Türkiyə yolçuluğu

Naxçıvanda İlham Əliyev adına obyektlər

Türkiyə gömrüyünün bərbad durumu…

Natiq Güləhmədoğlu

Bizim ellərdə insanların belə xasiyyəti var: AzTV-də ABŞ haqqında ixtiyari epizodik xəbəri dinləyən birisi amerikaşünas alimlə Birləşmiş Ştatların xarici siyasətindən mübahisə etməyə özündə cəsarət tapır. Ana təbiət bizimkilərə xırda bir xəbərdən qlobal nəticə çıxarmaq qabiliyyəti verməkdə xəsislik etməyib. Özümü camaatımızdan ayırmaq fikrim yoxdur, ona görə də istəyirəm ki, 3 günlük Türkiyə səfərimdə görüb müşahidə etdiklərimi oxucularımızla bölüşüm. Ancaq müəllif bəri başdan xəbərdarlıq etməyi özünə borc bilir. Bu məqalə bəzilərinin sevərək işlətdiyi, “Türkiyə olduğu kimi…” təqdimatına uyğun deyil. Müəllif ancaq onun görüb-bildiklərinin həqiqət olduğuna qətiyyən iddia etmir.

Bizi ucuzluq qarşılayır

Türkiyəyə yolum Naxçıvan üzərindən keçməklə baş tutdu. Az qala, beynimizdə “nağıllar aləmi” kimi təəssüratı olan “kiçik torpağa” qədəm qoyub da, buradan nəsə yazmasam, namərdlik olardı.
Yaxşı xatırlayıram, iki il əvvəl xaricə səfər etmək üçün ilk dəfə Binə hava limanına daxil olanda “facebook”da yazdığım ilk status oradakı qiymətlərin od tutub yanmasıyla bağlı olmuşdu. Binə hava limanından Naxçıvan hava limanına enib buradakı qiymətlərlə maraqlanmaq insana ruhi rahatlıq gətirir. Naxçıvan aeroportu iaşə xidmətləri və mağazalarındakı qiymətlərin ucuzluğuna görə Bakı, Paris və Kiyevdə olduğum aeroportları qat-qat geridə buraxır. Nümunə üçün bir detal: Siz burdakı hava limanında kafedə çox səliqəli mühitdə 3 manata kifayət qədər keyfiyyətli piti yeyə bilərsiniz. Ürəyiniz istəsə, 1 manat da əlavə xərcləyib, bir çaynik də çay içərsiniz. Lakin hava limanındakı kafenin menüsündə olan bir anlaşılmazlığı nə ofisiant mənə izah edə bildi, nə də başqaları. 3 manata piti verilən yerdə Bakıda 20 qəpiyə təklif edilən kələm tutmasının qiyməti 1 manatdır.

Krossvord qəzetlərinin çiçəklənməsi…

Naxçıvan hava limanında qəzet köşkünü görəndə əzizini tapmış adam kimi onun üzərinə cumdum. Ancaq həyəcanlanmağa dəyməzmiş, burda “Azadlıq” qəzetini tapmaq Marsda su tapmaq qədər müşkül məsələdir. Səbəb sadədir – bu köşklərdə müxalifət qəzetləri satılmır! Eyni vəziyyəti Naxçıvan avtovağzalında da təkrar yaşadım. Qəzet köşklərində krossvord qəzetlərinin bolluğu və çox çeşidliliyi diqqətimi çəkdi. Əvvəl düşündüm ki, əcəba, Naxçıvan əhalisinin qarşısında həyat azmı sual qoyub ki, onlar hələ əlavə krossvord sualları ilə də başlarını yorurlar? Amma sonradan öyrəndim ki, krossvord qəzetlərinin “kiçik torpaq”da intibah yaşamasının özəl səbəbi var. Bu qəzetlər uzun Türkiyə yolçuluğuna çıxanlara məşğuliyyət üçün lazımdır.

Heydərizmdən Ilhamizmə keçid

Bilmirəm, bizim getdiyimiz yol fərqli idi, ya necə… Təəccüblənəcəksiz, aeroportdan Naxçıvan gömrük məntəqəsinə qədər getdiyim yol boyu siyasi “revanşı” bu torpaqlarda edən “dahi rəhbərin” bir dənə də olsun, nə portretini gördüm, nə də müdrik kəlamını oxudum. “Heydər Əliyev” simvollarından kasıblıq heç ürəyimi açmadı. Çünki mən burada şəxsiyyətə pərəstişin daha qorxulu və yeni variantını gördüm. Yol kənarında bizi atəşin salamlarıyla qarşılayan “Ilham Əliyev adına Idman Olimpiya Kompleksi”ni görəndə barmağımı dişlədim. Deyirlər ki, Naxçıvan avtoritarizmin laborotoriyasıdır, xalqı əzmək və kütləşdirmək üçün burada uğurla sınaqdan çıxan təcrübələr sonradan bütün ölkədə tətbiq olunur. Deməli, bizi yaxın dövrlərdə Bakıda və başqa yerlərdə Ilham Əliyev adına körpülər, saraylar, prospektlər  gözləyir.

