“Bu eybəcərlikləri gördüyümə görə özümə nifrət edirəm”

Bunlar «Xural»ın üstünə gəldikləri kimi ermənilərin üstünə getsəydilər, Qarabağı azad edərdilər

Nurəddin Xoca: «Ilham Əliyevin Əvəz Zeynallını həbs etmək göstərişini icra edənlər özlərini itiriblər»

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən sonra redaksiya əməkdaşlarına qarşı da müxtəlif təzyiqlər həyata keçirilir. Qəzetin əməkdaşı Kamran Zamanov dövlət nömrə nişanı olmayan, ön şüşəsində dövlət gerbi əks olunmuş, metal rəngli “Mercedes” avtomobili ilə təhdid edildi, “102” xidmətinə məlumat verilməsinə baxmayaraq, hələ də heç bir tədbir görülməyib.
Qəzetin redaktoru Nurəddin Xoca isə daha ciddi təhdidlərlə üz-üzədir. Ə.Zeynallının həbsindən dərhal sonra onun “Oka” markalı avtomobilini Fəhlə prospektində “Kamaz”la vurub aradan çıxdılar. Üç gün öncə isə yolun kənarında saxladığı maşını naməlum şəxslərin hücumuna məruz qaldı. Ön hissənin üstünə çıxaraq təpiklə əzən və şüşəni sındıran şəxslər, nəhayət, dünən “üzə” çıxdılar. N.Xocanın evinə zəng edən naməlum şəxs “sənə nə qədər xəbərdarlıq etməliyik? Çəkil bu yoldan!” deyə növbəti təhdidini yapdı. Əlbəttə ki, yenə də hüquq-mühafizə orqanlarından heç bir hərəkət yoxdur.
Baş verənlərlə bağlı Nurəddin Xoca ilə söhbətləşdik.

– Nurəddin bəy, nələr olur və bunun səbəbi nədir?
– Olanlardan məlumatınız var, səbəbi isə odur ki, hakimiyyət “Xural”ı və Əvəz Zeynallını susdurmaq üçün bütün qanunsuz vasitələrə əl atır. Ramiz Mehdiyevlə məhkəmələrimiz hamının yadındadır. Bu məhkəmələr gah sürətlənir, gah da süstləşirdi. Lakin “Xural”ın azad söz prinsipini qoruması və üstəlik, gündəliyə keçməsi hakimiyyəti hərəkətə gətirdi. Əvvəlcə, Lənkəran olayları baş verdi. Əslində bu, “Xural”a qarşı hakimiyyətin ən yuxarı dairəsindən verilən hücum kampaniyasının ilk siqnalı idi. Aydın Canıyev şərlənib həbs edildi və “Xural” qəzetinin əleyhinə təbliğat başladı. Sonra Mətbuat Şurasına “Xural” qəzetini reket elan etmək tapşırığı verildi və təbii ki, MŞ bu tapşırığı icra etdi. Bütün bunlar Əvəzin həbsinə hazırlıq prosesi idi, həbsdən öncə ictimai və beynəlxalq rəydə “Xural”ın reket imicini formalaşdırmağa cəhd edirdilər.
Ancaq bu “profilaktik tədbirlər” əks effekt verdi, hörülən tor cəmi 3 günə sabun köpüyü kimi partladı. Bundan sonra isə zorakılıq başlandı…

– Qəzetin əmlakının müsadirəsi, “Xural”ın nəşrinə qadağalar…
– Bəli. Oktyabrın 19-da bütün texniki avadanlıqlarımız müsadirə olundu, oktyabrın 20-də isə mətbəələrə “Xural” qəzetini çap etməməklə bağlı tapşırıq verildi. Əvəz Zeynallının qardaşı Rauf və dayısı oğlu Rəşad illərlə işlədikləri polis orqanlarından xaric olundular.

