Bəs bizi niyə söyürdünüz?

10 ildir bizi tərbiyəsizlikdə, qanacaqsızlıqda günahlandırırdılar.

10 ildir bizi böyük-kiçik yeri bilməməkdə, anarxistlikdə, yekəbaşlıqda, mentalitet düşmənçiliyində ittiham edirdilər.
10 ildir bizi yalan və böhtan yazmaqda, “Azərbaycanın görkəmli ziyalılarına çamur atmaqda” suçlayırdılar.
10 ildir biz Azərbaycan cəmiyyətinin böyük çoxluğu üçün erməni dəyirmanına su tökən, rus, Israil nə bilim daha hansı ölkə kəşfiyyatına işləyən yaramazlar, xainlər, satqınlar idik.
Çox sadə səbəbdən: biz – bir ovuc gənc yazar özünü bu ölkənin aydını, ziyalısı hesab edənlərdən heç olmasa bircə dəfə də qarınları ilə yox, qafaları ilə düşünmələrini istəyirdik. Onlardan güclünün yox, gücsüzün, əzənin yox, əzilənin yanında olmalarını istəyirdik. Ortaya vətəndaş mövqeyi qoymalarını istəyirdik. Azərbaycanı başına alıb gedən bu çirkin, iyrənc, namussuz gedişata “dur” demələrini, deyə bilmələrini istəyirdik.
Hüquq dibindən qaşınır bu ölkədə, zülm, haqsızlıq idarəçilik normativinə çevrilir, amma onlar susurdular.
Yalan, yaltaqlıq, işverənlik, dələduzluq həyat tərzinə dönüşdürülür, ölkə orta çağ qaranlığının dibinə gömülür, amma onlar dinmirdilər.
Və biz deyirdik ki, bu gün ictimai mənafeni hakimiyyətin orden-medallarından, təqaüdlərindən üstün tutanlar, xalqın maraqlarını “uf” demədən şəxsi mənfəətlərinə qurban verənlər bu ölkənin aydını olmağa iddia edə bilməz. Bu millətin əli hər iki dünyada bu cür merkantil, mutant ziyalı ordusunun yaxasında olacaq deyirdik.
Bizim onlardan heç bir şəxsi təmənnamız, umacağımız yox idi. Bütün tələblərimiz ictimai idi. Deyirdik ki, ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıbsınız, sağ olun, bəs həyatda niyə pis padşaha nökər-naiblik edirsiniz?
Deyirdik ki, adınızı intellektual qoyub döşünüzə döyürsünüz, əcəb eləyirsiniz, çoxlu kitablar oxumusunuz, sağ olun, bəs xalqın ürəyindən keçənləri niyə oxumursunuz?
Deyirdik ki, alimliyinizə sözümüz yoxdur, bəlkə doğrudan da elmə böyük yeniliklər gətirmisiniz, bir söz demirik, bəs ölkənin köhnəliyin girovuna çevrilməsinə niyə etiraz etmirsiniz?
Deyirdik ki, nə vaxtadək övladlarınızı prokuror təyin etdirmək, səfir göndərmək adına susacaqsınız, bir dəfə də millətin uşaqları yatağa ac girməsin, sizinkilər səfir gedərkən, onlar heç olmasa, məktəbə gedə bilsin deyə həqiqəti danışın, gerçəkləri söyləyin.
Deyirdik ki, bəsdirin bu talançı, oğru, saxtakar rejimlə bir yastığa baş qoydunuz, bir az da bu millət və vətən yolunda başınızı qoyun.
10 ildir biz bunları deyirdik, bunları yazırdıq, bunları tələb edirdik. Və söyülürdük, aşağılanır, alçaldılırdıq. Dörd yandan üstümüzə gəlirdilər, “hələ onların yazdıqlarının yarısını yazın, sonra danışın”, “hələ onların atılan dırnağı olun, sonra danışın” deyə hər tərəfdən üstümüzə çəmkirirdilər. Çoxluğun gözündə bu bir ovuc gənc yazar vətən xaini, millət düşməni idi. Erməni dəyirmanına su tökən, Azərbaycanı satmağa hazır olan tüfeyli dəstəsi idi.
Və günlərdir bir neçə ziyalının keçirdiyi forum, o forumda səslənən bəyanatlar haqqında ehtizazlı yazıları, hürrey-qürreyləri, şadyanalıqları, toy-bayramı görüncə soruşmadan keçə bilmirəm: bəs biz 10 ildir bu adamlardan şəxsi çıxarlarını, ailə mənfəətlərini bir kənara qoyub, Azərbaycanı hər gün daha çox yağmalayan, talayan rejimin təklif etdiyi imtiyazlardan, titullardan üz çevirib həqiqətləri danışmalarını, doğruları söyləmələrini,  susmamalarını, vətəndaş mövqeyi, ziyalı etirazı sərgiləmələrini tələb edəndə niyə söyürdünüz bizi? Niyə aşağılayırdınız? Niyə xor görməyə çalışırdınız?
Bir halda ki, bu ziyalı ordusunun yumşaq da olsa, hakimiyyəti tənqid etməyə, ölkədəki hüquqsuzluğa, quldurluğa, əclaflıqlara etiraz səsini qaldırmağa başlaması sizi bu qədər sevindirir, bəs onda 10 ildir bu adamları “Onların borcu kitablarını yazmaqdır”, “Onlar onsuz da öz intellektləri və istedadları ilə xalqa xidmət edirlər”, “onlar rejimlə əsərlərində mübarizə aparırlar” deyə niyə qoruyurdunuz bizdən?
Bizdən qoruyurdunuz, yaxşı eləyirdiniz, bəs bizi niyə söyürdünüz?
Heç olmasa indi anlayırsınızmı bizi “erməni dəyirmanına su tökməkdə” ittiham edərkən, əslində bizim illər boyu sizin dəyirmanınıza su tökdüyümüzü?
Yoxsa bunu anlamağa da bir 10 il lazımdır?