Gözəl Azərbaycan filmlərinin müəllifi…

«Görüş», «Uzaq sahillərdə», «Arşın mal alan», «Dədə-Qorqud»…

Azərbaycan kino sənətinin inkişafında özünəməxsus xidmətləri olan xalq artisti, rejissor Tofiq Tağızadənin adı mədəniyyət tariximizdə mühüm yer tutur. Onun adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz onlarca filmlərdən maraqlı epizodlar canlanır. Rejissor 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost” filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.
Tofiq Tağızadə 1909-cu il fevralın 7-də Bakıda anadan olmuşdur. Şəhər mühitində böyümüş gəncin uşaqlıqdan teatra, kinoya böyük həvəsi olub. Tanınmış kinoşünas Aydın Kazımzadə apardığı tədqiqatlar nəticəsində belə nəticəyə gəlib ki, Tofiq Tağızadədə kinoya marağı uşaqlıq illərində tamaşa etdiyi məşhur Çarli Çaplinin filmləri doğurub. Orta məktəbi bitirən kimi əvvəlcə energetika texnikumuna daxil olub, paralel musiqi məktəbində də oxuyub. Kinoya gələn yolları dolanbac döngələrdən keçib. 1938-ci ildə Azərbaycan Neft və Kimya Institutunun energetika fakültəsində oxuyub. Üçüncü kursda oxuyarkən Ikinci dünya müharibəsi başlayıb. Tofiq cəbhəyə göndərilib. Rostov yaxınlığında gedən döyüşlərin birində ağır yaralanaraq geri qaytarılıb. Nəhayət, müharibə başa çatıb. Bununla da, Tofiq Tağızadə arzusuna qovuşub. O, Moskvada ÜDKI-nin kinorejissorluq fakültəsinə qəbul olunub. O, burada məşhur kino xadimi və bilicilərindən dərs alıb. Tələbəlik illərində istedadlı gənclərlə bir yerdə çalışıb. Sonralar onların hər biri məşhur kinorejissor kimi nəinki öz ölkələrində, həm də dünyada tanınıblar. Bu gənclərin arasında Tağızadənin tələbə yoldaşı, sonralar məşhurlaşacaq rejissor Əcdər Ibrahimov da var idi. Bu gənclərin hər biri müharibənin ağrı-acılarını çəkmiş, onun dəhşətini yaxından hiss etmişdilər. Ona görə də, bir yerdə söhbət edərək fikirləşirdilər ki, hər kəs öz ölkəsinə qayıtdıqdan sonra mütləq müharibələri pisləyən filmlər çəksinlər.
Təhsil illəri başa çatdıqdan sonra Tofiq Tağızadəni “Mosfilm” kinostudiyasına göndərdilər. Bir müddət Moskvada çalışdıqdan sonra öz arzusu ilə doğma vətənə qayıdan və ömrünün sonuna kimi çalışdığı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazdı. Ilk filmi “Görüş” (1955) oldu. Bu, Tofiq Tağızadəyə böyük uğurlar gətirdi. Film Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan bəhs edirdi və onu iki ölkənin rejissoru ekranlaşdırmışdı. Bu debüt çox uğurlu alındı. Yəni gənc rejissorların qabiliyyəti üzə çıxdı.
Onun çəkdiyi filmlər Azərbaycan kinosunun ən nadir filmləri sayılır. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, bu gün lentə alınmış kinofilm olaraq tamaşaçılar tərəfindən qəbul olunur. Görkəmli rejissorun  çəkdiyi “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Flaminqo – qızıl qazdır”, “Dədə-Qorqud”, “Narlıq”, “Babamın babasının babası”, “Bağ mövsümü” və s. kinofilmləri onun yaradıcılıtında əsas yeri tutur.
Qırx illik yaradıcılıq ömrü
“Görüş” filmi ilə əbədi olaraq bu sənətə bağlanan Tofiq Tağızadə ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. O çəkdiyi filmlərdə professional kimi özünü təsdiqlədi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına əksini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.
Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar idi. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitiləsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinmirdi.
