İranda nüvə silahının olduğu rəsmən təsdiqləndi

Pentaqon bu ölkəni Yaxın Şərqdə “ən böyük təhlükə” adlandırıb

 

Atom enerjisi üzrə beynəlxalq agentlik (AEBA) Iranın nüvə proqramı ilə bağlı hesabatını dünən açıqlayıb. “Reuters” agentliyinin məlumatına görə, hesabatda bildirilir ki, Iran 2003-cü ilədək nüvə silahının yaradılması ilə məşğul olub və oxşar fəaliyyət bu gün də davam etdirilə bilər.

Rəsmi Tehran isə AEBA-nın bəyanatının uydurma və əsassız olduğunu bəyan edib. Iran əvvəllər dəfələrlə bildirib ki, dinc nüvə proqramı ilə məşğuldur və nüvə silahı hazırlamır.
Azərbaycanın cənub qonşusu ilə bağlı son proseslərə şimal qonşumuz Rusiya dərhal reaksiya verib. Rusiyanın Xarici Işlər Nazirliyinin saytında yerləşridilmiş bəyanatda deyilir ki, Iranın nüvə proqramı ilə bağlı problemlər ətrafında yeni gərginlik mənbəyi yaradılıb. Rəsmi Moskva AEBA-nın hesabatını tənqid edib.

Əvvəlcədən bildirilir ki, AEBA-nın gəldiyi nəticə dünya ictimaiyyətini Iranın nüvə silahına malik olmasına inandırmağa çalışan Qərbə bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək imkanı verəcək. ABŞ Dövlət Departamenti artıq bəyan edib ki, Irana qarşı təzyiqləri gücləndirəcək. Bununla belə, Vaşinqton Tehranla hərbi münaqişəyə can atmadığını da xatırladıb. Pentaqon isə Iranı ABŞ üçün Yaxın Şərqdə “ən böyük təhlükə” adlandırıb (anspress).