Həftənin hit paradı

1. Səlim Müslümov, Sosial Müdafiə Fondunun sədri: “Bu ilin sonunda pensiyaçıların sayı 1 milyon 281 min 400 nəfər, gələn ilin sonunda isə 1 milyon 279 min 300 nəfər olacaq”.

Pensiyaçıların 2012-ci il üçün ehtiyac zənbilinin 84 manat (bu, MDB-də ən aşağı göstəricidir) olması, ətin isə 9 manata qalxması, Səlim müəllimin, Əzrayıla 2 min 100 nəfərin “təqdimat”ını əsaslandıran amildir. Yeganə iradımız, xarici görünüşü ilə düşmən gözü çıxardan sədrin çıxışının bu hissəsində, öləcək insanlara rəhmət oxumağı unutmasıdır.
2. Rəbiyyət Aslanova, MM-in deputatı: “Sabiq prezidentlərlə bağlı qanun qəbul edildikdən sonra, ”Ümummilli lider haqqında” qanunun qəbul edilməsi tarixi zərurətdir”.
Rəbiyyət xanım, nə lazımdırsa edilib, təkcə qalıb deputatların özləri ilə Heydər Əliyevin büstünü gəzdirmək – bu isə artıq, sizlikdir.
3. Aqşin Mehdiyev, Azərbaycanın BMT-dəki attaşesi(!): “Ermənistan rəhbərliyi dərk eləməlidir ki, demokratiya qılıncla inkişaf etdirilə bilməz…”.
Ramil Usubovun dubinkası ilə, Azərbaycanda demokratiya “analoqsuz inkişaf” edir. Qılınca baxanda, buna da şükür…
4. Tağı Əhmədov, Bakı Metropoliteninin rəisi: “Bakı metropoliteni üçün 2003-cü ildən bu yana 166 yeni vaqon alınıb”.
Tağı müəllim minlərlə ticarət “toçka”larının açılmasından danışsa, daha inandırıcı olardı. O ki, qaldı, 166 “yeni” vaqonlara, Tağı müəllim lap ağ elədiniz, 2003-dən bu yana Mıtişşidəki zavod Bakı metropolitenindəki vaqonların istehsalını dayandırıb, daha komfortlu, daha səssiz vaqonlar buraxır. 20-30 ilin vaqonlarını rəngləyib, xalqa sırımaq, ən azı təhlükəsizlik baxımından doğru deyil, iş olanda birdən olur. Allah eləməsin, əlbəttə.  
5. Akif Əli, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri: “Olduğu kimi görünməyən, süni həyat tərzi yaşayan, saxtakarlıq edən, yalan danışan, şər əmələ qurşanan.., bir sözlə, aurası pis olan bütün fərdlər mənim yaxınlığımda, hətta beş-on addımlığımda olanda özümü narahat hiss edirəm, sanki darıxıram, daralıram, hətta əsəbiləşirəm”.         
Bu sözlərdən sonra, mən “Allah bəlamı versin, mən bir nazir qatiliyəmmişəm, ki!” deməkdən özümü güclə saxlayıram. 
6. Fuad Ələsgərov, PA-nın hüquq şöbəsinin müdiri: “Ştrasser əvvəlcədən heç bir bəyanata baxmadan, bəyan edib ki, məruzə Azərbaycan üçün müsbət olmayacaq. Məruzəçinin bu cür bəyanatı, onun obyektivliyinə və Azərbaycana münasibətdə qərəzsiz olmasına şübhə doğurur”.
Göründüyü kimi, ən yüksək səviyyədə onun məruzəçi olduğunu dövlət rəsmisinin dilindən eşitdik. Dünənə qədər isə, bu, inkar edilirdi. O ki qaldı məruzəyə, 2 aprel və digər həbslərin siyasi motivli olduğuna əmin olmaq üçün, Azərbaycana səfər etmək o qədər də vacib deyil.
7. Gültəkin Hacıbəyli, sabiq deputat: “Ulu öndərin atalıq qayğısını hər zaman üzərimdə hiss etmişəm. Əziz Prezidentimizin rəhbərliyi altında Azərbaycanın AŞ PA-dakı ilk nümayəndə heyətində təmsil olunmaq şərəfinə nail olmuşam. Mənim üçün bu gün də heç nə dəyişməyib və dəyişməyəcək də. Mən əqidə və prinsip adamıyam”(9 oktyabr, 2010-cu il. Milli.az).
“Mən necə deyə bilərəm ki, Azərbaycanda korrupsiya ilə bağlı problem yoxdur? Azərbaycanda korrupsiya bataqlıq həddinə gəlib çıxmayıbmı? Hətta bu problem Azərbaycanı, az qala Dağlıq Qarabağ problemi qədər çətin vəziyyətə salıb. Əksər problemlərin kökündə məhz korrupsiya amili dayanır”.
“Britaniya parlamenti barədə zarafatla deyirlər ki, o, bircə qadını kişiyə, kişini isə qadına çevirməyi bacarmır. Azərbaycan məhkəmələri isə bunu bacarır…”(Qafqazinfo, 5 noyabr, 2011-ci il).
Bu keçən bir ildə, yəni, hər şeymi belə sürətlə dəyişdi?
8. Ramil Usubov, daxili işlər naziri – “”Eurovision” kimi möhtəşəm tədbirin təşkilində, Daxili Işlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür”.
Ramil müəllim, tədbirə bir-iki gün qalmış, Akif Nağını həbs etsəniz, heç bir problem-filan olmayacaq.
9. Yaqub Mahmudov, MM-in deputatı: “Azərbaycanda əlillik dərəcəsi olanlar 4,4 faiz təşkil edir: Hesab edirəm ki, bu, çox aşağı göstəricidir. Vətəndaşlara əlillik dərəcəsi almaq üçün hansısa əngəllər yaradılır ki, göstərici bu şəkildədir”.
Fikrimcə, hörmətli Yaqub müəllim üstüörtülü olsa da, həqiqi əlillərin rüşvət vermə imkanlarının olmamasına işarə vurub.
10. Çingiz Abdullayev, xalq yazıçısı: “Isveçrədə çıxan kitabım 32-34 avro olub. Norveçdə daha baha qiymətə satılıb. Çox təəssüf ki, Azərbaycanda yox!”.
Bax burda atalarımız doğru deyiblər: “Keçi can hayında, qəssab piy axtarır!”.