2012-ci ilin ehtiyac meyarı reallığı əks etdirmir
Milli Məclisin Sosial siyasət və iqtisadi siyasət komitələrinin birgə iclasında 2012-ci ilə aid büdcə zərfinə daxil olan sənədlər müzakirə edilib. Dövlət büdcəsi zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də iclasda müzakirə olunub.
Müzakirələr vaxtı komitə sədri Hadı Rəcəbli 2012-ci il üçün ehtiyac meyarının 84 manat proqnozlaşdırıldığını bildirib. Millət vəkili yaşayış minimumunun həddinin 95 manatdan 108 manata qədər qaldırıldığını söyləyib. O da bildirilib ki, əmək qabiliyyətli şəxslər üçün yaşayış minimumu 102 manatdan 116 manata, pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçün 76 manatdan 87 manata qədər qaldırılır.
Ehtiyac meyarının 84 manat olacağı barədə şərhini dinlədiyimiz ekspertlər söyləyir ki, bu həddin 84 manat olacağı nələrisə köklü surətdə dəyişmir. Əslində bu rəqəm reallığı əks etdirmir, çünki gündən-günə bahalaşan məhsulların (əsasən də ərzaq məhsullarının) qiymətinə nəzər salanda bu həddin qiymətlərlə üst-üstə düşmədiyini söyləmək olar: “Rəsmi çevrə 84 manat ehtiyac meyarını qiyməti artmayan məhsullara nəzərən hesablayır. Eyni zamanda, minimum əməkhaqqı artmayıbsa, buna rəğmən, qiymətlər get-gedə artırsa, ehtiyac meyarının 84 manat təşkil etməsi olduqca minimaldır. Keçən ilə diqqət edəndə, bəzi ərzaq məhsullarının qiymətinin sıçrayışla artdığının şahidi olmuşuq, gündəlik məişətdə zəruri olan ət, kartof və sair məhsulların qiyməti keçən ildəki kimidirmi? 2012-ci ilin ehtiyac meyarını bütövlükdə qiyməti ucuz olan məhsullarla ölçmək doğru deyil. Hər halda, keçənilki 74 manat hədlə 84 manatın köklü fərqi olmasa da, hazırkı qiymətlərdə diqqətəçarpan fərqlər mövcuddur. Bu mənada ehtiyac meyarının builki dövlət büdcə zərfində 84 manat nəzərdə tutulması reallığı əks etdirmir”.
Nigar


