Əsədə qarşı «Allah-u-əkbər Cüməsi»

Suriyanın dörd bir yanı «Bəşər Əsəd rədd ol» dedi; diktator qan tökməməyə söz versə də, müxaliflər tank atəşinə tutuldu

Suriyada gərginlik davam edir. Ötən gün ölkənin müxtəlif bölgələrində Əsəd rejimi əleyhinə ənənəvi cümə etirazları keçirilib. Cümə namazından sonra küçələrə axışan insanlar Bəşər Əsəd əleyhinə şüarlar səsləndirib, onun istefasını tələb ediblər. Ölkənin dörd bir yanında baş tutan aksiyalara “Allah-u-əkbər Cüməsi” adı verilib. Aksiyalar zamanı “Bəşər Əsəd rədd ol”, “Sən qatilsən” kimi şüarlar səsləndirilib.
“Əl-Cəzirə” kanalının verdiyi məlumata görə, paytaxt Dəməşqin müxtəlif bölgələri daxil olmaqla Dəra, Həma, Humus, Idlib, Qamışlı və Dər-əz-Zor şəhərlərində keçirilən etiraz aksiyalarına yüz mindən çox insan qatılıb. Paytaxtın Kenaker bölgəsində keçirilən nümayiş zamanı hökumət qüvvələri yenə də müxaliflərə qarşı odlu silahdan istifadə edib. Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 2 nəfər həlak olub, 10-dan artıq yaralının olduğu bildirilir.
Suriya rəsmi xəbər agentliyi isə nümayişlərdə ölənlərin olduğuna dair xəbərləri təkzib edib. Hökumət rəsmiləri təhlükəsizlik qüvvələrinin etirazçıların təhlükəsizliyini təmin etməyə çalışdığını, nümayişçilərə naməlum silahlıların atəş açdığını vurğulayıb.
Bundan başqa, təhlükəsizlik qüvvələri ölkənin orta seqmentlərindəki Humus şəhərində keçirilən etiraz aksiyasının dağıdılması üçün tank və zirehli texnikadan istifadə edib. Şahidlərin sözlərinə görə, tanklardan açılan atəş nəticəsində, ən azı 10 nəfər ölüb, onlarla etirazçı yaralanıb. Fəallar onu da bildirib ki, Bəşər Əsəd Ərəb Liqasının təklif etdiyi “yol xəritəsi”ni qəbul etsə də, hakimiyyət əleyhdarlarına qarşı əməliyyatlar davam edir.
Xatırladaq ki, Suriya ordusunun xüsusi təyinatlıları Humus şəhərində kütləvi etirazların baş qaldırdığı məhəllələri atəşə tutub. “Əl-Cəzirə”nin məlumatına görə, şəhərin zirehli texnika yeridilən küçələrində iriçaplı pulemyotların səsi eşidilib. Suriya müxalifətinin elan etdiyi “ümumxalq qəzəb günü” ərəfəsində Əsəd rejimi kütləvi həbslərə start verib.