“Siyasətdə qadın-kişi məfhumu yoxdur, kişilik, nakişilik var”

Lalə Şövkət: «Ömrüm boyu öz prinsiplərimə, dəyərlər sisteminə, inancıma xəyanət etməmişəm»

 

Noyabrın 7-də Azərbaycan siyasətinin xanım liderlərindən olan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin 60 yaşı tamam oldu. Adətən xanımlar yaşlarını gizlədirlər, amma Lalə Şövkətin bütün həyatı, fəaliyyəti hamı üçün açıq olub. Azərbaycan siyasi həyatında özünə məxsus yeri və rolu olan Lalə Şövkət doğum günü ərəfəsində Müstəqil Informasiya Agentliyinə müsahibə verib. Elə söhbətə də yubiley mövzusundan başlayıb:

 

“Məndə ömür boyu yaş kompleksi olub”

– Yaşla bağlı nəhayət, özümü çox rahat hiss edirəm. Niyə görə? Məndə ömür boyu bir yaş kompleksi olub. Hələ gəncliyimdən həmişə yaşımı 5-10 il çoxaltmışam, çünki cavanlığımdan çəkinirdim. Ətrafımda olan dostlarım məndən ən azı 10-20 yaş böyük idilər və mən hər vaxt yaşımı gizlədib, ürəyimdə isə tez yaşa dolmağımı istəyirdim. Hətta cərrahiyyə üzrə namizədlik dissertasiyamı müdafiə edəndə elmi katibdən xahiş etmişdim ki, bioqrafiyamı oxuyanda mənim doğulduğum ili səsləndirməsin. Lakin o səsləndirdi və zalda çaşqınlıq əmələ gəldi. Mənimlə işləyənlər heç düşünmürdülər ki, mən belə gəncəm. Mən isə xəcalətimdən yerə girdim. Cəmi 25 yaşım var idi. Sonralar da 31 yaşım tamam olan kimi deyirdim artıq qırxın içindəyəm, 41 yaşında deyirdim artıq əllinin içindəyəm, 51 yaşım tamam olanda deyirdim artıq altmışın içindəyəm. Çox qəribədir, mən həmişə ürəyimdə məhz 60 yaşında olmaq istəyirdim. Bilmirəm bu nə ilə əlaqədardır, lakin məhz 60 yaş mənim üçün çox doğma idi. Svetayeva yazırdı ki, insan öz yaşı ilə bütöv doğulur. Lev Qumilyov deyirdi ki, təqvim mənim yaşımı nə qədər göstərsə fərqi yoxdur, mənim həmişə 13 yaşım var. Məşhur Isveç rejissoru Berqman isə 58 yaşında demişdi ki, mən ancaq indi yeniyetmə yaşından çıxıram.
Görünür, mən də 60-la doğulmuşam. Yəqin ruhumun yaşıdır. O ki qaldı kamillik dövrünə, həyat özü ibtidaidən kamilliyə gedən yoldur. Düşünmürəm ki, yalnız təqvim kamilliyi müəyyən edir. Dostoyevski 59 yaşında ölümünə bir ay qalmış yazırdı, mən hələ indi formalaşıram, hər şey indi başlayır. Dahi Qoya 79 yaşında öz məşhur “Yeni Kapriços” əsərini çəkir, ondan sonra da öz avtoportretini və gündəliyində yazır – “Mən hələ də öyrənirəm”. Dahi Höte 82 yaşında “Faust” əsərini tamamlayır. Mikelancelo 87 yaşında yazırdı ki, mən hələ indi öz peşəmin əlifbasını öyrənirəm. Gördüyünüz kimi, kamilliyə gedən yol ömrün sonunacan davam edir.

“Hələ xoşbəxtlik anlayışını axıracan müəyyən etməmişəm”

