İranla müharibə başlayır?

Tehranın mümkün əks-hücum planları ələ keçdi

Iran ətrafında gərginlik yüksələn xətlə artmaqdadır. Irana qarşı hərbi əməliyyatların reallaşa biləcəyi ilə bağlı xəbərlər nüfuzlu KIV-lərin diqqət göstərdiyi əsas xəbərlərdəndir. ABŞ və Böyük Britaniyanın hərbi gəmilərini Iran körfəzinə yönəltməsindən sonra hərbi müdaxilənin ola biləcəyi ehtimalını daha da artırdı. Bu arada Küveytin nüfuzlu qəzeti “Əl Siyasah”ın Vaşinqtondakı Livan lobbisinə və Amerikalı milli təhlükəsizlik qaynaqlarına istinad edərək verdiyi xəbərdə Suriya və Iranın xarici müdaxiləyə qarşı ortaq hərəkət edəcəklərini yazıb. “Yeni Müsavat” qəzetinin saytında yerləşdirilən məlumata görə, Suriya prezidenti Bəşər Əsədin “Orta Şərqdə zəlzələ yaratma” təhdidinin ardından ABŞ və NATO Suriyaya, ya da Iranın nüvə kampaniyasına qarşı hərbi müdaxilə fonunda iki ölkənin necə cavab verəcəyini araşdırmağa başlayıb.
Küveyt qəzetinin yazdığına görə, ABŞ və Avropa kəşfiyyatının əlinə keçən məlumatlar deməyə əsas verir ki, Suriya və Iran altı cəbhədən ibarət olan plan hazırlayıb. “Hizbullah”, Iran tərəfdarı olan qruplar və “Həmas”ın hərbi qanadını bir araya gətirən ssenariyə görə iki ölkənin müdaxiləyə cavabı belə olacaq:

Iran və Suriyanın cavab planı

1 – Türkiyəyə Iraq, Suriya və Iran sərhədindən eynivaxtlı hücum ediləcək. Hərbi birləşmələr kürd bölgələrindən içəri girərək, xüsusilə hərbi bazalar və Amerikanın hədəflərinə hücum edəcək.
2 – Qırmızı dənizdə “Həmas” və Iran Inqilab Keşikçiləri Korpusu ABŞ və Avropalı gəmilərin keçişinə maneə törətmək üçün Süveyş kanalına hücum edəcək. Yəmənli və somalili mücahidlər də cənubdan hücuma keçəcək.
3 – Körfəz bölgəsində Iran Inqilab Keşikçiləri Korpusu körfəz və Qərb ölkələrinin istifadə etdiyi donanma, ticarət və neft daşıma rotalarına hücum edəcək. “Hizbullah” və Iranpərəst qruplar Bəhreyn, Qatar və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazalarına hücum təşkil edəcək.
4 – Hesabata görə, Iran kəşfiyyatı Əfqanıstanda NATO güclərinə qarşı hücumlar təşkil edən qruplara pul və sursatla kömək emək üçün xüsusi büdcə ayırıb.
5 – Şərqi Aralıq dənizində “Hizbullah”dan Livandakı bütün dövlət təşkilatlarında idarəetməni ələ keçirməsi istəniləcək.  NATO ölkələrinə aid hədəflərə hücum ediləcək.
6 – Qəzzada “Həmas”ın Israilə qarşı artilleriya hücumları artırılacaq. Israil cavab verdiyində Əsəd bu ölkədən silah almaqda günahlandırdığı müxaliflərə qarşı ordudan istifadə etmək üçün bəhanə əldə etmiş olacaq.
Qəzet ayrıca Bəşər Əsədin artıq yalnız “Ərəb baharı”na qarşı deyil, ABŞ və NATO üzvləri üçün də bir təhdid olduğunu yazıb. Qəzetin qaynaqlarına görə, ABŞ gizli xidməti, Iran və Suriyanın ABŞ-ın sərhədləri içində hücum təşkil edə biləcəyini düşünür. Iddiaya görə, Iran və Suriya ABŞ-Meksika sərhədi, Meksika körfəzi və Uqo Çavezin rəhbərliyi altında olan Venesuelada fəaliyyətlərini artırmağı planlaşdırır.

