Emin Hüseynov: «Gülər Əhmədovanın gülünc diski heç nəyi sübut etmir»
«Reketliklə» daha çox elə hakimiyyətin nəzarətində olan mətbuat orqanları məşğul olur»
Jurnalist həbsləri bir müddət idi gündəmdən düşmüşdü. Lakin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi sükutu yenidən pozdu. “Eurovision” ərəfəsi ölkədə hüquq və azadlıqlar sahəsində vəziyyətin yaxşılaşacağını, siyasi məhbusların azadlığa buraxılacağını ümid edərkən növbəti “sürprizlə” qarşılaşdıq. Reportyoların Azadlıq və Təhlükəsizlik Institutunun rəhbəri Emin Hüseynovla söhbətə elə Ə.Zeynalının həbsindən başladıq.
– Necə oldu ki, bir baş redaktorun azadlığa çıxmasından çox keçməmiş başqa bir baş redaktoru həbs etdilər?
– Ərəb inqilabları ərəfəsində hökumət qabaqlayıcı həbslər həyata keçirərək müxalifət fəallarını həbsə atdı. Növbəti mərhələdə jurnalistlərdən də kimisə həbs etdilər ki, mətbuatın gözünü qorxutsunlar. Istəyirlər jurnalistlərdə özünü senzura olsun. “Xural” gündəliyə keçmişdi, yavaş-yavaş oxucu yığırdı. Qəzetə tanınmış yazarlar gəlmişdilər. Həmçinin son vaxtlar Redaktorlar Birliyi fəaliyyətini bərpa edib, yeni-yeni qəzetlər gündəlik nəşrə başlayıblar. Gördülər ki, mətbuat qurumları təşkilatlanıb birləşiblər, hədəf kimi də Mətbuat Şurasını, Prezident Administrasiyası ictimai-siyasi şöbəsini götürüblər. Və hökumətin son illərdə qurduğu tamaşanı dağıtmaqla məşğuldular. Bütün bunlar hakimiyyəti narahat etməyə bilməzdi.
Əvəz Zeynallının həbsində şəxsi zəmin də var. “Xural” qəzeti Ilham Əliyevin əleyhinə məlum iki yazını dərc etmiş, orada istefa şüarları səsləndirmişdi. Əminəm ki, bundan sonra ətrafı bu həbslə bağlı Ilham Əliyevi razı salıb. Deyiblər ki, bax, qəzetində sənə qarşı yazılar yazır, istefa çağırışları edir, sənin dediyin fikirləri arqumentlərilə puça çıxarır. Hamı bilir ki, Azərbaycanda bütün siyasi həbslər ölkə rəhbərliyinin razılığı ilə həyata keçirilir. Budəfəki həbs də istisna deyil. “Eurovision”a bir neçə ay qalsa da, hakimiyyət çəkinmədən repressiyaları davam etdirir. Göstərir ki, ölkədə əks fikri boğmaq iqtidarındadır. Hamı deyirdi ki, “Eurovision”a görə həbslər olmayacaq. Amma avtoritar rejimlərin məntiqində bu, geriçəkilmə kimi qiymətləndirilir. Həm də görüblər ki, bu cür repressiya metodları effekt verir. Bundan sonra kütləvi aksiyalar səngiyir, müxalifətin başı həbsdə olan yoldaşları ilə məşğul olmağa qarışır. Eləcə də mətbuat öz işindən daha çox, həmkarlarının müdafiəsi ilə məşğul olur.
– Amma ötən belə həbslərdən fərqli olaraq, bu dəfə iddiaçı qismində tanınmış fiqur – Milli Məclisin deputatı çıxış etdi…
– Mən deməzdim ki, Gülər Əhmədova tanınmış fiqurdur. Onun ictimai-siyasi proseslərə heç bir təsiri yoxdur. O, Ramiz Mehdiyevin parlamentə seçdirdiyi deputatdır. Işi də odur ki, lazım gələndə kiməsə qarşı ifadə versin, iddia qaldırsın. Gülər Əhmədova kimlərinsə alətidir. Məlum məsələdir ki, onun Əvəz Zeynallıya qarşı səsləndirdiyi ittihamın heç bir əsası yoxdur. Əgər əsas olsaydı, hüquq-mühafizə orqanları əməliyyat təşkil edib Əvəz bəyi ifşa edərdilər. Pul tələb edən elə o pulu götürərdi də. Belə olan halda, onların da əlində sübut olardı. Amma onlar heç nə sübut etmirlər, fərziyyələrə əsaslanırlar. Əvəz Zeynallı özü dəfələrlə demişdi ki, Gülər Əhmədova onun yanına gəlib və pul təklif edib. Əvvəl belə işlər üçün ucuz aktyorlardan istifadə edirdilər, bu gün daha yüksək qonorarı olan insanlardan istifadə edirlər. Onların öz rolu var ki, bu da kimisə şərləməkdir. Vaxtilə Qəniməti Sevgiladə Quliyeva şərləmişdi, bu gün də Əvəz bəyi Gülər Əhmədova şərləyir. Sadəcə, Sevgiladə axtarışda olan, cinayətlər törətmiş şəxs idi, Gülər Əhmədova isə deputatdır.
