Ramil Səfərovun buraxılması üçün fövqəladə şans

İlham Əliyev onun buraxılmasını macar həmkarından xahiş edəcəkmi?

Hüquqşünaslar fərqli fikirdədir

Xəbər verildiyi kimi, Macarıstan prezidenti iki gün Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində iki dövlət arasında bəzi sazişlərin imzalancağı da gözlənilir. Qarşılıqlı ekstradisiya haqqında sazişin imzalanacağı da bu qəbildəndir. Prezidentlərin görüşü zamanı cəmiyyətin diqqətində olan bir məsələ barədə müzakirənin aparılması da mümkün ola bilər. Bu da Macarıstanda həbsdə olan Ramil Səfərovun Azərbaycana qaytarılmasıdır.
Bu barədə həmsöhbət olduğumuz şəxslərin fikirləri müxtəlif olduğu kimi, bir məqamda eyni idi – hamı Ramil Səfərovun tezliklə vətənə qaytarılmasını istəyir. Sözsüz ki, bu məsələnin ölkə başçısı səviyyəsində həllini tapması Azərbaycanın uzun müddətdən bəri mübarizə apardığı məqsədindən birinə çatması demək olardı.
Hüquqşünas Qurban Məmmədov söylədi ki, sözügedən məsələ prezident səviyyəsində qaldırıla bilər: “Azərbaycanın dövlət başçısı Macarıstan prezidenti qarşısında bu məsələni qaldıra bilər. Ramil Azərbaycan vətəndaşıdır, onun hüququ var ki, aldığı cəzanın qalanını öz dövlətində, vətənində çəkə bilsin. Bu da dövlət başçısı səviyyəsində reallaşdırıla bilər. Yaxşı olar ki, prezidentlərin görüşü ərəfəsi ziyalılar, mətbuat bu məsələni yada salaraq ictimai rəy formalaşdırsın”.
Ramilin atası Sahib Səfərov qəzetimizə açıqlamasında sözügedən məsələnin dövlətin nəzarətində olduğunu söylədi: “Mən bu məsələnin rəsmi gündəliyə salınması barədə dəqiq söz  deyə bilmərəm, çünki məlumatlı deyiləm. Dövlətin öz siyasəti, müəyyən məsələlərdə öz baxışları var. Ramilin Azərbaycana qaytarılması məsələsi, ola bilsin, ictimailəşdirilmədən prezidentlərin görüşü vaxtı müzakirəyə çıxarılsın. Bu məsələ, düşünürəm ki, ölkə başçısının nəzarətindədir və hansısa bir yolla həllini tapmasını arzulayıram”.
Vəkil Aslan Ismayılovun fikrincə, Ramil Səfərovun Azərbaycana verilməsi məsələsinə məhkəmə baxdığından onun bu qərarı qəbul edib-etməyəcəyini indidən demək çətindir: “Amma bu məsələnin gündəmə gələcəyinə əminəm”.
Vəkil Adil Ismayılovun qənaətincə isə, açıq danışıqlarda heç nə olmayacaq.

Nigar