Darıxmayın. Hər şey yaxşı olacaq. Az keçməz ki, öz milli seriallarımız da işə düşər. Bunun üçün də pul ayırıblar. Kino mütəxəssisi deyiləm, amma yaxşı kino həvəskarıyam. Neçə dəfə yazmışam ki, əsl incəsənət əsəri olan filmlər heç də böyük büdcə tələb etmir, amma təbii, onlar tamam pulsuz-parasız da başa gəlmir. Yaxşı olardı ki, hökumət heç kimə lazım olmayan seriallar üçün deyil, əsl filmlər üçün pul ayıraydı. Bir də serial bizim nəyimizə gərək? Bizim öz serialımız var. Düz 1968-ci ildən davam edir, 200-300 seriyalıq seriallar onun yanında heç nədir, əsl detektivdir. Indi özünüz bir götür-qoy edin, görün, bizə əcnəbiləri təqlid etmək lazımdır, ya yox?
Iqtisadçılar, yoxsa broekrlər?
Elə ötən dəfə də bu haqdaca yazmışdım. Dünyadakı böhran məni olduqca çox maraqlandırır. Bu böhran K.Marksın “Kapital”ını yenidən bestsellərə və stolüstü kitaba çevirdi. Lakin doğrudanmı böhranın səbəblərini “Kapital”da axtarmaq lazım gəlir? Bununla bağlı mənim böyük şübhəm var, hərçənd ki, onu da bilirəm ki, Nobel mükafatı laureatı, riyaziyyatçı və iqtisadçı C.Neş bir neçə il əvvəl Marksın izafi dəyər nəzəriyyəsini riyazi yolla isbat edib və buna görə, hətta müəyyən təzyiqlərə də məruz qalıb. Amma mən yenə də qlobal böhranla bağlı iqtisadçı sözü eşitmək istəyirəm. Fəqət, nə edəsən ki, iqtisadçılar da brokerə çevriliblər, onlar birjalardakı qiymətlərdən başqa bir şey bilmirlər, bildikləri neftin və qazın qiymətidir.
B.Əsəd də götür-qoy edir…
Bu sətirləri yazanda eşitdim ki, B.Əsəd Ərəb Liqasının tələbilə razılaşıb və hətta müxalifətlə danışıqlara başlamaq fikrindədir. Bu informasiya təsdiq və ya inkar oluna bilər. Amma məsələ bunda deyil, çünki Əsədin başqa yolu yoxdur, onun ətrafındakı dairə daralır. Kimsə üçün sirr deyil ki, Qəzzafidən sonra növbə onundur. Artıq bu haqda da açıq danışırlar. Ya bu ilin sonu, ya da gələn ilin əvvəli, Əsəd də gədəcək. Indi əsas budur ki, Əsəddə heç olmasa özünü qorumaq instinkti oyansın. O, normal bir insan kimi də hakimiyyətdən gedə bilər, ya da Qəzzafinin ardınca gizlincə səhrada dəfn edilər. Amma o da çox qan töküb, bir il ərzində dinc aksiyalarda minlərlə insan qətlə yetirilib. Indi yəqin özü də bir sual üstündə düşünür: əgər getsə, onu rahat buraxacaqlar, yoxsa təqib edəcəklər? Güman, bu sualın cavabını yalnız Suriya müxalifəti verə bilər. Ola bilsin, Liqa və yaxud beynəlxalq ictimaiyyət müəyyən təminat versin. Nə isə. Düyün bir neçə aya açılmalıdır.
Dünyada siyasi məhbus varmı?
Əcaib sualdır, deyilmi? Əgər dünyada qeyri-azad ölkələr və avtoritar idarə təcrübəsi varsa, deməli, siyasi məhbus da var. Biz indi avtoritar idarəçilikdən qurtulan və ya buna cəhd edən ölkələrdə azadlığa çıxan və yaxud da əksinə məhbəsə atılan insanlara nə deyək? Onları necə adlandıraq? Bir az bundan əvvəl Suriyadan danışdıq. Bu ölkədə siyasi məhbus yox idimi? Azərbaycan qəzetləri hər gün 18 nəfərin fotosunu dərc edir. Bu insanlar etiraz aksiyası zamanı, hakimiyyətin siyasətinə etiraz etdikləri üçün məhbəsə atılıblar. Bəs onlar siyasi məhbus deyilmi?
Ilin, yoxsa millətin yekunu?
Bəlkə də artıq tədbir keçirilib. Ilin yekunları ilə bağlı iqtisadi iclasları nəzərdə tuturam. Əgər keçirilibsə, daha yaxşı, yox, keçirilməyibsə, onda keçirilər. Bu iclaslardan onsuz eşitdiyimiz bir söz var: analoqu olmayan iqtisadi sıçrayış.
Məni isə başqa məsələ maraqlandırır. Fikir versəniz görərsiniz ki, bu ölkədə bir stabil tendensiya var: qiymətlər hər ay artır. Özü də söhbət başqa şeylər haqda deyil, ərzaq məhsullarının qiyməti haqdadır. Ona görə də mən həmin iclasları necə adlandırmaqla bağlı tərəddüd keçirirəm. Əslində bu hökumət bizim həyatımıza yekun vurmaqla məşğuldur, necə deyərlər, ümumi daxili məhsul artır, amma insanlar kasıblaşmaqda, onların ömürlərisə qısalmaqda davam edir. Bəli, doğrudan da yaxşı göstəricidir. Iqtisadiyyatın göstəricisi nədir? Mənim üçün bu, insanların rifahıdır, insanların rifahı yüksəkdirsə və onların dolanışığı normaldırsa, deməli, iqtisadiyyat da normaldır. Başqa hər nə deyilirsə, mənasızdır.