Filim Bolopion: «Azərbaycan insan haqlarının vəziyyətini yaxşılaşdırmalı, siyasi məhbusları azad etməlidir»
Human Rights Watch təşkilatının BMT-dəki nümayəndəsi Filim Bolopion hesab edir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi insan hüquqlarının vəziyyətini yaxşılaşdırmalıdır. “Söhbət böhtana görə cəzanın dekriminallaşmasından, siyasi məhbusların azad edilməsindən, toplaşma və assosiasiya azadlığının təminatından, həmçinin ifadə və dini azadlıqlardan gedir”.
“Azərbaycan Təhlükəsizlik Şurasında hansı problemlərlə üzləşə bilər” sualının cavabında Bolopion deyib ki, Azərbaycan dünyada insan hüquqlarının pozulması kimi çətin məsələ ilə bağlı fikrini söyləməlidir, ən əsası insan hüquqlarının pozulması nəticəsində qurbanların müdafiəsinə səs verməlidir.
O qeyd edib ki, bir çox ölkələr BMT TŞ-də üzvlüyə öz statusunu artırmaq və qlobal məsələlərdə daha mühüm rol oynamaq imkanlarının yaranması kimi baxırlar.
“Lakin yaddan çıxarmaq lazım deyil ki, TŞ üzvlüyü daha böyük məsuliyyət deməkdir ki, bura da ümumbəşəri dəyərlərin qorunması və təhlükə altında olan xalqların müdafiəsi daxildir”, – deyə o vurğulayıb.
Azərbaycanın beynəlxalq arenada Qərbin dəstəyini qazanmaq üçün hər şeyi etməsi, lakin bunun baş verməməsi ilə bağlı rəsmi Bakının şikayətini şərh edən ekspert deyib ki, Azərbaycan Qərbin dəstəyini axtarmağı azaltmalı, öz xalqına dəstək barədə düşünməlidir. Insanların hüquqlarının təminatı nəinki hakimiyyətin imicini yaxşılaşdıracaq, eyni zamanda sıravi vətəndaşların həyatında xeyli tərəqqi olacaq (Turan).