Əvvəl Suriya vurulacaq, sonra İran

Razi Nurullayev: «Iranın başını öz problemlərinə qatmaq üçün bütün mümkün variantlara əl atılacaq»

Liviyada inqilabi proseslər başa çatandan sonra Qərbin diqqətinin Suriyada baş verənlərə yönələcəyi gözlənilsə də, hazırda vəziyyət bir qədər fərqlidir. ABŞ dövlət katibi Hillari Klintonun Iran xalqına çağırış etməsi, eyni zamanda Iraqdan çıxarılacaq hərbçilərin Fars körfəzində yerləşdirilməsinin planlaşdırılması Suriya ilə bərabər Iran məsələsinin də gündəmdə olduğunu göstərirdi. Bununla belə, geri çəkilmək istəməyən Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması məqsədi ilə Suriyaya hərbi müdaxilə məsələsi də gündəmdədi. Qərb ya bu ölkədəki müxalifəti silahlandıra, ya da Liviyada olduğu kimi, birbaşa hücuma keçə bilər.
Bu ərəfədə Iranın Suriyada baş verənlərə müdaxilə etməsi, Əsəd rejiminə açıq dəstək verməsi Qərbin bu ölkə ilə bağlı planlarına ciddi əngəl yarada bilər. Bu səbəbdən də Iranın başını özünə qatmaq üçün ona qarşı müəyyən addımların atılacağını gözləmək olar. Bəs bu addımlar nədən ibarət ola bilər? Irana qarşı hərbi müdaxiləni gözləmək olarmı, yoxsa həyata keçirilən tədbirlər bu ölkəni Suriyada baş verənlərə müdaxilədən çəkindirmək məqsədi daşıyır?
Politoloq Razi Nurullayev ABŞ-ın, NATO-nun, o cümlədən Israilin Irana hücum etmək planının olmadığını deyir. Lakin bununla belə, Iranın başını öz problemlərinə qatmaq üçün bütün mümkün variantlara əl atılacaq.
Ekspert hesab edir ki, Suriyadakı proseslər daha uzun çəkərsə, Iran Bəşər Əsəd rejiminin ömrünü uzatmaq üçün müəyyən köməkliklər göstərə bilər. Çünki Əsəd rejimi devriləndən sonra növbə Irana çatacaq və Tehran bunu yaxşı anlayır: “Hələ bir neçə ay əvvəl ABŞ-ın keçmiş dövlət katibi Bjerzinski gələn ilin yazına kimi Iranda da rejimin gedəcəyini söyləmişdi. Iran hakimiyyəti də gözəl başa düşür ki, Suriyadan sonra növbə onlara çatacaq. Amma burada başqa manevrlərin olması da istisna edilmir”.
Ekspertin sözlərinə görə, dünyanın diqqətini Bəşər Əsəd rejimindən yayındırmaq üçün Iranla Suriya arasında müəyyən razılaşma ola bilər: “Suriya və Iran anlayır ki, Israil münaqişəyə cəlb olunsa, Bəşər Əsəd rejiminin ömrü uzana bilər. Çünki bu zaman münaqişə yəhudi-müsəlman davası kimi qələmə veriləcək. Bu da ərəb dövlətlərinin Suriyaya dəstəyini artıracaq. Iran və Suriya Fələstin xalqının hüquqlarını müdafiə etdiklərini deyəcək. Bu zaman həqiqətən də vəziyyət dalana dirənə bilər”.
Ekspertin fikrincə, məhz belə vəziyyətin yaranmaması üçün ABŞ müəyyən addımlar atır.

Fizzə