Rüstəmovlar ailəsi bir aydır küçələrdə yaşayır

Qonşusunun evini sökdürən Həsən Əliyev ona «uşaqların da öldü, sən də özünü öldür!» deyib

Nərimanov rayonunda müharibə veteranı, əlil, Vahid Rüstəmov iki azyaşlı uşağı və həyat yoldaşı ilə birgə bir aydır ki, küçələrdə gecələyir. 5 il əvvəl çətinliklə tikdiyi ikiotaqlı ev uçurulub. Vahid Rüstəmov və həyat yoldaşı evdə olmayanda qonşusu Həsən Əliyev “pulum var, Azərbaycan mənimdir” – deyərək, oktyabrın 6-da günorta evi yerlə-yeksan edib.
Sahə müvəkkili Allahverdi də Vahidin həyat yoldaşı Ruhiyyəyə  deyib: “Evi boşalt, çıx get. Sən onsuz da heç nə sübut edə bilməyəcəksən. Mən də bilirəm ki, sən 5 ildir orda yaşayırsan. Buna şahidəm. Ancaq paqon daşıyıram. Balalarımı dolandırmaq istəyirəm. Sənə görə işimi itirmək istəmirəm”.
Qonşuların dediyinə görə, ev uçurulan zaman uşaqlar evdə olub. Ancaq onlar qaça biliblər. Hazırda Rüstəmovlar ailəsi uçurulmuş evdən də çıxmamaq üçün rəsmi qurumların qəbuluna düşməyə çalışır: “JEK sənəd verdi ki, bu ailə 5 ildir burada yaşayır”.
Evə gələn polis rəisi “sənə kömək edəni də tutduracam, görüm o, nə haqla sənin tərəfini saxlayıb” deyərək ərazini tərk edib.
Telekanallara müraciət edən ailə “Xəzər”dən qəti cavab alır: “Bu, fərdi məsələdir. Belə işləri çəkib göstərəndə başımız ağrıyır”.

Hazırda evin işığını, suyunu, qazını da kəsiblər. Uşaqlara yeməyi neçə gündür qonşular verir.
Uşaqlardan kiçiyi – 4 yaşlı Yusifi uçulmuş evdə yatmış halda gördük. Qonşular dedi ki, günorta olsa da, uşaq hələ də ac yatıb: “Anası səhərdən sənədlərlə bağlı gedib. Uşaqlar gecələr də bu soyuqda yatır. Bir aydır bu cür dəhşətli vəziyyətdə yaşayırlar. Uşaqlar soyuqdan xəstələnib”.
Büzüşüb yatan qardaşının yanında çarpayıda oturan 10 yaşlı Allahverdi isə deyir ki, küçədə yatdığı gündən xəstələnib, məktəbə də gedə bilmir.
Ailə Ilham Əliyevdən, Mehriban Əliyevadan kömək gözləyir. Onlar bir neçə deputata kömək üçün müraciət ediblər. Qənirə Paşayeva, Sabir Rüstəmxanlı adıçəkilən ərazidən mandat qazanmadıqlarını deyərək problemlə maraqlana bilməyəcəklərini söyləyiblər.

Ramin