Mehman Əliyevə prezident olmaq barədə sual verirlərsə…

Son günlər ziyalılardan çox söz salırıq. Onların dilə gəlməsindən, artıq susmaq istəməməsindən ürək dolusu danışırıq. Çünki onların susması yaxın tariximizin dəhşətli bir səhifəsidir. Onlar vardı, amma susurdular və sanki yox idilər. Indi isə onların səsinin gur gəlməsi tariximizin gözəl səhifələrindən ola bilər.

Amma susmayan ziyalılarımız da vardı. Onlardan biri də Mehman Əliyevdir. Mehman bəy siyasi iddiası olmayan bir insandır. Sadəcə jurnalistika ilə məşğul olmaq istəyirdi, lakin zaman özü onun üzərinə çox vəzifələr yüklədi. Prinsipal və vicdanlı adam kimi öndə getməyə məcbur oldu. Bəzən bütün vətəndaş cəmiyyətinin məsuliyyətini üzərinə götürdü. Azad mətbuatın simasına çevrildi.
Mehman Əliyevin yüksək keyfiyyətləri və insanlar arasında böyük etimad qazanması isə əsl fenomendir. Xüsusən də,  susmaması, həmişə ardıcıl mövqe qoyması, həmişə həqiqətdən yana olması, həmişə mübarizə meydanında olması onu bir media qurumu rəhbərindən ölkənin ən tanınmış ziyalılarından və ictimai xadimlərindən birinə çevirdi. Hətta o dərəcədə ki, tez-tez onun demokratik düşərgənin prezidentliyə vahid namizədi olması məsələsi gündəmə gəlir. Əvvəllər də səslənib bu fikir, indi də səslənir, danışılır.  Bu günlərdə AzadlıqRadiosunda onun özünə bu haqda sual veriblər  – çünki bir çox dinləyicilərin və oxucuların da ürəyindən belə bir sual keçir. Mehman bəy birbaşa iddia qoymasa da, ilk dəfə həmin suala “yox” deməyib. Cavab təxminən belədir ki, əgər ümumi mənafelərimiz bunu tələb edərsə, o prezident də olar.
Dəyərli oxucular, əsas məsələ Mehman bəyin prezidentliyə namizəd olacağı, yaxud prezident olacağında deyil. O bu ölkəni ləyaqətlə təmsil edə biləcək şəxsdir.  Lakin məsələ ondadır ki, artıq cəmiyyətimiz də yeni keyfiyyət dəyişikliyi baş verir. Azərbaycan hakimiyyəti bu iddianı da qapamışdı sanki. Bu haqda söhbət belə aparmaq olmurdu, hamı ümidsiz idi. Hətta müxalifət liderləri seçkiyə qatılmırdı. Artıq özləri ümidli və başqalarına ümid verən adamlar çıxır ortaya. Onlar arasında siyasətçilər də var, başqaları da. Zaman dəyişir…
Ikinci vacib məsələ ondadır ki, Azərbaycan hakimiyyəti həmişə demokratik düşərgəni bu məsələdə parçalayıb, ya da onun özünün bu məsələdə parçalanmasından faydalanıb. Amma indi situasiya fərqli səmtə gedə bilər. Yəqin ki, müxalif liderlər bu qədər baş verənlərdən sonra iddia davası aparmazlar. Heç Mehman bəy kimi nüfuzlu adamlar da bu məsələ də parçalanma yaradacaq addımlar getməz. O da demokratik düşərgənin vahid istəyi olmadan bu addımı atası deyil. Deməli, hamı belə edəcək. Hamı anlayacaq ki, belə etməmək mənəvi ölüm deməkdir. Artıq hamının bir nöqtəyə vurması məsələsi ürəklərə və əməllərə gəlməkdədir. Hamı düşünür ki, nə olsa, kim olsa, hamı bir yerdə eyni hədəfə doğru getsin, bir siyasətçininmi, qeyri-siyasətçininmi üzərində dayanılsın…
Ayrıca götürsək, Mehman Əliyev kimi adamlar həm namizəd olub demokratik düşərgənin birliyini qoruya bilər, həm də namizəd olmayaraq bunu edə bilər. Cəmiyyət görür ki, artıq birləşməyin də, iddiaları uzlaşdırmağın müxtəlif variantları var, məsələn, biri də elə Mehman Əliyev və yaxud başqası. Yalnız Fəzail Ağamalı kimiləri düşünməlidir ki, filankəsdən başqa prezidentliyə layiq namizəd yoxdur.
Təbii ki, bizim ölkəni idarə edə biləcək, layiqli prezident ola biləcək siyasətçilərimiz var. Lakin artıq anlayırıq ki, indiki dövrdə öz ayranından yapışmaq öz ayranına turş demək deyil, sadəcə uzlaşma hazırda çox vacibdir. Mehman Əliyevə prezidentlik olmaq barədə sual verirlərsə, deməli, cəmiyyətdə bu uzlaşmanın qayğısını, həmçinin uzlaşmamanın dərdini çəkirlər. Deməli, hər kəs düşüncəsində bunun üçün ən müxtəlif variantlara hazır olmalıdır. Uğur variantı kimi…
Heç mən özüm də bu yazıda yeni bir prezidentliyə namizəd axtarışına  – ayran sevdasına çıxmamışam. Sadəcə uzlaşmanın qarşıdakı dönəmdə daha asan olacağını güman etdim, bunu cəmiyyətimizin yeni uğuru saydım və bu məsələnin vacibliyini bir daha oxucularla bölüşdüm.