Rusiya Irana hücumun əleyhinədir

Bu arada Rusiya Irana mümkün hücumla bağlı xəbərdarlıq eləyib. Rusiya Xarici Işlər Naziri Sergey Lavrov deyib ki, Irana zərbə “çox böyük səhv olardı”.
Ötən həftə Israilin Prezidenti Şimon Peres demişdi ki, Irana hərbi zərbə ehtimalı getdikcə artır.  Israilin açıqlaması Iranın nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatının gözləndiyi vaxta təsadüf edib.
MAQATE-nin Iranın artıq nüvə silahı hazırlamağa yaxın olduğu ilə bağlı gözlənilən bəyanatının  fonunda “Washington Post” qəzetində gedən məlumata görə, Rusiyadan olan mütəxəssisin köməkliyi ilə Tehran nüvə başlığının hazırlanmasında da ciddi uğurlar əldə edib.
Ümumiyyətlə, hazırda Iran ətrafında formalaşan situasiyanı necə qiymətləndirmək olar və Tehranın əks-zərbə endirmək potensialı nə qədərdir?

Vəfa Quluzadə: “Iran  indi vurulmalıdır, yoxsa gec ola bilər”

Bu suallarla politoloq Vəfa Quluzadəyə müraciət etdik. V.Quluzadənin fikrincə, hazırda dünya MAQATE-nin hansı hesabla çıxış edəcəyini gözləyir. Artıq hesabatın bəzi məqamlarının mətbuata sızdığını deyən V.Quluzadə əlavə etdi ki, Iranın nüvə silahını hazırlamağa yaxın olması ABŞ və Israilə hərbi əməliyyatlara start vermək üçün bəhanə ola bilər. Amma bu arada Iranın da nüvə proqramını yalnız uranı 20 faizə qədər zənginləşdirməyə qədər davam etdirəcəyi ilə bağlı öhdəlik götürməyə hazır olmasını da diqqətdən qaçırmaq olmaz: “ABŞ və Israil Irana hücum üzərində ciddi düşünürlər. Amma hər iki dövlət Irana hücum etməyin verə biləcəyi üstünlüklərlə yanaşı, fəsadları da gözdən keçirirlər. Bundan başqa Rusiya və Çin də Irana qarşı hücumun əleyhinədir. Rusiya ABŞ-la əməkdaşlıq etsə də mahiyyətcə hələ anti-amerikan qalıb. Iran Rusiyanın müttəfiqidir. Rusiya bir çox hallarda Iranın vasitəsilə SSRI-nin bir vaxtlar mövcud olan nüfuzunu geri qaytarmaq istədiyini gizlətməyib”.
Iranın nüvə proqramının, bu dövlətin yürütdüyü siyasətin ABŞ-ı uzun müddətdir narahat etdiyini deyən V.Quluzadə vurğuladı ki, ABŞ Iran problemini əvvəl-axır çözməlidir: “Sadəcə olaraq, burada əsas məqam ondan ibarətdir ki, ABŞ Iranı çökdürmək üçün bir neçə vasitəni işə salır. Onlardan biri – Iranı daxildən çökdürmək planı hələ ki, bir nəticə vermir. Amma o da unudulmamalıdır ki, Iran hərbi potensialına görə, Iraq, Liviya, Əfqanıstan deyil. Ona görə Irana hücum nəticəsində əks cavabı da unutmaq olmaz. Bu baxımdan Küveyt mətbuatında gedən məlumatlar da diqqətlə araşdırılmalıdır. Amma Iran hərbi potensialını get-gedə artırır və gələcəkdə ABŞ üçün daha təhlükəli vəziyyətə gələ bilər. Ona görə Iran indi vurulmalıdır, yoxsa sabah bu, ABŞ üçün gec ola bilər. Çünki Iranın vurulacağı ilə bağlı məlumatlar birinci dəfə deyil ki, dünya mediasını zəbt edir”.

Xəyal