– Həyatının əsas hissəsini elmə, ictimai-siyasi işlərə həsr edən Lalə Şövkətin xoşbəxt illəri, bəxtəvər günləri hansı dövrə təsadüf edib?
– Hər bir insanın özünə məxsus xoşbəxtlik anlayışı var. Sözsüz ki, bu anlayış insanın həyatının mənası və məqsədi ilə bağlıdır. Digər tərəfdən, hətta bir insan ömrünün içində fərqli yaş dövrlərinə uyğun fərqli xoşbəxtlik anlayışları var. Məsələn, uşaqlıqda mənim üçün xoşbəxt anlar qayadan dənizə atılmağımla bağlı idi. Bu gün isə mənim üçün xoşbəxt anlar torpaqlarımızın azad olunması ilə, Azərbaycanda demokratiyanın bərqərar olması ilə bağlıdır. Görürsünüz, nə boyda fərq və nə qədər fərqli mahiyyətlərdir.
Həyat yoluma nəzər salanda xoşbəxt anlarım olub, xoşbəxt illər isə mənim təsəvvürümdə olmur. Mən indiyəcən hələ özüm üçün xoşbəxtlik anlayışını axıracan müəyyən etməmişəm. Və ona görə xoşbəxt illərdən danışa bilmərəm. Həyat yoxuşlardan və enişlərdən ibarətdir, bir koordioqramma kimi. O ki qaldı bəxtəvər və xoş günlərimə, onlar əsasən mənim anam və atamla bağlıdır. Onlar dünyasını dəyişəndən sonra həyatımın tonallığı və rəngi dəyişdi. Güvənən dayağım dağıldı. Ona görə ki, valideynlərim mənim üçün həm də böyük mənəvi dayaq idilər, ruhdaşlarım idilər. Qəlbin də yorğun və gərgin vaxtı olur, o da özünə dayaq axtarır. Bu dayaq mənim üçün yalnız anam və atam idi. Ümumiyyətlə, həyat keçən günlər deyil, yadda qalan hadisələr, etdiyin hərəkətlər və əməllərdir. Belə hadisələrlə isə mənim həyatım zəngindir. Əgər vaxtı onun içində baş vermiş hadisələrlə ölçsək, mən yüz ildən çox yaşamışam.
Insan öz əməllərinin həm cəmi, həm girovudur. Yaşa dolduqca, arxaya baxanda çox şey sənə ağrı verir, lakin əsası odur elədiyin hərəkətlərə görə xəcalət çəkməyəsən. Şükürlər olsun ki, mən heç bir hərəkətimdən xəcalət çəkmirəm.

“Həyatda nömrəsiz marşrut seçmişəm”

– Dönüb arxaya baxanda ömrünüzün ən çətin və ağrılı günləri nə zaman olub? O zaman kimlər Sizə dəstək olub?
– Dahi Russo demişkən, öz özlüyündə həyat heç nədir, onun qiyməti onun nəyə sərf olunmasından asılıdır. Və əgər siz yüksək amallarla yaşayırsınızsa, onda ömür çox mürəkkəb keçir. Insan daim arzunun və reallığın konflikti içində yaşayır. Həyat, ümumiyyətlə, hər an çağırışlardan ibarətdir. Ya sən onlara vaxtında cavab verirsən, ya susub sürünürsən. Allah həmişə şərlə xeyir arasında bizə seçim imkanı verir. Və seçdiyin yol həyatın süjetini, insanın xarakteri həyatın janrını, məqsəd tonallığını, ətraf mühit isə intonasiyasını müəyyənləşdirir. “Faust”da olduğu kimi şərə xidmət sənə gözəl həyat, maddi imkanlar, rahat ömür vəd edir, bircə istisna ilə – vicdanına, ruhuna, inancına xəyanət edirsən. Rahat və narahat yol, şərə xidmət edən və məbədə aparan yol. Seçim öz əlimizdədir. Mən öz həyatımda heç vaxt açılmış rahat yollarla getməmişəm. Həyat yolum reklamlarla, cəlbedici imkanlarla dolu olsa belə, onlara uymamışam. Ömrüm boyu öz prinsiplərimə, tərbiyə ilə mənə verilən dəyərlər sisteminə, inancıma xəyanət etməmişəm. Bu dəyərlər sisteminin prioriteti mənim üçün su-hava kimi həyati zərurət kəsb edən mənəviyyat, azadlıq, müstəqillik, ləyaqət, düzgünlükdür. Həyatda nömrəsiz marşrut seçmişəm, yeni yol açmışam. Belə bir yol isə həmişə məşəqqətli olur, lakin məşəqqətli qədər də çox maraqlı olur.
Gənc olanda dostlarımı intellektinə görə səciyyələndirirdim, indi isə yalnız etibarına görə. Biri pul vurğunudur, biri maşın vurğunu, biri imarət vurğunu, mən isə Insan vurğunuyam.

