Vidadi İsgəndərliyə qarşı yeni təxribatlar hazırlanır

Şüvəlan türməsinə köçürülən hüquq müdafiəçisi həyəcan təbili çalır

“Vidadi Isgəndərlinin həyatına təhlükə var. Həbsxanada ona qarşı yeni təxribatlar hazırlanır. Onu şantaj edib həbs müddətini artırmaq istəyirlər” – bu sözləri hüquq müdafiəçisinin qardaşı Oqtay Isgəndərli deyir. O.Isgəndərlinin sözlərinə görə, Vidadi Isgəndərli artıq Şüvəlan təcridxanasına köçürülüb:
“Apelyasiya Məhkəməsi bitəndən sonra onu Gəncə istintaq təcridxanasından Bakıya gətirdilər. Biz onunla görüşəndə dedi ki, Bakıda ona qarşı növbəti bir təxribat hazırlanır. Vidadi Isgəndərliyə artıq məlumat daxil olub. Dustaqların əliylə ona növbəti cinayət işi açmaq istəyirlər. Plana görə, Vidadi dustaqlardan kimisə döyəcək. Ola bilsin, hansısa məhbus ona qarşı nalayiq hərəkət etsin. Hamı bilir ki, o, əsəbi adamdır. Xırda bir şeyə görə onu hövsələdən çıxarmaq mümkündür. Həmçinin şəkər xəstəliyindən əziyyət çəkir. Vidadi Isgəndərli beynəlxalq təşkilatları bu məsələdə ayıq olmağa çağırır”.
Qeyd edək ki, Vidadi Isgəndərli Ictimai Palatanın aprelin 17-də Bakıda keçirdiyi mitinqə görə həbs olunaraq 15 sutka azadlıqdan məhrum edilib. Mayın 2-də – həbs cəzası başa çatan gün ona Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1-ci maddələri ilə yeni ittiham elan olunub. Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hüquq müdafiəçisi seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmədə günahlandırılır.
Vidadi Isgəndərli 2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizəd olub.

Ramin DEKO