amerika

ABŞ dünyanı “tutmaq” istəyir

Vaşinqtonun «Çinə qarşı hamı ilə əməkdaşlıq» planı və adı xatırlanmayan Hindistan barədə…

Dünyanın siyasi xəritəsində şok dəyişiklik planı… Bu dəfə də təklif okeanın o tayından gəldi. ABŞ öz strateqlərinin dililə yeni dünya ilə bağlı planlarını ortaya qoydu. Hərçənd, bu məsələyə indiyə qədər adekvat reaksiya yoxdur. Ona görə də ilk növbədə dəyərli oxucumuza sözügedən planın nədən ibarət olduğunu və kim tərəfindən ortaya atıldığını açıqlayaq.
Bugünlərdə Aleksis De Tokvel mükafatına layiq görülmüş ABŞ alimi və siyasi xadimi Zbiqnev Bzejinski öz ölkəsinin planları və dünyanı necə görmək istədikləri barədə danışıb. Bzejinski açıq deyib ki, onu kimin hansı ölkədə hakimiyyətdə olması maraqlandırmır. Çünki daha çox nəsillərin taleyi barədə düşünür. Nəsillərin taleyi barədə isə daha qabarıq danışan Bzejinski Rusiyanı öz təhlükəsizlik sistemləri içərisində gördüyünü deyib. Onun fikrincə, Qərb sivilizasiyasının növbəti dövr fəaliyyətində Türkiyə və Rusiya mühüm rol oynayacaq.
Bu açıqlamanın dünyanın yeni xəritəsinin yaranacağına işarə olduğunu deyə bilərik. Amma söhbət həm də adıçəkilən dövlətlərin bu açıqlamaya hər hansı reaksiya verməməsindən gedir. Təhlilə keçməmişdən əvvəl biz hələ neçə il əvvəl Qərb mediasında Rusiya haqqında yer alan və bəzi rus ziyalıları tərəfindən dəstəklənən ideyanı xatırlatmaq istərdik.

Rusiya ilə bağlı köhnə plan…

Rusiyanın Qərb ölkələrilə münasibətlərinin ən gərgin vaxtlarında – Putinin Avropanı qazla imtahana çəkdiyi günlərdə Moskvada bir çox ziyalılar belə fikirlər səsləndirməyə başlamışdılar ki, imperialist siyasət artıq Kreml ulduzlarının gücü daxilində deyil. Rusiya öz təbii kiçik torpaqlarına qayıtmalı və başqa ölkələrə qarşı iddialarından əl çəkməli, zorla genişlənmə siyasətinə son qoymalıdır. Bu, həm də Moskvaya mədəni dünya ilə birgə yaşamaqda və qarşılıqlı inteqrasiya məsələsində kömək edə bilər. Elə həmin vaxtlarda Rusiyanın öz imkanları üzərində bir siyasət yeritdiyini yazan Qərb mediasında belə bir tezis ortaya atılmışdı ki, Rusiya parçalanmalı, federasiyanın böyük subyektləri müstəqillik əldə etməlidir. Rusiyanın Avropa hissəsi isə öncə Avropa Birliyinə, daha sonra NATO-ya inteqrasiya etməlidir. Yalnız bu halda, Qərb və bütövlükdə Rusiya Federasiyası xalqları bu imperialist siyasətdən əziyyət çəkməzlər. Yəni, Rusiya hazırda imkanı və gücü daxilində olmayan cəhdlər edir və bununla da həm özünə, həm də əlaqəli olduğu dövlətlərə çətinliklər yaradır.

Türkiyə işin harasındadır?

“Ərəb baharı” prosesləri göstərdi ki, Türkiyə Qərblə həmrəy olmağı bacarır. Insan haqları və demokratiya sahəsindəki fəal çalışmaları onun Yaxın Şərqdəki proseslərdə əsas fiqur olduğunu deməyə imkan verir. Fəqət Avropa Birliyi ölkələrindən bir neçəsinin subyektiv yanaşma ilə Türkiyənin bu quruma üzv olmasını əngəlləməsi, həm də o deməkdir ki, Avropa Birliyi ilə ABŞ hələ də bütün və ya əksər parametrlər üzrə ortaq maraqlardan çıxış edə bilmirlər. Belə olmasaydı, ABŞ-ın fəal müttəfiqləri kimi görünən Fransa və Almaniyadan Türkiyənin Avropa Birliyinə yolunu bağlayan bəyanatlar eşitməzdik.
Görünür ki, biz hələ bir çox maraqlı proseslərə şahidlik edəcəyik. Nəzərə alsaq ki, ABŞ artıq planlarını Rusiya üzərində qurur, deməli, bir çox məsələləri indidən yekunlaşmış saymaq olar. Onların sırasına Türkiyənin Avropa Birliyinə üzvlüyü də daxildir, təbii ki.

Suriya və Iran bitdimi?

Bzejinski Rusiya ilə bağlı fikirlərini dilə gətirməmişdən bir-iki gün əvvəl ABŞ dövlət katibi Hillari Klinton Irandakı gənclərə səslənərək bildirdi ki, Vaşinqton onların azadlıq mübarizəsini dəstəkləyəcək. Bəzi analitiklər belə hesab edirdilər ki, iranlı gənclərə çağırışla ABŞ Tehranı öz daxilinə fokslaşdırmaq və Suriyada daha rahat demokratik dəyişikliyi təmin etmək məqsədi güdür. Amma Rusiyanın ABŞ-la strateji ortaqlığından danışmaq onu deməyə əsas verir ki, Vaşinqtonun strateqləri artıq Yaxın Şərq məsələlərini bitmiş sayırlar. Hətta Cənubi Qafqaz barədə də xüsusi blokda şərhə ehtiyac yoxdur. Çünki Rusiyanın Qərblə bir təhlükəsizlik sistemində olacağına dair fikirlər o deməkdir ki, Cənubi Qafqazda da işlər bitib. Amma maraqlı suallardan biri budur ki, bütün bu hazırlıqlar nə üçündür? Yəni, Rusiya ilə əməkdaşlıq hədəfdirmi, vasitədirmi?

Orta Asiya – cəbhə xətti

Qəzzafinin ölümündən bir gün sonra Hillari Klintonun Özbəkistan barədə fikirləri diqqəti cəlb elədi. Birdən-birə niyə məhz Orta Asiyanın iti dişli dövləti? Burada iki cür şərh mümkündür. Birincisi ondan ibarətdir ki, Özbəkistanla haqq-hesabı çəkmək yerdə qalan avtoritar cəmiyyətlər üçün mühasirə yaratmaq deməkdir. Yəni, onlar üçün bu, “damarlarının kəsilməsi” demək ola bilər. Amma biz daha böyük diktatorların da devrildiyini nəzərə alsaq, belə bir nəticə çıxara bilərik ki, ardıcıl inqilablar diktatorların deyil, xalqların yoluxması nəticəsində baş verir. Özbəkistan isə Çinlə bağlılığa görə diqqəti çəkir. Yəni, hazırda Çinlə sərhəddə olan Özbəkistan “cəbhə xətti” rolunu oynayır.

ABŞ-Avropa Birliyi + Rusiya və Türkiyə

Bu qədər geniş spektrli birlik arzusu və ya planı kimə və niyə lazım olsun? Sözün məcazi mənasında bütün dünyanı birləşdirmək cəhdi nə üçün maraqlı olsun ki? Amma görünür ki, Qərb sivilizasiyası özü üçün daha mühüm təhlükəni Çindən görür. Çinin stabil templə artan iqtisadi gücü və əhalisinin sayı açıq şəkildə dünya üçün, xüsusilə də dünyanı planlaşdırmaq iddiasında olan Qərb sivilizasiyası üçün təhlükəyə çevrilib. Buna görə də ABŞ çalışır ki, Çinin daha böyük texnoloji və elmi potensialı yaranmamış, onun fiziki genişlənməsinin qarşısını alsın. Buna görə də dünyanın böyük bir hissəsinin həmrəyliyi vacibdir. Elə məsələlər var ki, konkret insan resurslarının iştirakı zəruridir. Odur ki, ABŞ Avropa Birliyi, Rusiya və Türkiyə ilə nəsilləri əhatə edən bir əməkdaşlığa çalışır.

Hindistan – gözlə görünməyən tir…

Hesab edirik ki, bütün bu planlarda diqqətdən qaçan və ya qaçırılan maraqlı və nəhəng güclərdən biri Hindistandır. Biz növbəti araşdırmamızda bu dövlətin geopolitikada iştirakı və maraqları, hansı dünya düzəninə üstünlük verməsi, hansı təhlükəsizlik sisteminə etibar etməsini araşdırmağa çalışacağıq.

Qafqaz Araşdırmalar Dərnəyi