Qlobal prosesin kod adı – “1969-un revanşı” I yazı

1969-cu ildə Los-Anceles universitetinin müəllimi Leonard Klaynrok bir neçə kompyuteri birləşdirməklə, şəbəkə yaratdı və bu hadisə tarixə internetin yaranması kimi düşdü.

Bəşəriyyətin 1969-cu ilinin ən xoş hadisəsi, təəssüflər olsun ki, bununla bitdi. Dünyanın siyasi arenasında baş verən təlatümlər ön plana keçdi və tarixin qara ili – ən qəddar diktaturaların bərqərar olunması prosesi başladı. Şər imperiyası adlandırılan Sovetlər birliyi dünyaya qarşı ideoloji savaş elan etdi və səlib yürüşünə çıxdı. Dünyanın müxtəlif yerlərində hərbi çevrilişlər ölkələri bürüməyə başladı. Liviyada Müəmmər Qəzzafi, Pakistanda general Ağa Məhəmməd Yəhya xan, Panamada Omar Torrixos, Paraqvayda general Alfredo Stressner, Yəməndə Əbdül Razaq, Boliviyada Alfredo Ovando Kandia, Kambocada Lon Nol, Somalidə Məhəmməd Hüseyn, Benində kapitan Moris Kuandete, Somalidə general Məhəmməd Səid.., siyahı çox uzundur. Çexoslovakiya və Irlandiya hadisələri, Argentina, Toqo, Sudan, Vyetnam, ümumiyyətlə, 50-dən çox ölkədə antidemokratik rejimlərin qurulması və 10-dan çox ölkədə sonrakı bir il ərzində tiranlığa keçid, 1969-cu ilin bəşəriyyət üçün nə qədər qorxunc bir il olduğunu göstərir. Böyük depressiya illərini yenicə arxada qoyan ABŞ və əhəmiyyətli dərəcədə bundan nəsibini alan Ingiltərə, Fransa, Almaniya bu dövrdə əsasən iqtisadi yüksəliş dövrünün ilk illərini yaşayırdılar və dünyadakı iqtisadi böhrandan çıxmaq üzrə idilər.
Belə bir şəraitdə, SSRI Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) 3-cü dünya ölkələrində bir-birinin ardınca çevrilişlər təşkil etməyə başladı. Beş qitənin hər yerində oxşar çevrilişlər, eyni ssenari ilə təkrar olunmağa başladı. Hətta SSRI-nin yeni konstitusiyasının müzakirəsi zamanı, “partiya və hökumətin konstitusiyaya uyğun siyasət aparmadığı tədqirdə, istənilən vətəndaşın terror aktı törətmək hüququ olması”(!) bəndi də fəal müzakirə edilirdi. Bu bənd yuxarıda bəhs etdiyimiz dövlətlərdəki çevrilişləri ideoloji cəhətdən dəstəkləmək üçün ortaya atılmışdı, amma az qala o dövrdəki “gensek” L.I.Brejnevin ölümünə səbəb olacaqdı. Sovet ordusunun leytenantı Viktor Ilyin “təkbaşına” ona sui-qəsd təşkil etdi və xoşbəxtlikdən baş katib başqa maşına əyləşmişdi. DTK bununla da Brejnevə öz yerini göstərdi…
Bəli, ABŞ və dünya demokratiyası təhlükə qarşısında idi. Insan resurslarının ucuz və təbii sərvətlərin bol olduğu ölkələr bir-bir kommunist rejiminə boyun əyirdi. Cavab addımlar atmağın zamanı gəlib çatmışdı. Əvvəlcə Çinlə münasibəti nisbətən qaydasına qoydu. Bu ölkə ilə ticarətə və gediş-gəlişə qoyulan qadağalar aradan qalxdı. Bununla da ABŞ itirilmiş mövqelər uğrunda mübarizəyə başladı. Bu mübarizənin birinci mərhələsi SSRI adlanan nəhəng millətlər “həbsxana”sının çökməsi və bu imperiyanın bir çox xalqlarının müstəqillik savaşı verərək, istiqlala qovuşması ilə nəticələndi. Lakin bu hələ işin yarısı demək idi. Dağılan sistem müstəqil dövlətlər kimi fəaliyyət göstərsələr də, demokratiya və insan haqları istiqamətində müsbət irəliləyişlər yox dərəcəsində idi. Saysız-hesabsız diktatorlar xalqları amansız üsullarla idarə edirdi.
Keçmiş sovet respublikalarının əksəriyyəti, eləcə də sovet DTK-sının dünyanın ayrı-ayrı qitələrində qurduğu antidemokratik rejimlər iş başında idi. Dünyada vahid mərkəzdən idarə olunmayan diktatura pərakəndəliyi hökm sürürdü. 1969-cu il və ondan sonra bərqərar olunan despot rejimlər daha amansız bir şəkildə dünyaya, bəşəriyyətə meydan oxumağa başladı. Kütləvi qırğın silahından tutmuş əhalinin orta əsr qanunları ilə idarə edilməsi, dünyanın demokratik qüvvələrinin diqqətindən kənarda qala bilməzdi. Hətta bu rejimlər sosializmin mütərəqqi və üstün cəhətlərindən də imtina etməyə başladılar. Nəticədə ölkə əhalisi ilə onu idarə edən klanlar arasında dəhşətli bir uçurum yaranmağa başladı. Beləliklə, diktatorlara qarşı, 2-ci və axırıncı hücuma start verildi.