“Həyatımın əsas meyarı borc və məsuliyyət məfhumudur”

– Ölkənin “dəmir ledisi” adını qazanmaq, xanım lider olmaq çətin deyil ki? Ümumiyyətlə, siyasətlə məşğul olmaq Sizə nə verdi?
– Bu “xanım lider” sözünə mən dəfələrlə cavab vermişəm. Lider liderdir. Bunun cinsi yoxdur. Siyasət isə mənəviyyat, bilik, intellekt, cəsarət, bacarıq, qabiliyyət, prinsipiallıq, məqsədyönlülük, geniş dünyagörüşü, təcrübə və millətə sevginin vəhdətidir. Burada qadın-kişi söhbəti yersizdir. Yenə də bir sözümü təkrar etmək məcburiyyətindəyəm. Siyasətdə kişi və ya qadın məfhumu yoxdur, siyasətdə kişilik və nakişilik var.
O ki qaldı siyasətin mənə verəcəyinə, mən heç vaxt heç nədən və heç kimdən heç nə gözləməmişəm. Mənim həyatımın əsas meyarı borc və məsuliyyət məfhumudur. Həyat bir an da olsa, borcdur. Azadlıq və ədalət uğrunda mübarizə mənim yolumdur, həyatımın məqsədi, mənası və borcudur. Bu yol isə, istər-istəməz, siyasətlə bağlıdır. Bəlkə də bu mübarizəni uduza bilərəm, lakin ondan heç vaxt imtina edə bilmərəm.

“Mədəniyyət olmayan yerdə demokratiya olmur”

– Siyasətə gəlmək istəyən gənclərimizə nə deyərdiniz. “Ağır yoldur gəlməyin”, yoxsa “Şərəfli yoldur, davam edin” deyənlərdənsiniz?
– Siyasət həm ağır, həm şərəfli ola biləcək bir yoldur. Burada kiməsə demək ki, “gəlin”, ya da “gəlməyin”, zənnimcə düz olmazdı. Çünki hər bir insan öz seçimində azaddır və bu seçimə görə cavabdehdir. Siyasətçi olmaq asan bir iş deyil. Siyasətçi olmaq üçün tək ağıl və yaxud bilik kifayət deyil, bunun üçün təcrübə, dəyərlər sistemi, geniş dünyagörüşü zəruridir. Gənc siyasətçilərə gəlincə isə, bunlar bizim sabahımız, ümidimiz, dayağımızdır.
Ilk növbədə istərdim siyasətçi olmaq istəyən gənclər mədəniyyət və mənəviyyat sahibi olsunlar. Bəllidir, nəyə tələbat varsa, cəmiyyət onu da təklif edir. Lakin siyasi tələbatın mahiyyəti mənəviyyata ziddirsə, təklif uçuruma aparır. Məsələn, Stalin diktaturası dövründə donoslara böyük tələbat var idi. Ona görə əhalinin yarısı digər yarısı haqqında donos yazırdı. Bu da milyonların faciəsinə, milli genosidə səbəb oldu. Bu gün “uğurlu” siyasətçi, yəni, vəzifəli, pullu, evli, maşınlı olmaq üçün, yalana, mədhiyyəyə, yaltaqlığa, bəzən də həyasızlığa tələbat var. Mən seçkilərin birində YAP-ı dəstəkləyən bir gəncin televiziyada çıxışını dinlədim, heyrətə gəldim. O, özündən qat-qat böyük insanları təhqir etməkdən belə, çəkinmədi. Məhz bu arada mənə bir neçə adam zəng etdi və soruşdular, bu kimdir, bunun valideynləri kimdir və eyni sözü dedilər ki, bu oğlanın tərbiyə və mədəniyyət problemi var.
Keçən il internetdə gənc siyasətçilərin polemikasını izlədim. Orada müxalifət partiyasının gənc nümayəndəsi yuxarıda söylədiyim YAP-çı gəncin arqo-leksikasında mübahisə edirdi, bütün əndazələri aşaraq. Bu məni çox təəssüfləndirdi. Demokratik düşərgəni təmsil edən insanlar yaddan çıxarmamalıdırlar ki, demokratiya ilk növbədə mədəniyyətdir. Mədəniyyət olmayan yerdə demokratiya olmur. Azadlıq və sərbəstlik tamam fərqli anlayışlardılar. Azadlıq ilk növbədə məsuliyyət deməkdir.
Ikincisi, siyasətçi əqidə sahibi olmalıdır. Siyasətçinin nüfuzu onun daimi demaqogiyasında yox, daimi əqidəsindədir.
Üçüncüsü, hər bir gənc mütləq və mütləq öz üzərində işləməli, özünü təkmilləşdirməlidir.
Dördüncüsü, bilmək, anlamaq, təhlil etmək də hələ azdır. Bəzi hadisələri yaşamaq, onun ağırlığını, mürəkkəbliyini və ağrısını hiss etmək zəruridir. Bu da təcrübədən irəli gəlir. Gənclərdə adətən gəncliyə xas təkəbbür olur. Mən özüm də bunu keçmişəm. Bir vaxt konservatoriyada belə bir deyim var idi, birinci kurs tələbəsi ilk əsərini yazanda deyir, “musiqidə yalnız mənəm”, konservatoriyanı qurtaranda, “bir mən, bir də Motsartdır”, on ildən sonra “yalnız Motsartdır”. Təkəbbür yaşla keçib gedən xüsusiyyətdir. Əsası odur ki, o dövrdə həyati səhvlərə yol verməyəsən.

