Rahim Hacıyev: «Bu siyasət uzun illər Islam faktorunu istismar edən diktatorlara çox ağır zərbədir»
ABŞ dövlət katibi Hillari Klinton “müsəlmanların demokratik rejimdə yaşaya bilməyəcəyi iddiaları təhlükəli və səhvdir” bəyanatı ilə Ağ evin “Islam təhlükəsi” kartını diktatorların əlindən aldı. Klinton Vaşinqtonun Islam mənşəli partiyalarla əməkdaşlığa hazır olduğunu deməklə Birləşmiş Ştatların bu rejimlərə mesajını çatdırmış oldu. Belə ki, bu vaxta qədər bir çox avtoritar rejimlər Islam faktorundan Qərbə təzyiq kimi istifadə edirdilər. Məsələn, Hüsnü Mübarək uzun illər islamçıları özünə müxalif qüvvə kimi saxlamış və bu yolla Qərbə göstərməyə çalışmışdı ki, onu devirsələr, ABŞ radikal bir qruplaşma ilə üz-üzə qalmalı olacaq. Bu üsul o qədər populyarlaşmışdı ki, sonradan bir çox oxşar rejimlər Mübarəkin yoluyla getmişdilər. Bunu “WikiLeaks”in açıqladığı məxfi sənədlər də ortaya qoyur. Klintonun məlum açıqlaması isə bu metodun tarixin arxivinə getdiyinin və bundan sonra işə yaramayacağının işarəsi idi.
Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, ABŞ ərəb inqilabları dövründə müsəlman dünyası ilə bağlı siyasətində fərqli prinsipləri rəhbər tutmağa başladı: “Əgər bir neçə il əvvəl ABŞ-da Islam fundamentalizmi və onunla mübarizə haqqında çox danışırdılarsa, ərəb inqilabları dövründə bu siyasətin dəyişdiyinin şahidi olduq. Görünür, ABŞ-da belə qənaətə gəliblər ki, islamçı kimi tanınanların hamısını terrorla əlaqələndirmək olmaz və daha yaxşısı onlarla əməkdaşlıq qurmaqdır. Bu, ABŞ-ın müsəlman dünyası ilə münasibətlərində yumşalmalara gətirib çıxara bilər. Əməkdaşlığa cəhd etmək və normal əlaqələr qurmağa səy göstərməklə hər iki tərəf arasında münasibətlərin yumşaldılması dünyada mövcud olan bəzi problemlərin də həllinə səbəb ola bilər. ABŞ Tunisdə islamçıların qələbəsinə o qədər də sərt təpki vermədi. Hiss olundu ki, ABŞ islamçıların demokratik yolla hakimiyyətə gəlməsinə pis baxmır. Dialoq yolu ilə müsəlman dünyası ilə münasibət qurmaq istəyir”.
R.Hacıyev deyir ki, ABŞ-ın bu siyasəti uzun illər ərzində Islam faktorunu istismar edən diktatorlara çox ağır zərbədir: “Bununla ABŞ göstərdi ki, onlar praqmatik və rasional düşüncəli adamlar kimi ən müxtəlif mövqelərdə dayanan şəxslər və partiyalarla da əməkdaşlıq qura bilərlər. Hətta mövcud və bundan sonrakı problemləri onların iştirakı ilə həll etməkdən belə, çəkinmirlər”.
Gültəkin


