Ziyalılar davam edəcəkmi?

Tanınmış alim Rafiq Əliyevin işdən çıxarılması xeyli suallar ortaya qoydu. Əgər dünənəcən susan, bəlkə də susub gözləyən ziyalılar hərəkətə keçibsə, deməli, ölkədə vəziyyət artıq dözülməz hala gəlib. Amma bu sadə reallıq əvvəldən də səslənirdi. Odur ki, sualı bir az başqa şəkildə ifadə etmək olar…

Əgər dünənəcən susan ziyalılar danışmağa başlayırsa, ölkədə yeni mərhələ başlayıbmı? Bəzən deyirlər ki, bu yeni mərhələ çoxdan başlayıb, ziyalıların ayağa qalxması da bu mərhələyə daxil olan bir prosesdir. Razılaşmamaq olmaz. Amma bütün hallarda ölkədə yeni mərhələ başlayıb.
Digər tərəfdən, biz nəyi qoyub, nəyi axtarırıq, nəinki Azərbaycanda, bütün dünyada yeni dönəm başlayıb. Hətta yeni tarix başlayıb. Dünyanın elə ölkələrində inqilabi dəyişikliklər baş verib ki, istədin, ya istəmədin, bu, bütün dünyaya öz təsirini göstərir. “Dünyaya təsirini göstərir” demək də baş verənləri tamam düzgün ifadə etmir, dünya təsirlənməkdən daha çox, yeni dünyaya çevrilib. Yeni paradiqmalar yaranır. Elə cəmiyyətlər azadlıq əldə edir, elə rejimlər yıxılır ki, başqaları bunu etməyə bilməz. Başqaları bu hadisələrlə öz gələcəklərinə tükənməz inam mənbəyi əldə etdilər, öz gələcəklərini gördülər, bütövlükdə dünyanın gələcəyini təsəvvür etdilər…
Amma bizim hakimiyyət Ictimai Palatanın elan etdiyi mitinqlərin qarşısını zor gücü ilə aldıqdan sonra elə sandı ki, təhlükə sovuşdu. Hətta başladıqları bəzi dəyişiklikləri də dayandırdı. Korrupsiyaya qarşı mübarizə də bitdi. Yumurta da yenidən bahalaşdı. Fəqət zaman keçir və indi bəlli olur ki, yox, heç nə sovuşmayıb. Cəmiyyət dəyişiklik istəyindən vaz keçmir.
Ziyalıların fəallaşması, “daha susmaq olmaz” deməsi, “biz uçuruma gedirik” deyə haray çəkməsi isə bir daha sübut etdi ki, yeni mərhələ qapıda dayanıb. Ondan yan ötmək mümkün olmayacaq. Hər zaman yeni-yeni haray ocaqları yaranacaq, yeni-yeni etiraz ocaqları alovlanacaq və bu proses güclü hakimiyyətin xarizmasını və dayaqlarını yox edəcək. Artıq mərkəzdənqaçma kimi bir proses başlayıb. Hakimiyyətin dayağı və beşinci təkəri kimi baxdığı bir kəsim artıq ona qarşı çıxır. Rafiq müəllimin işdən çıxarılması hakimiyyətin özünün də bu prosesi etiraf etməsidir.
Indi mənə sual verirlər ki, bu ziyalılar axıracan gedəcəklərmi?! Onlar mövqelərini dəyişməyəcək ki?! Şəxsən mən böyük ümidlə baxıram və inanıram ki, onlar başladıqları yola xəyanət etməyəcəklər. Onların özləri də anlayır ki, bunun əksi mənəvi ölümdür. Hiss edilir ki, Azərbaycan cəmiyyəti tanınmış ziyalıların səsini qaldırmasına çox sevinib. Inanırıq ki, onlar susmayacaq. Əksinə, bu olay başqalarını da cəsarətləndirəcək. Başqaları da anlayacaq ki, batan gəmi ilə mənən boğulmaq olmaz. Indi susmaq olar? Indi doğrudan da səsini qaldırmaq vaxtıdır.
Azərbaycan hakimiyyəti də anlamalıdır: kimlərisə sıxışdırmaqla bu ölkənin Azadlıq istəyini boğmaq mümkün olmayacaq. Dünən heç kimin tanımadığı tələbə Cabbar Savalanlını tutanda bilmirdiniz ki, sabah çox məşhur alimlər onun müdafiəsinə qalxıb yeni etiraz dalğası yarada bilərlər?! Professoru işdən çıxaranda da bilmirsiniz ki, özgə kimlər onun müdafiəsinə qalxacaq…
Istənilən rejimi güclü göstərən onun topluma aşıladığı qorxudur. Amma bu qorxu ani şəkildə dağıla bilir. Bu isə qorxunun özünün təbiətindən irəli gəlir. O, belə bir şeydir: onu özünə yaxına buraxanda milçək də adamın gözündə filə dönür, onun üstünə gedəndə isə sən fili milçəyə çevirə bilirsən. Bu səbəbdən də, qorxu itəndə onun zəiflətdiyi cəmiyyət qat-qat güclü bir qüvvəyə çevrilir. Elə bu proses başlayıb artıq.