Bərdədə İctimai Palata

Noyabrın 6-da Bərdədə İctimai Palatanın regional şöbəsinin təsis konfransı keçirilib. Bu barədə qəzetimizə məlumatı AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev verib. Təsis konfransında AXCP rəhbərliyini təmsil edən N.Əliyevin sözlərinə görə, konfransda AXCP və Müsavat Partiyasından hərəsindən 2 nəfər olmaqla əlaqələndiricilər seçilib. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi ilə davam edən konfransda Bərdədəki mövcud durumla bağlı bəyanat qəbul olunub.

Bəyanatda İP-nın regional şöbəsi Bərdənin icra başçısı Vidadi İsayevin rayonda apardığı təmir-tikinti işləri ilə bağlı narahatlığını ifadə edib. Bəyanat müəllifləri vurğulayırlar ki, icra başçısı rayonda apardığı abadlıq işlərini dövlət vəsaitləri hesabına yox, büdcə təşkilatlarında çalışanlardan alınan vəsaitlə reallaşdırır. Bu prosesə hətta bələdiyyə və digər strukturlar da cəlb olunub. İcra başçısının tələb etdiyi maliyyəni verməkdən imtina edən büdcə təşkilatlarında çalışanlar isə işlərini itirməklə hədələnirlər.

İnformasiya şöbəsi