Bakının unudulmaz səsi
1926-cı il noyabrın 6-da Bakının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” sədaları səsləndi. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Ilk dövrdə Bakı studiyası Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Ikinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbələrini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi.
Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi.
Bu dövrdə proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü.
1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verir.
1933-cü ildə Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdı. Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaratdı.
1936-cı ildə Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi.
Sonrakı illərdə Bakıdan kənar rayonlarda da stansiyalar işə düşdü.
Əvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayırdı. Bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatmışdı. Verilişlər və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı. Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi.
Studiyadan əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr radio verilişlərində öz əksini tapırdı.
Binanın Sabir bağına baxan tərəfində, ikinci mərtəbə səviyyəsində quraşdırılmış iri reproduktor vasitəsilə radionun səsi ətraf küçələrə də yayılırdı. Sabir bağında həmişə böyük qələbəlik olurdu, skamyalarda yer tapa bilməyənlər verilən konsertlərə ayaq üstə qulaq asardılar.
Korifeylərdən qurulan yaradıcı heyət
Ilk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdi. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.
1927-ci ilin fevral-mart aylarında radioya yeni kadrların cəlb olunması prosesi başlanır. Həmin ilin ortalarında Zülfüqar Hacıbəyov radionun Şərq musiqisi, Presman isə Qərb musiqisi üzrə rəhbərləri təyin olunurlar. Diktor və aktyor qrupları yaradılır.
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi Ismayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olub.
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.
1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. Həmin dövrdə Azərbaycan radiosunun verilişləri Müslüm Maqomayevin bəstələdiyi “RV-8″ radio marşı ilə açılırdı. Marş ilk dəfə elə həmin studiyada ifa olunmuşdu.
1932-ci ildə Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərdi. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular.
Radioda o zamanın məşhur incəsənət xadimləri Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli, Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyev, Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.
1933-cü il martın 8-i axşam saat 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunur. Konsertdə xanəndələr Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, artistlər Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Zülfüqar Sarıyev, tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov, kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və başqaları iştirak edirlər.
Ədəbi verilişlər redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı tamaşalar da yazırdı. Hamının böyük məhəbbətlə “Mirzə” deyə müraciət etdiyi istedadlı ədib aktyorların və diktorların ifa edəcəkləri rolları əvvəlcədən müəyyən edirdi.
Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mircəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənilməsinə nail olurdu. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi.
Onun Azərbaycan mədəniyyətindəki böyük rolu
1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi “Radioteatr” yaradıldı. Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb oldu. Istedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi.
1932-ci ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində efirə “Son xəbərlər” proqramı çıxır. Həmin ilin oktyabrında Informasiya redaksiyası da yaradılır.
Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verdi. Ağır müharibə dövrünün ən sevilən verilişi “Azərbaycan – cəbhə üçün” idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi. Radio jurnalistləri təkcə xəbərlər və dramatik boyalı verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən proqramlar hazırlayırdılar.
1941-ci ildə SSRI hökuməti radio təbliğatını Türkiyə və Iranda yaymağı məqsədəuyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir.
1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası yaradıldı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün azərbaycanca 1 saatlıq veriliş yayımlanan redaksiya da bu quruma daxil edildi. 50-ci illərdə bu baş redaksiyaya Muxtar Hacıyev rəhbərlik edirdi. 1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı başlandı. Bu redaksiyada diktor vəzifəsinə Iraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu.
Azərbaycan radiosunun sonrakı inkişaf mərhələsi də böyük uğurlarla doludur. Radionun “Qızıl fond”unda Azərbaycanın çox dəyərli bir xəzinəsi qorunur. 1968-ci ildə radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların sayı 100 minə çatıb. Fonotekada Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (baba), Cəfər Cabbarlı, Səməd Vurğun, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Niyazi, Əlövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Tükəzban Ismayılova, Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Islam Rzayev, Nəzakət Məmmədova, Baba Mirzəyev, Müslüm Maqomayev (nəvə), Polad Bülbüloğlu, Mirzə Babayev, Vaqif Mustafazadə, Rafiq Babayev, Flora Kərimova, Akif Islamzadə və digərlərinin lent yazısı saxlanılır. Bundan başqa, ən ünlü teatr sənətçilərimizdən ifasında səsləndirilmiş gözəl radio tamaşaları da bu fondun unikal sərvətidir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir