İslam və demokratik prinsiplər bir-birini inkar etmir

Dinin demokratiyadan kənar təsəvvür olunması yanlış yanaşma tərzidir

Rəsul Mirhəşimli

Bu günümüzdə mübahisə elementləri arasında Islam və demokratiya mövzusunun müxtəlif platformada önə çıxdığı müşahidə edilməkdədir. Əgər açıq demək lazım gəlirsə, Islam və demokratiya müqayisəsinin sağlam fikirlərlə ortaya atıldığından danışmaq olduqca çətindir. Onu da başa düşmək olar ki, bütün problemlərin izahı polemika və diskussiyaları gərəkli edir. Bircə şərtlə, bu polemik tərəflər problem haqqında kifayət qədər məlumatlı olsalar. Əks halda, bu cür müzakirələr cəhldən uzağa getmir. Dinimiz isə cahilliyi qəti şəkildə pisləyir…
Belə bir mövzunun əsasında onu qeyd etmək mümkündür ki, Islamın – insanların dünya və axirət səadətini hədəf götürən ilahi qaynaqlı bir din, demokratiyanın isə insanların öz ağlı, iradəsi və elmi biliklərinə dayanaraq, ortaya çıxardıqları idarəetmə sistemi olduğunu vurğulamaq gərəkdir.
Vurğunu bu mövzu üzərinə salmağın əsas məqsədi – bu iki dünyagörüşün bir-birinin ziddinə, ya da alternativ olmasının və yaxud tamamilə bir-birinə uyğun gələn ünsürlər kimi təqdim etmə səylərinin doğru olmadığını göstərməkdir. Buna görə Islamı bir din olaraq öz mahiyyətinə, demokratiyanı isə mənsub olduğu sistemin əsaslarına uyğun dəyərləndirmək lazımdır. Bu nəzəri fikirləri irəli sürərkən, sadəcə, bir insanın dünyagörüşünə qapılıb qalmadan bu fikirlərin məzmununu obyektiv olaraq dəyərləndirmədən doğru yolu göstərmək mümkün deyil.
Islam ilahiyyatçılarının böyük bir qisminin qəbul etdiyi ən önəmli xüsusiyyət budur – Quranda açıq-aşkar şəkildə əmr edilən hər hansı idarəetmə sisteminin mövcud olması barədə heç nə yoxdur. Ancaq Qurani-Kərimdə və Həzrət Məhəmmədin (s) buyurduqlarında idarə edən və idarə edilənlərin üzərinə məsuliyyət qoyan ümumi prinsiplər var.
Dünyanın hər hansı bir bölgəsində zəmanənin ilahiyyatçılarına, insanların mədəni səviyyəsinə, yetkin siyasi tələblərə, zamanın və coğrafiyanın gətirdiyi imkan və şərtlərə görə idarəetmə modeli yaradıla bilər. Bir sözlə, insanlar necə idarə etmək və idarə olunmaq prinsiplərini özləri müəyyənləşdirir. Hər hansı bir dövlətin siyasi sisteminin demokratik, monarxiya və yaxud konstitusiyalı monarxiya şəklində ortaya çıxmasını o ərazidə yaşayan vətəndaşların müəyyən etdiyi prinsiplər əsasında formalaşdığını görmək olar. Bu prinsiplərin təzahürlərini həm Şərqdə, həm də Qərbdə görmək mümkündür. Başqa sözlə qeyd etsək, demokratiya insanların özlərinin seçdiyi, hərfi mənası “xalq hakimiyyəti” olan bəşəri dünyagörüşün təzahürü, dinin mahiyyəti isə ilahi hökmlərə iman edərək, onların tərəddüdsüz yerinə yetirilməsi deməkdir. Onu vurğulamaq yerinə düşər ki, insan ilahi hökmləri yerinə yetirərkən kor-koranə olaraq, bir yerdə ətalətlə dayanmamalı, bu hökmlərə uymanın hansı üstünlüklərə yol açdığını ağlının gücü ilə dərk etməlidir.
Demokratiya mövzusuna gəldikdə bir də onu bildirmək lazımdır ki, bu sistem inanclı insanların mübarizəsi ilə həyata vəsiqə alıb. Yaradana iman gətirməyən insanların bir-birinə etibarından danışmaq yersizdir. Allaha tapınmağın hikməti ilə insanların güvəndə yaşaması və bir-birinə sayğı duymanın həqiqi mahiyyəti də ortaya çıxır. Orta əsrlərin böyük şairlərindən olan Yunus Əmrənin söylədiyi kimi, “Yaranmışı xoş gördük, Yaradandan ötürü”. Bu misra qarşılıqlı anlaşma şəraitində yaşamağın modelini göstərməklə bərabər, tolerantlığın təcəssümünü də özündə əks etdirir. Çünki tolerantlığın başqa bir adı elə xoş görmək deməkdir.
