DIN-in indidən təhlükəsizliklə bağlı müşavirə keçirməsi «Azadlıq»ın yazdıqlarının doğru olduğunu göstərir
Daxili Işlər Nazirliyində “Eurovision” musiqi müsabiqəsi ilə bağlı əməliyyat müşavirəsi keçirilib. Nazir Ramil Usubovun rəhbərliyi ilə keçirilən dünənki müşavirədə paytaxtda ictimai təhlükəsizliyin təmin olunması müzakirə edilib. Bildirilib ki, “Eurovision” Təşkilat Komitəsinin hazırladığı tədbirlər planında məsul qurumlar və icra müddətləri müəyyən edilib:
“Bu beynəlxalq tədbirin təşkilində Daxili Işlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür”.
Müşavirədə Ramil Usubov paytaxtda ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif sahələrin rəhbərlərinə tapşırıqlarını verib.
Bu müşavirənin qəzetimizin ötən sayında Iranın “Eurovision -2012” Mahnı Müsabiqəsinin baş tutması üçün təxribatlar planlaşdırması barədə məlumatından sonra keçirilməsi diqqətdən qaçmamalıdır. Həmin məlumatda deyilirdi ki, Azərbaycan hakimiyyəti də Iranın hansısa təxribatlar törədəcəyindən məlumatlıdır və bundan çox narahatdır. Hətta hakimiyyət öz narahatlığını Iran rəsmilərinin diqqətinə çatdırıb. Qonşu ölkənin rəsmiləri narahatlığa heç bir əsas olmadığını bildirsələr də, Azərbaycan hakimiyyətinin Tehranın təxribatları barədə şübhələri aradan qalxmayıb. Ona görə də hakimiyyət ehtiyat tədbirləri görməyi qərara alıb. Bu günlərdə dini qanunvericiliyə edilən dəyişikliklər bu tədbirlərin tərkib hissəsi sayıla bilər. Ekspertlər də hesab edir ki, sözügedən dəyişikliklər dini kontingenti nəzarətə almaq məqsədi daşıyır.
Bu məlumatdan sonra DIN-də belə müşavirənin keçirilməsi hakimiyyətin narahatlığı barədə deyilənlərin əsassız olmadığını göstərir. Əks təqdirdə DIN “Eurovision – 2012″yə 6 aya yaxın bir müddət qalmasına baxmayaraq indidən təhlükəsizliklə bağlı müşavirə keçirməzdi.
Informasiya şöbəsi