Nazirin bu addımı hələ də polis rəisinin Hacı Məmmədov olayında tutduğu mövqeyini unutmaması ilə əlaqələndirilir
Xəbər verildiyi kimi daxili işlər naziri Ramil Usubov bir neçə rayon polis idarəsinin rəislərini dəyişib. Nazirin kadr islahatlarında əsas diqqət çəkən Nəsimi rayon polis idarəsinin rəisi Məmməd Mikayılovun yerinin Suraxanıya dəyişdirilməsi olub. “Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, ekspertlər Məmməd Mikayılovun yeni təyinatını onun karyerasının enişi kimi qiymətləndirirlər. Bunun kökündə isə Ramil Usubovla polis rəisi arasında münasibətlərin soyuq olması dayanır. Bəs adıçəkilən şəxslərin münasibətləri nədən soyuyub?
Məlumatlara görə, bunun əsas səbəbi “Qara Kəmər” əməliyyatı ilə bağlıdır. Iddia olunur ki, DIN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğu və bir sıra başqa ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovun həbsindən sonra Ramil Usubova qarşı başlanan kampaniyada Məmməd Mikayılov əks tərəfdə olub. Bu, nazirin xoşuna gəlməsə də, o zaman Xətai polisinin rəisi olan Məmməd Mikayılovu daxil işlər orqanlarından uzaqlaşdıra bilməyib. Polis rəisinin Hacı Məmmədov işi ilə bağlı kifayət qədər məlumatlı olması Ramil Usubovun onunla ehtiyatlı davranmasına səbəb olub. Nazir hətta Məmməd Mikayılovun danışa biləcəyindən ehtiyat edərkən onu daha yuxarı vəzifəyə – Interpolun Bakı Bürosunun rəisi vəzifəsinə təyin edib. “Hacı Məmmədov qalmaqalı” və Ramil Usubova qarşı kampaniya səngiyəndən sonra nazir onun vəzifəsini aşağı salaraq Nəsimi Rayon Polis Idarəsinə rəis təyin edib. Indi isə Məmməd Mikayılov şəhərin mərkəzindən bir qədər də ucqara – Suraxanıya sürgün edilib. Onu da qeyd edək ki, Məmməd Mikayılov yeganə rayon polis idarəsinin rəisləri arasında yeganə generaldır.
Informasiya şöbəsi