Naxçıvan avtoritarizmi sürücülərin dili ilə…

“Dəxli yoxdur, dədən ölüb, ya nənən – hər gün üzünü qırxmalısan. Heç əsgərlikdə də belə şey görməmişdim” – Naxçıvanda taksi sürücüsü inzibati qaydada hər gün üzlərinin təraş etdirilməsindən gileyləndi. Ondan soruşuram ki, bəlkə biri dindardır, o da saqqal saxlayıb, sürücülük edə bilməz? “Əlbəttə, o yan, bu yan eləyəcək, vəhhabi kimi basacaqlar dama, gedəcək işinin dalınca”, – deyə sürücü soyuqqanlılıqla cavab verir.
Naxçıvanda sürücülərə ciddi bürokratik imic yaradan daha bir göstəriş var. Onlar hər gün kostyum geyinməli, qalstuk taxmalıdırlar.

Sürücüdən şikayət etmək olar, məmurlardan yox…

Burada taksi xidməti üçün vahid qiymət siyasəti də müəyyənləşdirilib. Sürücülərin məlumatına görə, şəhər daxilində bir manatdan artıq kimdənsə pul alsalar və həmin adam şikayətçi olsa, onların qanı getdi: “Sürücünün atasını yandırırlar. Bizi ayda bir dəfə ”QAI”yə yığıb söhbət edirlər. Müştərilərlə mədəni davranmağı-filanı tapşırırlar”.
Taleyin paradoksuna bax! Mən sürücülərdən tələb olunan məsuliyyəti eşidə-eşidə düşündüm ki, görəsən, eyni prinsipləri – insanlara qarşı mədəni və nəzakətli davranmağı Naxçıvan MR-nın inzibati orqanları özlərinə niyə tətbiq etmirlər? Niyə onlar vətəndaşın şikayətinə baxmaq əvəzinə, beləsini dəlixanaya salırlar?

Hamı yerli mal alsın, xeyir Talıbovlara qalsın!

Naxçıvanda avtomobilin lüks olsa belə, onunla xidmət göstərmək şansın yoxdur. Bunun üçün Vasif Talıbov ailəsinin monopoliyasında olan və Muxtar Respublikada istehsal olunan sarı avtomobilləri almağa məcbursunuz.

Nə gündəsən, Türkiyə?

Nəhayət, Türkiyə-Naxçıvan sərhədindəyik. Bizim gömrükdən aşıb Türkiyəninkinə keçirik və koskoca, harika ölkənin təsəvvür etdiyim obrazı burada buz kimi əriyir. Qısa desək, Türkiyə gömrüyü biabırçı haldadır. Pintilik, antisanitariya, köhnə binaların miskin görkəmi məni sarsıdır. Gömrük məntəqəsindəki binalardan birinin damının tinini, Allah bilir, nə vaxtsa yük maşını vurub əzib, nədənsə onu düzəldib abıra salmağa heç kim maraq göstərmir. Azərbaycan gömrük məntəqəsinin səliqəli, təmirli otaqlarından sonra Türkiyənin tövləyə bənzər məntəqəsinə düşəndə adam çaş-baş qalır. Fikirləşirsən ki, ilahi, görəsən, təsadüfən Somalinin sərhədində deyiləm ki…

Təmir həm də korrupsiya mənbəyidir

Mən bu təzada tez-tez yolu Türkiyəyə düşən bir yoldaşdan izah istədim. O deyir ki, ümumiyyətlə, Türkiyədə dövlət binalarına pul xərcləməyə xəsislik edirlər. Daha vacib görüləsi işlər olduğu halda, daş-divara yatırım qoymağa dəyməz düşüncəsindədir, Türkiyə idarəedənləri. Bizimkilər isə təmir işlərinə təkcə estetik tələbat kimi yox, həm də korrupsiya mənbəyə kimi baxırlar. Daha çox təmir, daha çox pul mənimsəməkdir.
Bu, dostumun izahı idi, hardasa razılaşmaq olar. Amma bir məsələ ilə razılaşmaq qətiyyən mümkün deyil. Ən kasıbyana yeri də səliqə-sahmanlı saxlamaq olar. Türkiyə gömrüyü isə bunu etmir, səbəbini hələ də düşünməkdəyəm.

Şaka

Gömrük məntəqəsində pərt ovqatımı, Allah ondan razı olusun, ayaqyoluya baxan bir abi düzəltdi. Normalda iti qısqırtsan, it girməyən tualetdən istifadə üçün o, bizdən 1 Türk lirəsi (təxminən 50 qəpik) istəyəndə, mən “nədən belə bahalıq?” – deyə soruşdum.
“Qardaşım, niyə imkan vermirsən varlanıb uçaq alım?” – o, bu sözləri elə ciddiyyətlə dedi ki…
“Qardaş, səni bu arzuna çatdırmaq üçün gərək 2 respublikanın vətəndaşları bu gömrük məntəqəsində böyrəklərini çürütsün” – qarşılığı verib, yola düzəldik…
Bitmədi…