İctimai Palatadan Ziyalılar Forumuna dəstək

Bu ay ərzində IP ölkənin taleyi ilə bağlı mühüm tədbirlər keçirəcək

 

Dünən Ictimai Palatanın Koordinasiya Şurasının toplantısında bir sıra mühüm qərarlar qəbul olunub. IP-nin planlaşdırdığı tədbirlər barədə qəzetimizə məlumatı AXCP sədri Əli Kərimli verib.
Bu ay üçün artıq dörd mühüm tədbirin gününü təyin etdiklərini deyən Ə.Kərimli qeyd etdi ki, birinci tədbir 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı keçiriləcək konfrans olacaq. IP-nin ikinci tədbirinin noyabrın 18-nə təsadüf edəcəyini deyən Ə.Kərimli bildirdi ki, Bakı şəhərində, ümumilikdə respublikada mülkiyyət hüququna qarşı atılan addımlar, əvəzi ödənilmədən sökülən evlər, obyektlərlə bağlı məsələlər ictimai müzakirəyə çıxarılacaq. Bu ictimai müzakirədə məruzəçi kimi Leyla Yunus çıxış edəcək. Noyabrın 22-də IP “Azərbaycanın Avrointeqrasiyada yeri” mövzusunda müzakirə təşkil edəcək. Bu müzakirələrdə Azərbaycanın Şərq Tərəfdaşlığında ləng və könülsüz iştirakına, assosiasiya müqaviləsinin imzalanmasının ləngidilməsinə və  Avrointeqrasiyanın cəmiyyət üçün nəticələrinə toxunulacaq. Bu müzakirələrdə isə məruzəçi Leyla Əliyeva olacaq.
Noyabrın 24-də isə IP “Neft gəlirləri”ni ictimai müzakirəyə çıxaracaq. Neft gəlirlərinin xərclənməsindəki qeyri-şəffaflığın IP-ni narahat etdiyini deyən Ə.Kərimli vurğuladı ki, bu mövzu ilə bağlı IP-nin Korrupsiya ilə Mübarizə Komissiyasının sədri Mirvari Qəhrəmanlı və Iqtisadiyyat Komissiyasının sədri Qubad Ibadoğlunun məruzələri dinləniləcək.
Ə.Kərimli bildirdi ki, IP bundan başqa bu ay ərzində Avropa Məhkəməsinin qərarlarının Azərbaycana təsiri və məhkəmə sistemimizin vəziyyətini də müzakirə etmək fikrindədir. Ə.Kərimlinin sözlərinə görə, bununla bağlı məsləhətləşmələr də başa çatdıqdan sonra tədbirin günü açıqlanacaq. Ümumiyyətlə, IP-nin öz fəaliyyətini intensivləşdirmək qərarına gəlindiyini deyən Ə.Kərimli vurğuladı ki, son həftədə IP-nin Biləsuvarda, Şirvanda, Bərdədə yerli təşkilatları təsis olunub: “Bundan sonra da Ictimai Palatanın fəaliyyətinin sürətləndirilməsi, yerli təşkilatların təsisi və komissiyaların işinin gücləndirilməsi məqsədi ilə bu həftə yenidən toplaşmaq qərarına gəlmişik. Növbədənkənar toplantı zamanı biz Ictimai Palatanın işinin səmərəliliyinin artırılması ilə bağlı mövcud olan təkliflərin müzakirəsini davam etdirəcəyik”.
Dünən KŞ-nin eyni zamanda Ziyalılar Forumunun son toplantısını da müzakirəyə çıxardığını deyən AXCP sədri vurğuladı ki, IP Azərbaycan ziyalılarının ictimai-siyasi proseslərdə aktiv iştirakını alqışlayır: “Azərbaycan ziyalılarının ölkədə mövcud olan vəziyyətlə bağlı tənqidi fikirlərini açıq ifadə etməsini təqdir edirik. Hər bir Azərbaycan ziyalısını, vətəndaşını ictimai-siyasi proseslərdə aktiv iştiraka dəvət edirik. Koordinasiya Şurası akademik Rafiq Əliyevin Ziyalılar Forumunun toplantısındakı fəaliyyətindən sonra işdən çıxarılmasına etiraz edir. Ictimai Palata hesab edir ki, Rafiq Əliyevin işdən çıxarılması rejimin mahiyyətinin növbəti dəfə ifadə olunması, rejimin ziyalı sözündən ehtiyatlandığının göstəricisidir. Bu addım ona görə atılıb ki, başqa ziyalıların aktiv mövqe bildirməsinin qarşısı alınsın. Ziyalılarda özünə senzura güclənsin. Rejimin bu addımını pisləməklə ziyalılara müraciət edirik ki, onlar bundan sonra daha aktiv mövqe tutmalıdırlar. Rafiq Əliyevə də bundan sonra ictimai dəstək artmalıdır”.

 

Informasiya şöbəsi