Gözəl bəstəkar, unudulmaz Mədəniyyət naziri

Yeddi operettasından beşi Moskva səhnəsində

Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyev professional musiqimizə bir çox maraqlı operettalar, simfonik əsərlər, bir-birindən gözəl estrada mahnıları bəxş etmiş sənətkardır. Həsən bəy Zərdabinin qızı, əməkdar müəllim Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Rauf Hacıyevin  bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm rolu var. Rauf Hacıyevin fortepiano üçün pyeslərini dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmişdir. Xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona böyük şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Rauf Soltan oğlu Hacıyev 15 may 1922-ci ildə Bakıda anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Professional musiqi təhsili aldıqdan sonra bəstəkar “Romeo mənim qonşumdur”, “Tələbələrin işləkləri”, “Kuba-məhəbbətim mənim”, “Təbəssümünü, gülüşünü gizlətmə”, “Dördüncü fəqərə”, “Ana, mən evlənirəm”, “Qafqaz əsiri”, “Müxtəlif yollar” komediyalarını, oratoriyalar, kantatalar, dramatik səhnə əsərləri, filmlərə musiqilər yazmışdır. Onun musiqili komediyaları dünyanın bir çox teatrlarının səhnələrində oynanılmışdır.
R.Hacıyevin yazdığı 7 operettadan beşi Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Eyni zamanda, bu operettalar keçmiş SSRI-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapmışdır.
Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açmışdır. Onun operettalarının mövzularını isə ən çox adamlarımızın gündəlik həyatı təşkil edir.
R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş  “Romeo mənim qonşumdur” operettası keçmiş SSRI respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülmüşdür. Ümumiyyətlə, “Romeo mənim qonşumdur” operettası 23 teatr səhnəsində tamaşaya qoyulmuşdur. Operettanı “Azərbaycanfilm” studiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırmışdır.
Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır.
“Dördüncü fəqərə” Finlandiyanın satirik yazıçısı Marti Larninin eyni adlı romanı əsasında yazılmışdır. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi – ictimai qayəli operetta yaratmağa nail olmuşdur.
Onu da deyək ki, Marti Larni operettanın premyerasına gələ bilməmişdi. Lakin o, bu əsərə yaxşı bələd idi. Çünki 1969-cu ildə yazıçı Azərbaycanda olarkən R.Hacıyev yazdığı operettadan bir çox nömrəni onun üçün nümayiş etdirmişdi. M.Larni bu ecazkar musiqiyə qulaq asandan sonra demişdi: “Bu, gözəl, müasir musiqidir. O, təkcə əsərin əsas qayəsini əks etdirmir, həmçinin öz ifadə vasitələrilə əsəri daha da zənginləşdirir”.            
Üzeyir Hacıbəyovun  100 illiyinə “Ordan-burdan”…
70-ci illərin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva operetta teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki, həmişə olduğu kimi, bəstəkar təzə operettasında yenə də aktual məsələləri qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənmişdir. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə aşılayır. Bu baxımdan əsərin partiturası çox zəngin alınmışdır.
1982-ci ildə Moskva operetta teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapdı.
Operetta janrının başlıca xüsusiyyətlərini dərindən bilən R.Hacıyev “Yolayrıcında” əsərini də yüksək zövqlə yazmışdır. Bu operettanın musiqisi demək olar ki, Qafqaz xalqlarının milli musiqi folkloruna əsaslanır.
R.Hacıyevin axırıncı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq Azərbaycan televiziyası və radio verilişləri şirkətinin sifarişi ilə yazılmış və televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə oldu.
Operetta janrında çalışmaqla yanaşı, R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınamışdır. 60-cı illərdə o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – “Ləzgihəngi” və “Yallı”nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla açıb göstərə bilmişdir.
1969-cu ildə “Ləzgihəngi” Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilmiş və tamaşaçıların rəğbətini qazanmışdır.
1971-ci ildə R. Hacıyev  Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrların hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.
Əlcəzairdə işlərkən R.Hacıyev eyni zamanda bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir.
Xarici ölkələrə  açılan yollar
Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan sonra orada Milli musiqi teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazır. “Üç inqilab” adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnmişdir.
Bu baleti Əlcəzair tamaşaçıları böyük rəğbətlə qarşıladılar. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xalqının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır.
Ilk baletin uğurlarından ruhlanan Hacıyev, bir ildən sonra ikinci baletini tamamlayır. “Alov” adlanan bu balet də inqilabi mövzuda yazılmışdır. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunmuşdur. Tamaşanın özünəməxsus musiqisi də diqqəti çəlb edir. Müəllif baletdə xalq mahnılarından, inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə etmişdir.
“Alov” baletini teatrın truppası Tunis, Mərakeş, Paris, Havanada göstərmişdir.
“Hürriyyət” bəstəkarın üçüncü baletidir. Əsər Əlcəzairin bu günündən, yeni həyat quruculuğundan bəhs edir.
R.Hacıyevin baletləri haqqında belə nəticəyə gəlmək olar ki, onların mövzusunu Əlcəzairin azadlıq uğrunda mübarizəsi, bu günkü yeni həyat quruculuğu təşkil edir. Bu səhnə əsərlərinin zəngin və şəffaf partituraları vasitəsilə bəstəkar yüksək dərəcədə sənətkarlığını və səriştəliyini göstərdi.
Müəllif özü bu haqda belə yazır: “Ən əvvəl mən musiqi folklorunun öyrənilməsinə başladım. Ölkə üzrə səyahət zamanı tanınmış müğənni və instrumental musiqiçilərlə görüşlər, xalq mahnılarının və nubaların öyrənilməsi və təhlili mənə bu materialı mənimsəməyə kömək etdi. Bu cür hazırlıq işindən sonra mən ”Əlcəzair silsiləsi”ndən bir neçə əsər yazmağı qərarlaşdırdım. Bu silsiləyə skripka ilə orkestr üçün Konsert, fortepiano ilə müxtəlif musiqi alətləri üçün Pyeslər, orkestr və xor üçün 15 xalq mahnılarının işlənməsi, Əlcəzair süitası daxildir”.
R.Hacıyev 60-cı illərdən başlayaraq ictimai işlərdə də fəal çalışmışdır. O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır.
Dəfələrlə SSRI və Azərbaycan SSR bəstəkarlar ittifaqlarının rəhbər orqanlarına seçilmişdir.
Rauf Hacıyev dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur
Görkəmli bəstəkarımız Rauf Hacıyev 15 sentyabr 1995-ci ildə vəfat etmişdir. Lakin o, dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir