Parisdəki iclasda Ştrasserin siyasi məhbuslarla bağlı çıxışı olacaq
Noyabrın 16-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) insan hüquqları və hüquq məsələləri komitəsinin iclası keçiriləcək. Iclasın gündəliyinə Azərbaycandakı siyasi məhbus problemi də salınıb. Məsələ ilə bağlı AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser çıxış edəcək. Iclasda tədbirdə ekspert qismində dəvət olunmuş “Insan Haqları Uğrunda” Ictimai Birliyin sədri Eynulla Fətullayevin də çıxışı gözlənir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, təmsil olunduğu Hüqüq Müdafiə Təşkilatlarının Monitorinq Qrupundan AŞPA-nın iclasına dəvət olunan yoxdur. Qrup üzvləri AŞPA-ya yanvar sessiyasında gedəcəklər. Hüquq müdafiəçilərindən həmin iclasda Eldar Zeynalov iştirak edəcək”.
Lakin N.Cəfəroğlu hesab edir ki, yanvar sessiyasına qədər Azərbaycanda siyasi məhbus problemi həllini tapacaq: “Ştrasserin məruzəsi heç nəyi dəyişə bilməz. Çünki o, Azərbaycana gəlməyib, buradakı vəziyyəti bilmir. Ola bilsin ki, o bizim və digər hüquq-müdafiə təşkilatlarının hesabatlarına istinad edəcək. Amma bu, problemlə bağlı real təsəvvür yarada bilməz. Biz hesab edirik ki, dekabra qədər bu problem həllini tapacaq”.
“Mediaforum”un məlumatına görə, 2011-ci ildə Azərbaycanda 35 ictimai-siyasi fəal və onlara yaxın şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri 2011-ci ildə məhkum olunanların bir qisminin – gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi Isgəndərli, 2 aprel aksiyasına görə tutulan şəxslərin siyasi motivlərlə həbs olunduğunu bəyan edir. 2011-ci ilə qədər adı Monitorinq Qrupunun siyasi məhbus siyahısında olanlardan “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, sabiq səhiyyə naziri Əli Insanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, iş adamı Rafiq Əliyev, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandirlərindən olmuş Dəyanət Kərimov, iş adamı Şəmsi Səmədzadə, AXCP üzvü Tapdıq Namazov, sabiq XTPD-çilər Şəmsi Abdullayev, Nizami Şahmuradov, Iranla əlaqəyə görə tutulmuş Telman Ismayilov və XTPD işinə görə həbs olunmuş Mehman Məmmədov hələ də həbsdədirlər.
Gültəkin