– Gülər Əhmədova ilə Əvəz Zeynallı arasında vasitəçilər sırasında sizin də adınız keçir. Bu barədə nə deyə bilərsiniz?
– Hadisə bilirsizmi necə olub? Gülər Əhmədova Nigar Almanqızını “Mərkəz” qəzetində işdən qovdu. Hər ikisi bir-birindən olmazın sözlər danışır, əllərində faktlar olduğunu, hətta şəkillər, videoçəkilişlər olduğunu deyirdilər. Bu arada “Mərkəz” qəzetinin işdən çıxmış kollektivi bizimlə görüşüb informasiya dəstəyi istədilər. Nigar Türkiyəyə gedirdi, geniş müsahibə göndərəcəyini deyib, Əvəzə “Xural”da anons verdirdi. Müsahibə çap olunmasın deyə, Gülər xanım Əvəzlə dəfələrlə görüşmək istəyirdi, Əvəz isə telefonu qaldırmırdı. Gülər xanım çox adamdan xahiş elətdirdi ki, Əvəz onun telefonunu qaldırsın və onu qəbul etsin. Birinci dəfə mənə zəng edəndə xahiş etdi ki, Əvəzə deyim, müsahibəni dərc eləməsin. Mən Əvəzə dedim. Əvəz dedi ki, o müsahibə gələn kimi çapa gedəcək. Gülər xanım ikinci dəfə mənə zəng edib dedi ki, mən Əvəzə maşınımı verərəm, qızılımı verərəm, daha nə verərəm, de, məni qəbul eləsin. Doğrusu, şoka düşdüm. Dedim, Gülər xanım, ayıbdır, mən bilmirəm nə olub, amma Əvəz elə kişi deyil, burada nə isə səhv var. Əvəzlə danışdım, dedim, bu nə məsələdir? Əvəz dedi ki, Xoca, mənə də eyni sözlərlə mesaj yazıb, ya onun başı xarab olub, ya da bu, böyük bir provokasiyadır, ehtiyatlı ol! Əvəz dedi ki, Rauf da (Rauf Arifoğlu – R.D.) zəng edib, Gülərlə görüşəcəyəm. Görüşəndən sonra Əvəz dedi ki, hiss elədim, Gülər səsimi yazmaq, məni şantaj etmək üçün gəlib, heç nə demədim, özü danışdı, çıxıb getdi.
Sonra Gülər xanım görüb ki, Əvəzdən bir şey çıxmır, müsahibə gəlsə çap edəcək, Nigarla əlaqəyə girib, onunla razılaşıb. Çünki Nigarın müsahibəsi gələndə Əvəz çox əsəbiləşdi. Müsahibədə Nigar yalnız ümumi şeylər danışmışdı. Bununla da hər şey qurtardı. Amma üstündən iki ay keçəndən sonra Gülər xanım şikayət edir! Oktyabrın 19-da! Oktyabrın 19-da bizim əmlakımızı müsadirə edirlər, biz isə hər şeyə rəğmən yenidən çap olunuruq. Bu tarixdə də Gülər xanım şikayət edir. Ortaya suallar çıxır: Nədən 2 aydan sonra şikayət olunur? Əgər Əvəz Zeynallı pul almaq istəyirdisə, Gülər Əhmədovadan niyə qaçırdı? Axı, məntiqlə o, Gülər Əhmədovanı qəbul edib, ondan istədiyini almalı idi. Niyə Əvəz gözləyirdi ki, bütün aləm ona zəng etsin? Yəni hamı bilsin ki, o, pul alır? Əvəz pul alan olsaydı, onu rüşvətlə tutmaq daha asan olmazdımı? Birinə pul verib göndərəydilər Əvəzin yanına və cinayət üstündə yaxalayaydılar. Bu, mümkün olmadığı üçün Gülər Əhmədovanı şərçi kimi ortaya atdılar.

– Prokurorluğun açıqlamalarından görünür ki, yeni-yeni motivlər əlavə olunur, Əvəz Zeynallının üzünə yenə adamlar durur?
– Biri Sabir Tarnıverdiyevdir. Güya 5 il qabaq pul verib, özü də həftədə 100 manat, Yevlax rayonunun icra başçısına görə. Vallah, ayıbdır belə üzəduranlıq. Əgər Sabir Tanrıverdiyevdən pul alırdıqsa, niyə ondan sərt yazılar verirdik, onu tənqid edirdik? Qaldı onun qohum-əqrəbası, bu artıq heç gülməli deyil. Biri istintaqda Əvəzin üzünə durmaqdan imtina edir, biri deyir, görmüşəm, amma verməmişəm… Qohumunu, kirvəsini gətiriblər ki, Əvəzin üzünə dursun ki, pul vermişəm. Bəlkə, anasını, qardaşını da gətirsinlər ki, tələbə vaxtı Əvəzin pulu qurtaranda ailəsindən pul istəyib? Belə biabırçı istintaq olar?

– Sizə qarşı təzyiqlər də var. Nə düşünürsünüz, nə etmək istəyirsiniz?
– Bilirsiniz, mənim 54 yaşım var. Milli Azadlıq Hərəkatının fəal üzvlərindənəm, 1-ci Qarabağ savaşının iştirakçısıyam. Dəfələrlə ölümü görmüşəm. Onda erməni, rusla vuruşurdum. Indi isə kiçik qardaşımın haqq işi uğrunda vuruşuram. Bəli, artıq savaşdır. Iki dəfə maşınım vurulub. Evimə zəng ediblər, guya, məni qorxudurlar. Hərdən fikirləşirəm ki, görəsən, o boyda ölumlərdən keçib, bunları görməyə dəyərdimi? Elə bil, mən bu vətənin yolunda yarımcan olmamışam. Elə bil, biz milli düşmənlərik. Erməni ilə bu cür savaşsaydılar, Qarabağ çoxdan azad olunardı. Mən hərdən bu boyda qanunsuzluqları görəndə Azərbaycan vətəndaşı olduğumdan utanıram. Hərdən isə diri qaldığım üçün özümə nifrət edirəm.

Ramin DEKO