«Rafiq Əliyevin işdən çıxarılması hakimiyyətin Azərbaycan ziyalısına münasibətinin göstəricisidir»
Bir neçə gün əvvəl işdən çıxarılan akademik Rafiq Əliyevə ictimai dəstək davam edir. Dünən Siyasi Məhbus Ailələri Komitəsi akademikin işdən çıxarılmasına etirazını bildirib.
Komitənin sədri Arzuman Məcidli “Azadlıq”a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum Rafiq Əliyevin işdən çıxarılmasını qətiyyətlə pisləyir: “Siyasi Məhbus Ailələri Komitəsi hesab edir ki, Rafiq Əliyevin ictimai fəallığına görə işdən çıxarılması hakimiyyətin Azərbaycan ziyalısına münasibətinin göstəricisidir. Hörmətli akademikin işdən çıxarılması onu göstərir ki, Azərbaycan hakimiyyəti fikir müxtəlifliyinə düşmən kəsilib. Bu addım hökumətin hətta ziyalı sözünü də eştimək istəmədiyini ortaya qoyur. Biz Rafiq müəllimin işdən çıxarılmasına etirazımızı bildiririk və onun hüquqlarının müdafiəsi uğrunda mübarizəyə hazır olduğumuzu bəyan edirik”.