– Sizcə, bu işin məhkəməsi necə olacaq, Gülər Əhmədova iddiasının gerçək olduğunu sübut edə biləcəkmi? Amma hələ ki, ortada baş redaktorun rüşvət tələb etdiyini təsdiqləyən heç bir sübut yoxdur.
– Məhkəmə prosesinə saxta şahidlər, “üzəduranlar” gələcək. Həmin adamların ifadəsi əsasında da Əvəz bəyə iş veriləcək. Sonradan da elan edəcəklər ki, baş redaktor prezident tərəfindən əfv olunur. Ola bilsin ki, “Eurovision”a az qalmış Qərbə jest olaraq bütün siyasi məhbusları buraxdılar. Amma bu proses hələ bir müddət çəkəcək. Hələliksə reallıq odur ki, Gülər Əhmədovanın gülünc diski heç nəyi sübut etmir. Gülər Əhmədova dəfələrlə Əvəz bəylə görüşə cəhd edib. Bunu təsdiq edən şahidlər də var. Özü bizə deyirdi ki, mənim vicdanım rahatdır. Bu qadın özü yanıma gəlib, mənə qəzetə yardım adı ilə pul təklif edib. Lakin o təxribata uymayıb və Gülər Əhmədovadan israrla xahiş edib ki, bu kimi təkliflərlə ona müraciət etməsin. Əvəz Zeynallı bunu dərhal mətbuatda da işıqlandırdı. Hətta Gülər Əhmədova o yazılara reaksiya da verdi ki, Əvəz Zeynallının yanına heç vaxt getməyib, o, ruhi xəstədir və bu fikirlər uydurmadır. Görünür, Prezident Administrasiyasında da bütün bunları müşahidə edərək qərara gəliblər ki, ən yaxşı vasitə Əvəz Zeynallını elə Gülər Əhmədova vasitəsilə zərərsizləşdirməkdir. Gülər Əhmədovanın yerində başqa biri də ola bilərdi. Bu dəfə də adını belə qoyacaqdılar ki, Əvəz Zeynallı hansısa məmurdan pul tələb edib.
– Beynəlxalq qurumların Azərbaycan mətbuatının vəziyyətinə, baş verən həbslərə və təzyiq faktlarına dair reaksiyalarını adekvat hesab edirsinizmi?
– Həbslər və ya hər hansı təzyiq faktları olanda dərhal bəyanatlar verilir, Azərbaycan hökuməti ilə danışıqlar aparılır. Artıq Əvəz Zeynallının işi də beynəlxalq qurumların gündəminə gəlib. Bu işi araşdırmağa başlayıblar.
“Eurovision”a görə Azərbaycan dünyanın diqqət mərkəzindədir və bu ərəfədə baş verənləri bir az daha diqqətlə izləyirlər. Azərbaycan hökuməti bu məqamı nəzərindən qaçırmamalıdır.
Düzdür, beynəlxalq aləm Belarusda baş verənlərə daha kəskin və tənqidi yanaşır. Amma bunun da öz səbəbləri var. Belarus Avropaya çox yaxındır. Ona görə orada vəziyyətin düzəlməsində daha çox maraqlıdır. Azərbaycan tranzit rolunu oynadığı üçün birdən-birə bütün körpüləri yandırmaq istəmirlər. Hələ ki, həm tənqid edirlər, həm də hökumətlə əlaqələrini saxlayırlar.
– Mətbuat Şurası vaxtaşırı reket qəzetlərin siyahısını hazırlasa da, bu nəşrlər öz fəaliyyətlərini davam etdirirlər. Deyilənlərə görə, bu qəzetlərin böyük bir qismini elə məmurlar maliyyələşdirir. Bu da, onlara birbaşa deyə bilmədiklərini bu qəzetlər vasitəsilə demək, kimisə şantaj etmək üçün lazımdır.
– Əvvəla “reket” sözü düzgün ifadə deyil. Bu, çox ağır cinayətdir, məhkəmə qərarı olmadan kimisə “reket” adlandırmaq təqsirsizlik prezumpsiyasını pozmaqdır. Bizim israrlarımızdan sonra Mətbuat Şurası bunu “qara siyahıya düşən qəzetlər” ifadəsi ilə əvəzlədi. Monitorinq aparsaq görərik ki, onların təbirincə desək, reketlik edən, etik qaydaları pozan nəşrlər daha çox elə hakimiyyətin nəzarətində olan mətbuat orqanlarıdır. Bugünlərdə “Yeni Azərbaycan” qəzeti Əvəz Zeynallı ilə bağlı yazı dərc edib. Yazıblar ki, Əvəz Zeynallı Azərbaycanda reket jurnalistikasının banisidir. Məhkəmə qərarı olmadan belə bir ittiham irəli sürüblər. Mətbuat Şurasının standartları ilə yanaşsaq, elə “Yeni Azərbaycan” qəzeti bu ifadəsinə görə qara siyahıya düşməlidir.
Gültəkin