Demokratiyanın ən aşkar və danılmaz cəhətlərindən biri – xalqın idarəetmədə iştirak etməsi və öz iradəsi ilə idarə edənləri seçməsidir. Dərindən araşdırılsa, Islam idarəetməsində tətbiq edilən beyət anlayışının ortaya çıxdığı görünər. Beyət sözünün mənası qəbul etmək, razı olmaq anlamına gəlir. Başqa sözlə, idarə edilənin idarə edəndən razı olması deməkdir. Həmçinin, beyət qadın və kişinin idarə edənin vəzifə və məsuliyyətini qəbul etdiyini müəyyən edən müqavilə kimi də tərif edilir. Həzrət Peyğəmbərin (s) ilk dəfə tətbiq etdiyi beyət modeli bəzi dəyişikliklərlə Şərq ölkələrinin bir çoxunda həyata keçirilib.
Islam dininin demokratiyadan kənar təsəvvür olunması da yanlış yanaşma tərzidir. Ancaq onu demək mümkündür ki, heç bir din, eləcə də Islam dini demokratiyadan kənar və yaxud demokratik prinsiplərin aşılandığı bir dünyagörüş deyil. Dinlərin, həmçinin Islam dininin insalara verdiyi ilahi mesaj budur: “Adam ol!”.
Ilahi hikmətin müəyyən etdiyi insanlıq modelinə tam uya bilməyən və ya uymaq istəməyənlərin bəhanəsi dinlərin guya demokratik prinsiplərə qarşı çıxmasını sübut etməkdir. Allahın görmək istədiyi insanlıq modelinə uyğun yaşaya bilməyən insanlar bir şeyi bilmirlər və ya bilmək istəmirlər ki, bu şərtlər altında yaşamaq həmin adamların öz naqisliklərinin göstəricisidir. Yəni insan kimi yaşamaq şərtlərini müəyyənləşdirə bilməyənlər təbii olaraq dinlərin ortaya qoyduğu prinsiplərdə qüsur axtarmaqla məşğul olacaqlar.
Başqa bir tərəfdən baxdıqda hakimiyyətin formalaşmasında Islamın müəyyən etdiyi modelin bugünkü demokratik seçim qaydalarının tətbiq edilməsi ilə əhəmiyyətli paralellik təşkil etdiyi görünür. Bu oxşarlıq hər fərdin öz münasibətini azad iradə ilə ortaya qoyması ilə mövcuddur. Islam dininin insana verdiyi dəyərlər sırasında “faili-muxtarlıq”, yəni ixtiyarının insanın öz əlində olması, hərəkət sərbəstliyi, bir sözlə, azadlıq anlayışı özünü qabarıq şəkildə göstərir. Cəmiyyətin narahatlığına səbəb olacaq, zorakılığa və haqsızlığa dayanan hər cür idarəetməni rədd etmək – Islam dininin insanlar üzərində müəyyən etdiyi məsuliyyətin bir hissəsidir. Islam dininin müəyyən etdiyi ən önəmli dəyərlər bərabərliyin, ədalətin və fərdi hüquq toxunulmazlığının qorunmasıdır. Təbii olaraq, demokratiya cəmiyyəti yönləndirən bir sistem deyil, insanların fundamental hüquq və azadlıqlarını təmin edən və xalqın tələbini əsas götürən bir idarə formasıdırsa, bu baxımdan da Islam və demokratiya arasında hər hansı problemdən danışmaq mənasızdır. Çünki bu haqların qorunması baxımından Islam və demokratiya arasında ziddiyyət – mübahisə mövzusu ola bilməz.
Demokratik idarəçilik baxımından mövcud olan ölkələrdə xalq tərəfindən seçilən və cəmiyyətin inkişafı və rifahı üçün qərar və qanunlar qəbul edən parlament forması ən üstün idarəetmə modellərindən biridir. Bu müəssisənin Islam terminologiyasında analogiyası Şuradır. Görülməsi lazım olan işlərin kollektiv rəy və qərarlar nəticəsində müəyyən olunması lazım olan məsələləri Qurani-Kərim bu ayələrdə açıqlayır: “…Sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali-Imran surəsi, ayə 159),  “O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər” (Şura surəsi, ayə 38).
Demokratiyanın xüsusiyyətləri arasında toplumun rəyinin əsas götürülməsi prinsipləri Qurani-Kərimdə bu ayələrlə formulə edilmişdir. Ayədə buyurulan “…işdə onlarla məsləhətləş” hökmü, Islam alimlərinə görə, bir tövsiyə xarakteri daşımır, yerinə yetirilməsi vacib olan əmrdir.
Nəticə etibarilə Islam prinsiplərinin demokratiya ilə tamamilə uyğunlaşmadığı fikrini iddia etmək olmaz. Ancaq əgər dindən kənar düşünsək, idarəçilik formaları içərisində Islam dininin əsas hökmləriylə ən asan uyğunlaşa bilən idarəçilik metodu yenə demokratiyadır.
Dünyada bir-birindən fərqli bir çox demokratik dünyagörüşü və idarəçilik modelləri var. Islam dünyası bu durum qarşısında bir yandan Islamı düzgün dərk etmək və düzgün izah etmək, digər tərəfdən isə demokratiyanı bu izah içərisində tanıtmaq məcburiyyətindədir. Belə bir yol Islam və demokratiyanın bir yerdə olduğu ortaq nöqtənin tapılmasına yardım edə bilər.