Artıq yapçılar da inqilaba inanır

Keçənlərdə yaptokrat deputat Aydın Mirzəzadə “Reytinq” qəzetinə müsahibə verib demişdi ki, Azərbaycanda hələ uzun müddət inqilab gözlənilmir.

Fikir verdinizmi, demir ki, Azərbaycanda inqilab gözlənilmir, deyir ki, hələlik gözlənilmir.
Amma başqa vaxt olsaydı, Aydın Mirzəzadə “Nə inqilab? Inqilab hara, Azərbaycan hara? Bizdə heç vaxt inqilab ola bilməz!” şəklində bir hay-həşir salmışdı, gəl görəsən. Bəli, biz yaptokratların Azərbaycanda inqilabın mümkünlüyü barədə suallara qəhqəhə ataraq, şaqqanaq çəkərək verdikləri ironiyalı, kinayəli cavabları xatırlayırıq. Amma indi eyni suala cavab verəndə kəkələyirlər, alınlarına soyuq tər gəlir, gözləri səyirir.
Qayıdaq Aydın Mirzəzadənin sözlərinə. Bu sözlər məntiq hissini qoruyub az-çox saxlamış bir rejim mənsubunun timsalında artıq inqilab məfhumunun yaptokratların alt şüurunda da özünə yer elədiyini göstərir. Sübut edir ki, Azərbaycanda inqilabi situasiyanın hər gün bir az da dərinləşdiyini, gücləndiyini, əslində, hakimiyyətdəkilər də ağıllarının bir yerində çox yaxşı bilirlər. Onlar da fərqindədirlər ki, bu cür dəhşətli dərəcədə pis, iyrənc idarəetmənin sonu yaxşı heç nə vəd eləmir. Onlar da anlayırlar ki, hüququ əzib keçən, korrupsiyadan mayalanan, saxtakarlıqla, yalan və yaltaqlıqla qidalanan sistemlərin çöküşü qaçılmazdır. Bu cür sistemlər zor və zopa gücünə ən yaxşı halda bir neçə on il ayaqda qala bilərlər. Axırda mütləq sarsılmalı, dağılmalı, yıxılmalıdır. Və bunun da yolu inqilabdır. Xalq etirazları, üsyanlarıdır.
Qısası, bu gün bizim yaptokratlarla eyni cizgidə olduğumuz tək məsələ inqilabın labüdlüyüdür, qaçılmazlığıdır. Yaptokratların altşüurunda özünə yer eləyən inqilab gözləntisi, ən azı bizdə olduğu qədər güclüdür. Həm onlar, həm biz yalnız bir nöqtədə birləşirik: Azərbaycanda inqilab onsuz da olacaq!
Sadəcə, aramızda incə bir fərq var.
Fərq ondadır ki, onlar bunun baş verməsini istəmirlər, ən yaxşı halda, mümkün olduğu qədər gec baş verməsini istəyirlər. Bizsə həm bunun baş verməsini istəyirik, həm də mümkün qədər tez baş verməsini istəyirik.
Bu nöqtədən sonra inqilab istəyir baş versin, istəyir baş verməsin, istəyir tez baş versin, istəyir gec baş versin – bir o qədər önəmli deyil. Önəmli olan “inqilab” sözünün, hətta rejim yandaşları, irtica mənsubları üçün də adiləşməsi, qaçılmaz sonluğa çevrilməsidir.
Vaxt vardı insanların dilinə ən yad, yabançı sözlərdən biri idi “inqilab”. Amma indi istənilən ictimai söhbətin açar sözünə çevrilib.
Harda bir avtoritar rejimə, harda bir tirana qarşı üsyan başladımı, harda bir anti-xalq, anti-demokratik rejimin dayaqları sarsıldımı çayxanalarda, toyxanalarda, avtobuslarda müzakirə mövzusu “o əjdahadan bizdə niyə olmadığı”dır. Ictimai ovqat indiyədək heç vaxt “inqilab” sözünə bu qədər köklənməyib.
Artıq “müxalifət getsin seçkiyə, gücünü göstərsin” kimi zəvzəkliklərə rast gəlməzsiniz.
Artıq hər kəs Azərbaycanda siyasətin, seçki mübarizəsinin rejimin zoru, zopası, saxtakarlığı qarşısında yararsızlığını və faydasızlığını anlayır. Artıq çoxluq üçün çıxış yolu inqilabdır.
Inqilab Azərbaycan cəmiyyətinin niyyətinə çevrilib. Niyyət isə əməldən əfzəldir. Niyyət əməlin yarısı deməkdir.
Cəmiyyətdəki bu ab-hava mümkün deyildi ki, yaptokratları etkiləməsin. Onlar da nə baş verəcəyini artıq yaxşı görürlər, bilirlər. Ona görə də bir zamanlar “Azərbaycanda heç vaxt inqilab ola bilməz”, “Əşşi, nə inqilab, bizdə bu, mümkün deyil”, “Inqilab hara, Azərbaycan hara?” deyə, yeri-göyü inlədən, məntiq və reallıq hissini tamamilə itirməmiş yaptokratlar yavaş-yavaş altşüurlarında gizlənən həqiqəti dilə gətirməyə başlayırlar. “Inqilab olmayacaq” demirlər artıq. “Hələlik inqilab gözlənilmir” deyirlər.
Yəni, artıq yaptokratlar da bizim kimi inqilabın qaçılmazlığını etiraf edirlər. Sadəcə, biz onun tez, onlar gec olacağını deyirlər. Bu isə, o qədər də önəmli deyil. 
Önəmli odur ki, bəlkə də uzun zamandan bəri ilk dəfə bu hakimiyyətə öz həqiqətimizi diqtə etdik. Onlar bizə “Azərbaycanda inqilab ola bilməz” yalanını sırıya bilmədilər. Amma biz onlara “Azərbaycanda inqilab qaçılmazdır” gerçəyini qəbul etdirə bildik.
Ciddi uğurdur, hətta təbrik də düşür.