Ziyalılardan hakimiyyətə sərt reaksiya
Tanınmış akademik Rafiq Əliyevin işdən çıxarılması son günlərin ən aktual müzakirə mövzusudur. Qəzet səhifələrindən tutmuş, sosial şəbəkələrə qədər hər yerdə Azərbaycan hakimiyyətinin dünya şöhrətli elm adamına qarşı atdığı addım tənqid atəşinə tutulur.
“Bu hala heç Afrikada da rast gəlmək olmaz”
“Xudu Məmmədov, Azad Mirzəcanzadədən sonra, Rafiq Əliyev Azərbaycanın ən böyük alimidir. Ona qarşı bu haqsızlıq, hakimiyyətin Məhəmməd Əmin Rəsulzadəyə, Üzeyir Hacıbəyliyə göstərdiyi haqsızlığın davamıdır”. Bunu, hazırda Türkiyədə çalışan dilçi alim Kamil Vəli Nərimanoğlu deyir. Onun sözlərinə görə, bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan hökuməti və onun başında duran adamlar milli zəmində olan hər şeyi məhv etməyi planlı şəkildə həyata keçirirlər: “Azərbaycanda dünya miqyasına çıxan, qədri bilinməli olan adamlar barmaqla sayılacaq qədər az qalıb. Mən əminəm ki, bunların əlində imkan olsa, az qalan alimləri də ya Azərbaycandan uzaqlaşdırar, ya da fiziki şəkildə aradan qaldırarlar. Azərbaycan xalqı bir qrup dağıdıcı qüvvənin əlindədir. Azərbaycanda artıq bütün yaltaqlanmayan ziyalılara qarşı bir hücum var. Azərbaycan xalqı gərək haqqını, ziyalısını, dəyərlərini müdafiə etsin. Rafiq Əliyev isə isbat olunmuş dəyərlərdən biridir. Əlbəttə bu cür insanlara kafedra müdirliyindən çıxarılmaq və başqa belə şeylər təsir edə bilməz. Amma bu hala heç Afrikanın hansısa ölkəsində də rast gəlinə bilməz. Bu, ancaq diktatura rejiminin gerçəkləşdirdiyi bir vəziyyətdir”.
K.V.Nərimanoğlu əmindir ki, Azərbaycanın və dünyanın böyük alimləri bu məsələyə biganə qalmayacaqlar. Onun fikrincə, Rafiq Əliyev, Cəmil Həsənli, Rüstəm Ibrahimbəyov və bəzi digərlərinin üzv olduğu Ziyalılar Forumunun fəaliyyəti hakimiyyətə heç də xoş deyil. Çünki onlar haqqı tələb edirlər. Hakimiyyət isə belələrini susdurmaq yolunu tutub.
“Belə bir addımın atılması hökumətin özünə ziyandır”
Tarix elmləri namizədi Altay Göyüşov da “Facebook” səhifəsində bu məsələyə dair müzakirə açıb. O hesab edir ki, Rafiq Əliyevə qarşı belə bir addımın atılması hökumətin özünə ziyandır: “Mən cəmi bir şey deyəcəyəm. Lütfi Zadə bu hökuməti həmişə pozitiv dəyərləndirib, məncə, daha etməyəcək. O, Rafiq müəllimin dostudur. Bəlkə hökumətin içindən elə kimlərsə doğrudan bunun belə olmasını istəyir? Əks təqdirdə uşaq da bilir ki, indiki şəraitdə kafedra müdirliyindən çıxarılmağının Rafiq müəllimin istər elmi, istər ictimai sahədəki statusuna zərrə qədər də mənfi təsiri olmayacaq. Tam əksinə”.
Qeyd edək ki, sosial şəbəkələrdə belə müzakirələrdən başqa, həm də Rafiq Əliyevlə bağlı KIV-də gedən məlumat, məqalə və reaksiyalar da paylaşılmaqdadır.
