Əsgərlərin sığorta pulu da mənimsənilir

«Hərbi qulluqçuların həyatını qorumayan dövlət qan pulunu da vermək istəmir»

Üzeyir Cəfərov: «Bu məsələlərin üstü açılanda övladını itirmiş valideynlər qanunsuzluqlara yol verənlərə rəhm etməyəcək»

Azərbaycanda məmurların qanuna məhəl qoymaması, şəxsi maraqlarını üstün tutması heç kəsə sirr deyil. Bunu ordu ilə bağlı olan məsələlərə də aid etmək olar. Lakin bu günlərdə maliyyə naziri Samir Şərifovun Ali Məhkəmənin sədri Ramiz Rzayevə göndərdiyi məktubun açıqlanması daha ciddi faktları ortaya çıxarıb. Məlum olub ki, maliyyə naziri hərbi xidmət keçdiyi zaman həlak olan hərbçilərin ailələrinə çatmalı olan sığorta pulunun verilməməsinə çalışır. Bu məsələdə ona yardımçı olması üçün isə Ali Məhkəmənin sədrinə müraciət edib. Eyni zamanda məktubda nazirin qanundakı boşluqdan məharətlə istifadə etmək cəhdi də gözə çarpır. Belə ki, Dövlət Kommersiya Sığorta Şirkəti “Azərsığorta” sonradan yaradılıb və müharibənin ilk illərində fəaliyyət göstərməyib. Məhz bunu bəhanə gətirən “Azərsığorta” ölən hərbçilərə sığorta ödəməkdən boyun qaçırır.
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov bu gün də dünyasını dəyişmiş və haqqında məhkəmə qətnaməsi olmuş insanların ailələrinə pulların ödənmədiyini deyir: “Azərsığorta” dövlətin pulu ilə öz ciblərini səhv salır. Bəzi hallarda insanları incitməklə məşğuldur. Bunların funksiyası dövlətin öz əsgərinə, hərbi qulluqçusuna görə həmin sığorta şirkətinə ödədiyi pulu vaxtında insanlara çatdırmaqdı. Ancaq dövlətin təyin etdiyi 11 min manat sığorta pulunu “Azərsığorta” müxtəlif bəhanələrlə ödəmir. Adını da qoyur ki, guya o vaxt onlar sığorta olunmayıb, çünki belə qanun yox idi. Əsgərin günahı yoxdur ki, dövlət vaxtında onun hüquqlarını sənədləşdirməyib”.
Ekspert 1997-ci ildən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun olduğunu və ona uyğun olaraq “Azərsığorta”nın hərbi qulluqçulara sığorta ödəməli olduğunu deyir.
Ü.Cəfərovun sözlərinə görə, bəzi valideynlər övladları hərbi komissarlığa çağırılan gündən dövlətin onların həyatını sığortaladığını bilmir.
Ekspert məsələ ilə ciddi məşğul olacaqlarını və bununla bağlı müvafiq instansiyalara müraciət edəcəklərini də qeyd etdi: “Yaxşı olardı ki, korrupsiya ilə mübarizə idarəsi ”Azərsığorta”nın fəaliyyəti ilə maraqlansın. Görsün ora keçirilən pullar hansı məqsədlərə xidmət edir. Bu pullar niyə həlak olmuş insanlara verilmir. Bunlar insanları bezdirməklə məşğuldurlar. Bu çox böyük qalmaqaldır”.
Ekspert “Azərsığorta” şirkətinin övladı hərbi qulluq zamanı həlak olan valideynlərə 11 min manat əvəzinə 1100 manat təklif etdiyini də bildirdi. Buna əsas kimi isə 1997-ci ildə qanun qəbul olunan zaman sığorta məbləğinin 1100 manat olduğunu göstərirlər: “Ötür-ötür oyunu davam edir. ”Azərsığorta” süründürməçiliklə məşğuldur. Əgər belə hal davam etsə, işlər Avropa Məhkəməsinə gedib çıxacaq. Çünki həmin hərbi qulluqçuların həyatını qorumaq dövlətin borcu idi. Bunu bacarmayıb, heç olmasa qan pulunu versin. Hər il nə qədər əsgər orduya çağırılır. Onların hər birinə görə “Azərsığorta” şirkətinə pul ödənilir. Ancaq məmurlar özbaşınalıq edir və valideynlərə vaxtsız dünyasını dəyişmiş övladlarının qan pulunu vermirlər. Bu məsələlərin üstü açılanda övladını itirmiş valideynlər qanunsuzluqlara yol verənlərə rəhm etməyəcək”.

Fizzə