“Oğlum mənim tərbiyəmin qurbanıdır”

– Lalə Şövkət 60-dan sonraya baxanda nə görür?
– Belə bir söz var, insanlar plan quranda Müəllif gülür. Gəlin, Müəllifi güldürməyək. Taleyi biz seçmirik, tale bizi seçir. Yaşayarıq, görərik.

– Oğlunuzun həyatı ilə bağlı gözləntiləriniz nədir? Sizcə, gəlin, nəvə sahibi olmağın vaxtı deyilmi?
– Oğlum mənim tərbiyəmin qurbanıdır. Mənim dəyərlər sistemimi və prinsiplərimi bütövlüklə mənimsəyib. Bu gün artıq o mənim üçün tək övlad yox, həm də həmsöhbət və ruhdaşımdır. Bu, mənim üçün çox önəmlidir. Lakin bu dəyərlərlə indiki zəmanədə yaşamaq onun üçün çox çətin olacaq. Qızıl, gümüş, bürünc, dəmir, intibah, maarif, sənaye, atom əsrlərindən sonra bu gün yalan və riyakarlıq əsridir, alçaqlığın və vulqarlığın təntənəsidir. Bütün dünya böyük Sodoma çevrilir. Dünyanın bu fəsli mənim və oğlumun iç dünyasının fəsli ilə uyğun gəlmir. Dövranın dəbi və dəyərləri ilə onun mənimsədiyi mənəvi dəyərlər ziddiyyət təşkil edir. Bu gün ləyaqətlə, vicdanla yaşamaq – ən çətin şeydir. Vicdan asan həyat yaşamağa imkan vermir. Ya asan həyat, ya da vicdanı seçməlisən. Oğlum bu seçimi edib. Və hərdən bir mən özümü onun qarşısında təqsirkar hesab edirəm. Gərək onu ayrı cür tərbiyə edəydim, zəmanəyə uyğun. Amma onda mənim özüm üçün çətin olardı. Biz bugünkü kimi eyni dalğada ola bilməzdik.
Lakin mən gələcəklə bağlı bədbin deyiləm. Bəşəriyyət dürüstlərin və müdriklərin azlığı hesabına yaşayır, axmaqların və tamahkarların çoxluğu hesabına isə əziyyət çəkir. Dünya tarixini isə birincilər yaradırlar. Bir ana kimi, övladım haqqında tərif demək mənə yaraşmaz, amma bir şeyə əminəm ki, həqiqi insan böyütmüşəm. Əfsuslar olsun ki, mənim müxalifətdə olmağım onun da fəaliyyətinə məhdudiyyət qoydu. Amma, zənnimcə, ən böyük vəzifə qeyri-insani şəraitdə insan kimi qalmaqdır.
O ki qaldı onun ailə qurmağına, bu qismət məsələsidir. Ümumiyyətlə, insan ailə qurmaq üçün yetişməlidir, özünü dərk etməlidir ki, ömür yoldaşı seçimində yanılmasın. Ona görə mən tələsmirəm və fikrimcə ailə qurmaq üçün optimal yaş kişi üçün 35-dən yuxarıdır.