Ukraynanın keçmiş baş naziri təcridxana qarşısında aksiya keçirənləri səbr etməyə çağırdı
Rusiya ilə qaz sazişinin imzalanması zamanı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilən Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko saxlanıldığı təcridxananın qarşısında aksiya keçirən tərəfdarlarına müraciət edib.
Ukraynada “Narıncı inqilab”ın memarlarından biri olmuş Timoşenkonun 100-ə yaxın tərəfdarı təcridxana önündə etiraz aksiyası keçirərək, “Yuliyaya azadlıq!” şüarları səsləndiriblər. Onlar keçmiş baş nazirin həbsdən azad edilməsini tələb ediblər. Aksiyanın gedişi zamanı heç kimin gözləmədiyi halda Yuliya Timoşenko təcridxananın yuxarı pəncərələrinə qalxaraq, tərəfdarlarını salamlayıb. Keçmiş baş nazir onu dəstəkləyənləri səbr etməyə çağırıb.
Xatırladaq ki, Timoşenko ona qarşı irəli sürülən ittihamları rədd edərək baş verənlərə görə prezident Viktor Yanukoviçi günahlandırır. Keçmiş baş nazir iddia edir ki, ölkə başçısının məqsədi onu qarşıdan gələn parlament seçkilərindən kənarda saxlamaqdır. Timoşenkonun həbsini dünya ictimaiyyəti də pisləyib. Hətta bu məqam Ukraynanın Avropa Birliyinə inteqrasiya məsələsini sual altına alıb.


