iran-bayraq-bina

İran Azərbaycana qarşı planlarında taktikanı dəyişir

Tehran Rusiyadan və Güney Azərbaycan türklərindən necə yararlanmaq istəyir?
Iranın hədələrindən narahat olan Azərbaycan hökumətinin ehtiyat tədbirlər görməsi rəsmi Tehranın da ölkəmizə yönəlik addımlarında taktiki dəyişikliklər etməsinə səbəb olub. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, artıq Iran Azərbaycandakı maraqlarının təmsilçilərini birbaşa deyil, Rusiya vasitəsilə maliyyələşdirir. Həmçinin burada atılacaq addımların layihəsi də Rusiyada cızılır.
Bu, artıq Kremlin də Iranın Azərbaycana qarşı planlarında yer aldığını göstərir. “Rosbalt” Informasiya Agentliyində Azərbaycanla bağlı tədbir keçirilməsi buna nümunə ola bilər. Bu müəmmalı tədbirin təşkilatçılarının Iran və Rusiya olduğu bildirilir. Xüsusilə Iranın bu məsələdə canfəşanlıq göstərdiyi deyilir.  Bəs Tehranın ölkəmizlə bağlı planları nədən ibarətdir? Bu barədə ötən saylarımızda məlumat vermişik. Iran ilk növbədə “Eurovision 2012” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinə əngəl olmağa çalışır. Azərbaycan hökuməti də bundan xəbərsiz deyil. Bakı, hətta bu barədə narahatlığını da Iran rəsmilərinin diqqətinə çatdırıb. Tehran narahatlığa heç bir əsas olmadığını iddia etsə də, Azərbaycan hökumətinin Iranın ölkəmizdə hansısa təxribatlar törədəcəyi barədə şübhələri aradan qalxmayıb. Proseslər də göstərir ki, hökumətin Iran rəsmilərinə inanmaması əsassız deyil. Çünki həm “Rosbalt”dakı tədbir, həm də yenidən Iran tərəfdən Azərbaycanın ünvanına hədə dolu bəyanatların səsləndirilməsi göstərir ki, Tehran niyyətindən əl çəkməyib.
Elə dünən Iranın Atrapatakan əyalətinin ziyalıları, Təbrizin müəllim və tələbələri Azərbaycan hökumətinə ünvanlanan bəyanat hazırlayıblar. “Qafqazinfo”nun Iran KIV-nə istinadən verdiyi xəbərə görə, bəyanatda Azərbaycan prezidenti anti-islam fəaliyyətinə görə ittiham olunub. Iranın dini liderlərindən olan ayətullah Şeyx Hacı Nasir Məkarim Şirazi Azərbaycan hökumətinə müraciət edərək Azərbaycan xalqının belə bir vəziyyətə dözməyəcəyinə inandığını bildirib: “Biz əminik ki, Azərbaycan xalqı bu vəziyyətə dözməyəcək”.
Bəyanatda, həmçinin qeyd edilib ki, alimlərdən və dini liderlərdən əlavə Tehranda keçirilən “Azərbaycanda islami oyanış” adlı qurultayda iştirak edən 40-dan çox islam ölkəsi də Azərbaycanın anti-islam siyasətini pisləyiblər. Islam Əməkdaşlığı Təşkilatının üzvü olan bir ölkənin islami fəaliyyətə və hicab taxılmasına qadağa qoyması tənqid edilib.

S.Novruz