. Iran bu mənada həm də Türkiyəni öz qarşısına almış oldu. Başqa tərəfdən isə MAQATE-nin bu bəyanatı Irana hərbi müdaxilənin real planlarından xəbər verir. Çünki bu, artıq Iranın vurulması üçün ən mühüm əsas ola biləcək xəbərdir.

Azərbaycan nə etməlidir?

Son olaylar göstərdi ki, rəsmi Bakı hər nə qədər Iran əleyhinə açıq ritorika seçməsə də, münasibətləri diplomatik səviyyədə qorumağa cəhd etsə də, Iran əldə etdiyi ilk fürsətdə müstəqilliyimizi təhdid etməkdən çəkinmədi. Buna görə də Azərbaycan hökuməti bütün məsələlərdə Iran əleyinə cəsarətli davranmalı və beynəlxalq birliyin bu məsələdə ciddi dəstəyini qazanmalıdır. Çünki Iran yalnız Qərbin açıq müdaxiləsindən çəkindiyi üçün Azərbaycana birbaşa müdaxilə etmir. Müxalifətin ən böyük qurumu olan Ictimai Palatanın “Hizbullah”ın son bəyanatına reaksiyasını da gözdən keçirsək  görərik ki, Azərbaycan hökuməti Iranın müstəqilliyi təhdid edən addımlarına qarşı daxili dəstəyi də qazana bilər. Əgər addımlarını səbatlı və sərrast planlaşdıra bilsə, təbii ki.

Qafqaz Araşdırmalar Dərnəyi