Baş redaktorun apelyasiya şikayəti təmin olunmadı; istintaq təcridxanasında onun əleyhinə ifadə toplayırlar
“Xural” qəzetinin əməkdaşı Kamran Zamanlının idarə etdiyi “Mercedes” markalı avtomobil Heydər Əliyev prospekti ilə hərəkət edərkən üzərində heç bir dövlət nömrə nişanı olmayan, metal rəngli, arxa şüşələri qara “plyonkalı”, yan şüşələri pərdəli olan C klass “Mercedes” avtomobil onu sıxışdırıb. Rəsmi geyimli, təxminən 30 yaşlarında olan sürücünün yanında başqa bir şəxs də olub. Sürücü K.Zamanlıya maşını yolun kənarına çıxarmağı əmr edib. Jurnalist “Xural” la bağlı son günlər baş verən hadisələrin qovğasında maşını saxlamayaraq Nərimanov rayon Polis Idarəsinə tərəf sürüb. Vəziyyətin bu cür dönüşünü gözləməyən təqibçilər K.Zamanlıdan əl çəkməyə məcbur olublar. K.Zamanlının sözlərinə görə, naməlum sürücü ondan maşını saxlamağı əmr edəndə “Siz kimsiniz? Mən Sizi tanımıram” deyib, sürücü hiddətlə “saxla, indi tanıyarsan” cavabını verib. Jurnalist hadisə ilə əlaqədar DIN-nin 102 nömrəli qaynar xəttinə məlumat verib. Ona hadisənin araşdırılacağını bildiriblər.
“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı ayrı-ayrı qərarlardan verilən 4 apelyasiya şikayətinə ötən gün Apelyasiya Məhkəməsində baxıldı. Qapalı keçirilən məhkəmə iclası saat yarım davam etdikdən sonra şikayətlərin təmin olunmaması ilə bağlı qərar çıxarıldı. Ə.Zeynallı məhkəmə salonundan hazırda saxlanıldığı Kürdəxanı təcridxanasına göndərildi.
Baş redaktorun vəkili Elçin Sadıqovun sözlərinə görə, bu məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək. Ə.Zeynallı məhkəmə qarşısında prosesi izləməyə gələn həmkarlarına və doğmalarına, “darıxmayın, hər şey yaxşı olacaq” mesajını göndərib.
Xatırladaq ki, apelyasiya şikayətləri Əvəz Zeynallının evində, avtomobilində, “Xural” qəzetinin ofisində aparılan axtarışlar və barəsində seçilən həbs-qətimkan tədbiri ilə əlaqədar idi.
Məlumat üçün bildirək ki, Əvəz Zeynallı oktyabrın 28-də Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən tutularaq həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Onun deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi iddia edilir. Əvəz Zeynallı qəti olaraq ilk gündən bu iddiaları rədd edib və siyasi motivlər üzrə həbs olunduğunu önə çəkib. Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Əvəz Zeynallının evində, avtomobilində, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları və külli miqdarda sənəd götürüblər. Məhkəmənin qərarına əsasən, hər üç yerdə külli miqdarda pul və zinət əşyası axtarılıb. Axtarış nəticə verməyib. Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Son anda
Baş redaktora təzyiqlə bağlı dünən redaksiyamıza Kürdaxanı həbsxanasının adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Mənbənin sözlərinə görə, iş adamlarından Kürdəxanı həbsxanasının istintaq otaqlarında ifadə alınır. “Bu gün (dünən – red.) təcridxananın 8 saylı istintaq otağında Vüqar və Xanoğlan adlı iş adamlarından ifadə alınıb. Saat 16 radələrində ifadə verən iş adamlarından biri ilə müstəntiqlər arasında mübahisə yaranıb. 8 saylı istintaq otağında olan iş adamlarından biri uca səslə qışqıraraq bildirib ki, ”Mən görmədiyim, şahidi olmadığım hadisə ilə bağlı izahat verə bilmərəm”. Yarım saat davam edən mübahisədən sonra iş adamını sərbəst buraxıblar”.
Dünən yayılan başqa bir xəbərə görə isə Əvəz Zeynallıya qarşı onun qohumlarından da ifadə almaq istəyirlər. “Xural” qəzeti əməkdaşlarının yaydığı xəbərdə deyilir ki, baş redaktorun qohumu, “Xəmsə” restoranının sahibi Mürvət Həsənov və həmkədlisi Vüqar Məmmədov noyabrın 5-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. Onlardan Ə.Zeynallının əleyhinə ifadə alındığı söylənilir. M.Həsənov yaxın qohumlarına bildirib ki, onu Ə.Zeynallının üzünə durmağa məcbur edirlər.
Ə.Zeynallı əslən Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndindəndir. M.Həsənov və V.Məmmədov Ə.Zeynallının qohumlarıdır. M.Həsənov Ə.Zeynallı ilə bir sinifdə oxuyub. V.Məmmədov isə M.Həsənovla kirvədilər. Onlar hər zaman Ə.Zeynallı ilə qohumluq münasibətlərini qoruyub saxlayıblar.
Məlumat üçün onu da bildirək ki, okryabrın 28-də Əvəz Zeynallını müsahibə vermək üçün “Kanal-13” internet televiziyasına Mürvət Həsənov və Vüqar Məmmədov öz avtomobilləri ilə aparmışdı. Ə.Zeynallı M.Həsənovun avtomobilindən düşüb “Kanal-13” televiziyasının binasına girərkən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarə tərəfindən həbs edilmişdi.
V.Məmmədov da tanınmış iş adamıdır. O, “Bizim Kənd” mağazalar şəbəkəsinin sahibidir.
Informasiya şöbəsi