İstintaq Idarəsinin «rəisi» nazirin qudasını da oyuna salıb
“O mənə dedi ki, pulu Yusif İldırımzadəyə vermişəm”
“Milli Təhlükəsizlik Nazirliyinin (MTN) adından istifadə edərək məndən 2000 manat pulumu mənimsəyiblər”. Bu sözləri “Azadlıq”a Bakı sakini Kəmalə Cahangirova deyib. Onun sözlərinə görə, MTN-in adından istifadə edən Oleq Məmmədov adlı şəxsdir:
“Raisə və Oqtay Xudaverdiyev adlı şəxslər mənim torpaq sahəmi zəbt ediblər. Mən bu problemi həll etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdim. Iş Xətai rayon Polis Idarəsinin 36-cı bölməsində idi. Bu ərəfədə Əlikram adlı tanışım məni bir nəfərin yanına apardı. Bu, Oleq Məmmədov adlı şəxs idi. Həmin şəxs özünü mənə MTN-in istintaq idarəsinin rəisi kimi təqdim etdi. O, mənim etibarımı qazanmaq üçün vaxtaşırı kimlərəsə zəng edir, həmin adamların yüksək vəzifəli şəxslər olduğunu deyirdi. Bir dəfə isə o, guya daxili işlər nazirinin sürücüsü Vitya adlı şəxsə və dövlət başçısı Ilham Əliyevin Saşa adlı cangüdəninə zəng etdi. Bu cür hiylələrlə Oleq mənim etibarımı qazandı. Hətta o, bir dəfə mənimlə birgə 36-cı bölməyə gələrək mənim işimi aparan təhqiqatçı Vüsal Xəlilovla vəzifəli şəxs kimi görüşdü. Ondan mənim işimi ədalətlə araşdırmağı xahiş etdi”.
Kəmalə Cahangirova deyir ki, təhqiqatçının yanında olandan sonra Oleq Məmmədova inamı daha da artıb: “O, məni inandırdı ki, artıq iş həll olunub. Sadəcə Xətainin prokuroru Yusif Ildırımzadəyə 2 min manat pul vermək lazımdır. Mən də bu pulu verdim. 2010-cu ilin noyabrın 9-da isə mənə bəlli oldu ki, Xətai polisi mənim şikayət əsasımda cinayət işinin başlanmasını rədd edib”.
Şikayətçi dərhal Oleq Məmmədovla əlaqə saxlayaraq bu barədə ondan izahat tələb edib: “Lakin o mənə dedi ki, pulu Yusif Ildırımzadəyə vermişəm. Mənlik heç nə yoxdur. Bundan sonra başa düşdüm ki, aldanılmışam”.
Kəmalə Cahangirova bildirib ki, hazırda Oleq Məmmədov onu hədələyir: “Mənə hədə-qorxu gəlir ki, şikayət etsən başına oyun açacam. Ona görə də mən hüquq-mühafizə orqanlarına müraciət edərək bu məsələni diqqətdə saxlamalarını xahiş edirəm”.
Azad