“Bu, dəhşətli bir şeydir”
Fəlsəfə elmləri doktoru Əli Abbasov isə inanmır ki, Rafiq Əliyevin kafedra müdirliyindən kənarlaşdırılması Dövlət Neft Akademiyasının rəhbərliyinin təşəbbüsü ilə baş versin. O güman edir ki, bu addım daha yuxarı instansiyanın qərarı ilə atılıb: “Hər şey aydındır. Kim bir balaca nəsə deyirsə, ona qarşı tədbirlər görülür. Bu, dəhşətli bir şeydir. Belə edirlər ki, heç kim hakimiyyətin xoşu gəlməyən təşkilatların üzvü olmasın. Amma artıq belə şeylər arxada – sovet dövründə qalıb. Indi bu cür addımlarla heç nəyə nail olmaq mümkün deyil. Bununla heç nə alınmayacaq”.
Ə.Abbasovun fikrincə, artıq Rafiq Əliyevə qarşı atılan bu addımla bir tərəf öz sözünü deyib. Indi onun üzvü olduğu “Ziyalılar forumu”, eləcə də digərləri öz sözlərini deməlidilər və təbii ki, deyəcəklər(“Azadlıq” radiosu).
Qəzetimizə açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli də hakimiyyətin R.Əliyevə qarşı addımını biabırçı adlandırıb: “Azərbaycan elmini dünya çapında təmsil edəcək cəmi bir neçə alim qalıb. Bunlardan biri, hətta birincisi Rafiq Əliyevdir. Dünya səviyyəsində tanınmış bir alimin işdən kənarlaşdırılması bu hakimiyyətin öz xalqına və bütövlükdə alimliyə, sənətə, ləyaqətə qarşı apardığı savaşın nümunəsidir. Bunlar vaxtilə akademiyanın vitse-prezidenti işləmiş, dünyada genetika sahəsində çox nüfuzlu bir neçə alimdən olan Orxan Ələkbərova qarşı da eyni addımı atmışdılar”.
“Rafiq Əliyev kimi insanları sındırmaq mümkün deyil”
N.Məmmədlinin fikrincə, bu hakimiyyət öz mənafeyini qorumaq üçün hər şeyi qurban verməyə hazırdır: “Rafiq Əliyev çox böyük alim olmaqla yanaşı, həm də böyük vətəndaş və şəxsiyyətdir. Onun itirəcəyi bir şey yoxdur. O, hər il ABŞ-ın ayrı-ayrı universitetlərində mühazirələr oxuyur. Kitablarını dünyanın ən böyük nəşriyyatları çap edir. Rafiq Əliyev gözütox bir insandır. Amma bu nə deməkdir? Bu hakimiyyət bununla nəyi sübut etmək istəyir? Guya bu yolla insanları sındırmaq, məhv etmək, onları öz ideyalarından döndərmək istəyirlər. Rafiq Əliyev kimi insanları sındırmaq mümkün deyil. Sadəcə olaraq, özlərini ifşa edirlər, öz kimliklərini ortaya qoyurlar. Bu da hakimiyyətin dünyada daha çox nüfuzdan düşməsi ilə nəticələnir”.
“Hakimiyyət bu addımı ilə ən böyük pisliyi özünə edib”
Vəkil Aslan Ismayılov isə bunu, azad sözə və fikrə qarşı dözümsüzlüyün bariz nümunəsi adlandırıb: “Hakimiyyət bu addımı ilə ən böyük pisliyi özünə edib. O yerdə ki, Rafiq Əliyev və onun kimi ziyalılar olmayacaq, hakimiyyəti zor gücünə dəyişmək eşqinə düşənlər, radikallar çoxalacaq. Bu da birinci növbədə hakimiyyətin özü üçün təhlükədir. Əslində hakimiyyət bu Ziyalı Forumunun fəaliyyətinə dəstək verməlidir. Çünki bu forum hər şeyin sülhlə, islahatla həyata keçirilməsini istəyir. Azərbaycanın Rafiq Əliyevi çoxdurmu? Belə bir şəxsiyyətə qarşı bu cür ədalətsizlik görünməmiş bir şeydir. Rafiq Əliyevin Azərbaycan elminə ehtiyacı yoxdur. Amma Azərbaycan elmi və təhsilinin Rafiq Əliyevə ehtiyacı çox böyükdür”.
Gültəkin