Tofiq Tağızadənin 1975-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında ekranlaşdırdığı “Dədə Qorqud” filmi Azərbaycan kino sənətinin dönüş nöqtəsi oldu. Vaxtilə bu dastanın hansı qadağalara, təzyiqlərə məruz qaldığı bəllidir. Bütün türk dünyasının şah abidəsi sayılan belə bir möhtəşəm epopeyanı filmə gətirmək asan məsələ deyildi. Tofiq Tağızadə ötən əsrin 30-cu illərinin repressiyasının şahidi olmuş sənətkarlardan biri idi. O çox gözəl bilirdi ki, milli təfəkkür və düşüncəyə, şüura bağlılıq bəzən şöhrət gətirsə də, sonda hansı ağır nəticələrlə yekunlaşa bilər. Tağızadənin bir rejissor kimi ən böyük xidməti ondan ibarət idi ki, o, heç nədən çəkinmədən, bəlkə də həyatını təhlükə altına qoyaraq ssenarisini xalq yazıçısı Anarın yazdığı “Dədə Qorqud” filmini xalqına ərməğan etdi. 40 ilə yaxındır ki, bu film tamaşaçı rəğbəti ilə seyr edilir. Buradakı vətən, millət, torpaq, ana sevgisi təkcə dastanın mənsub olduğu xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. Bəşəri duyğuları sənət əsərinə çevirib yaşatmaqsa müdriklikdir, əbədiyyətə qovuşacaq mənəvi ömür tapmaqdır.
“Mən ki gözəl deyildim” filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır. Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb.
“Azərbaycan bəyləri Cıdır düzündə at çapanda…”
Tofiq Tağızadə Moskvada rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində bizim xalqın ruhu duyulur. “Yeddi oğul istərəm” filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön verib. Gəray bəyin, Bəxtiyarın obrazlarını çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri açıqlayır. Insanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır.
“Yeddi oğul istərəm” filmi ilə bağlı Moskvada gedən qızğın müzakirələrdə əksəriyyət quruluşçu rejissor Tofiq Tağızadənin öz filminin bəzi epizodlarını Hollivudun məşhur “Möhtəşəm yeddilik” filminə bənzətdiyini deyir və onu qınayırdı. Belə ittihamlara Tağızadənin cavabı belə olub: “Azərbaycan bəyləri Cıdır düzündə at çapanda Kolumb hələ heç Amerikanı açmamışdı…”.
“Bağ mövsümü” isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir.
“O dünyadan salam” filmi də onun son vaxtlar lentə aldığı əsərlərindəndir. Əsasında böyük Mirzə Cəlilin “Ölülər” tragikomediyası dayanan bu kinolent bizə tanış mövzudur. Lakin rejissor tanış motivləri müasirləşdirir və bu günümüzün hadisələri ilə bağlayır.
Tofiq Tağızadə zahirən sakit insan təsiri bağışlasa da daxilindəki emosionallıq, daimi narahatlıq onun belə filmləri ərsəyə gətirməsinə səbəb olmuşdur. Rejissor üçün sənət meydanında hər şey arxa plana keçir, böyük sənət yaratmaq amalı hisslərini qabardırdı. Həddindən artıq işgüzar olan Tağızadə qaynar iş günündə elə yaradıcı kollektivi də öz axarına salmaq iqtidarına malik idi. O, diqqəti, qətiyyəti, tələbkarlığı, sənət meyarı baxımından obrazı düzgün seçməsi və onların hər birinin yaratdığı rolun təsirinə düşərək yaşatmaq bacarığı olduğundan belə sənət əsərlərinin ərsəyə gəlməsinə nail olmuşdur…
Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib. Kinematoqrafçılar Ittifaqında katib vəzifəsində işləyib. Dəfələrlə Azərbaycanın və keçmiş Sovetlər birliyinin deputatı kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.
Ömrünün son illərində xüsusi studiya yaratmışdı. Işləmək istəyirdi, lakin amansız ölüm onu aramızdan tez apardı. 27 avqust 1998-ci ildə görkəmli rejissor həyatla vidalaşdı…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir