Lütfi Zadənin işdən qovulması

Ilham Əliyev noyabrın 4-də sərəncam verib Elmin Inkişafı Fondu üçün 3 milyon manat məbləğində vəsait ayırmışdı, amma elə həmin gün də ölkənin ən tanınmış alimlərindən olan akademik Rafiq Əliyev siyasi motivlə işdən qovuldu. Elmə atalıq qayğısının gözəl nümunəsidir. Təkcə tarixin qəhqəhəsi çatmır…

Əslində, Azərbaycanda elm-zad inkişaf eləmir, elmsizlik artır. Bu pullar da alimləri susdurmaq üçün ayrılır. Xırdaca payını al və səsini kəs! Rafiq Əliyev isə son aylarda ölkədəki durumu tənqid etməsi ilə tez-tez gündəmə gələn Ziyalılar Forumundakı fəallığına və tənqidi çıxışlarına görə işdən azad edilib. Ölkənin dünyada tanınan 5-6 alimindən birini səbəbsiz halda işdən kənarlaşdırmağın başqa adı yoxdur ki!
Bilmirəm, bəlkə də biz Rafiq Əliyevi təbrik etməliyik, çünki işdən qovulması ilə o əsl akademik olur. Əsl ziyalı olur. Heç kim inciməsin, haqsızlığa susanda istənilən alim, yazıçı, sənətkar əsl alimə, yazıçıya, sənətkara bənzəmir. Bu, pafoslu səslənir, amma adi və sadə həqiqətdir. Indiyəcən bizi bu sözlərə görə çox qınayıblar, ziyalıları şərləməkdə, onlara aşağılamaqda günahlandırıblar. Bu sözlərə görə bizi qaragüruh adlandıranlar da olub. Amma son hadisə də – Rafiq müəllimin işdən azad edilməsi də gerçəkliyi ortaya qoydu.
Əvvəla, sübut etdi ki, bu ölkə haqsızlıq bataqlığında boğulur və onu idarə edənlər hansı təfəkkür sahibləridir. Ikincisi, bir daha göründü ki, ziyalıları aşağılayanlar onların susmasını qınayanlar yox, onları müti və səssiz görmək istəyənlərdir.
Heç kim unutmasın: bu gün Lütfi Zadəni matah edib göyə qaldıran bu hakimiyyət onun Azərbaycanda, hətta bütün dünyada ən böyük davamçılarından olan Rafiq Əliyevə münasibəti ilə sübut etdi ki, onlar Lütfi Zadənin özünü də tənqidi çıxışına görə işdən qovar, qara siyahıya salardılar. Nə yazıq ki, bunu heç Lütfi Zadə də dərk etmək istəmir.
Amma yaxşı ki, Rüstəm Ibrahimbəyov, nəhayət, bu sözləri söylədi: “Daha susmaq olmaz, biz uçuruma gedirik”. Elə başqaları da illərdir onu deyir ki, susmayın, ölkə uçuruma gedir. Odur ki, mən Ziyalılar Forumunun bu uçurumu görməsini, Rüstəm bəyin “SUSMAQ EYBIMIZDIR! QÜSURUMUZU DÜZƏLTMƏLIYIK!” etirafını yüksək qiymətləndirirəm. Onlar bu yolla getsə, tarixin alqışını qazanacaqlar. Onlardan həqiqətləri eşitməyin bizim ölkə üçün yüksək əhəmiyyəti var. Onlar bu yoldan çəkilməməli, ədalətə və həqiqətə bağlılıqlarını sübut etməli, elə bu yolla xalqı uçuruma yuvarlanmaqdan xilasa kömək etməlidirlər.
Bununla belə, dərhal hörmətli ziyalılara ictimaiyyətin ciddi narahatçılığını da çatdırmaq istəyirəm ki, onların ziqzaqlı mövqeləri bizi uçurumdan xilas edə bilməyəcək. Ölkədəki durumu tənqid edib, sonra da Ilham Əliyevi alternativsiz saymaq həmin uçurumu daha da dərinləşdirir. Bu cür təzadlı mövqelər qəbuledilməzdir. Ölkədə demokratik seçkinin mümkün olmadığını demək nə anlama gəlir? Onda ədalət də, həqiqət də olmayacaq bu ölkədə. Demokratik seçki elə ədalətli seçki deməkdir.
Bu adamlar özlərinə inanmalı, çəkinmədən gerçəkləri söyləməyi bacarmalıdırlar. Biz demirik ki, onlar mövcud hakimiyyətin əvəzlənməsi uğrunda siyasi mübarizə aparsınlar, əslində bu da qadağan olunmayıb, heç qüsur da deyil. Sadəcə, bu yol da onların öz seçimi olmalıdır. Amma kimisə alternativsiz saymaq özü də siyasi mübarizəyə qoşulmaqdır, həm də uçurumu yaradanların mübarizəsinə qoşulmaq. Nəhayət, unutmaq olmaz ki, uçuruma qarşı çıxmaq apriori bir vəzifədir. Heç olmasa, həqiqətləri olduğu kimi demək lazımdır.
Susmamağa qalsa, professor Musa Qasımlı da susmur…