Təhsil sisteminin “saxta diplom” rəzaləti

Ekspert Əlövsət Osmanlı: «Mərdanovun BDU haqqında söylədiklərinin hansına inanaq: əvvəl dediklərinə, yoxsa sonra dediklərinə?»

Bir müddət əvvəl Misir Mərdanov açıqlama vermişdi ki, “çox müəllimin sənədi saxtadır, məsələn, sənəddə yazılıb BDU-nun riyaziyyat fakültəsini bitirib, amma Təhsil Nazirliyindən aldığı diplomun nömrəsi bu adamın adına deyil”.
Bir az sonra isə mətbuatda belə məlumat getdi ki, nazir saxta diplomla işləyən müəllimlərin işdən azad edilməsi barədə təhsil şöbələrinə tapşırıq verib. Sonradan isə Mərdanov BDU-da diplom saxtakarlığı olması barədə söylədiklərini dolayısı ilə dandı: “Bu məsələ ilə bağlı hər hansı ali məktəbin verdiyi saxta diplomdan söhbət getmir, söhbət ondan gedir ki, bəzi işbaz adamlar kabinetdə oturub diplom çap edib, müəyyən adamlara satıblar”. Maraqlı burasıdır ki, o, bu açıqlamasında saxta diplomlu müəllimlərin işdən azad edilməsi barədə verdiyi tapşırığı da “qismən” geri götürdüyünü bildirib: “Biz 15 il işləyən müəllimlərin hamısını çölə tökə bilmərik, onlarla bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək”. Təhsil nazirinin bu ziddiyyətli fikirlərinə riyaziyyat üzrə fəlsəfə doktoru, ekspert Əlövsət Osmanlının münasibətini dərc edirik.
“Doğrudan da böyük faciədir. Neçə gündür ki, ölkə mətbuatı təhsilimizin adına ləkə gətirən bir hadisədən – ümumtəhsil məktəblərində saxta diplomla işləyən müəllimlərlə bağlı yaranmış problemlərdən yazır. Belə çıxır, tədris müəssisələrimizdə elə ”müəllimlər” çalışırmış ki, onların savadsızlığı bir yana qalsın, təlim-tərbiyə işini aparmağa hüquqları da çatmırmış. Bu, o anlama gəlir ki, bu gün Azərbaycan təhsilində böyük cinayət hadisəsi baş verməkdədir. Bununla bağlı təhsil naziri Misir Mərdanovun açıqlamaları hadisələrin başlanğıcında səmimilik görsənişi yaratsa da, sonradan bəlli oldu ki, bu, imitasiya xarakteri daşıyırmış. Hesab edirəm ki, nazirin bu gün dedikləri baş verənlərin təfsilatını açmağa yox, söhbətin əsas məğzini – bu saxtakarlıqların nədən qaynaqlandığını azdırmağa xidmət edir. Götürək BDU məsələsini. Yarım ay əvvəl o, bu ali məktəbdə diplom saxtakarlığı olduğunu söyləmişdi, indi isə bunu danır. Daha demir ki, onun dediklərini mətbuat çoxdan qeydə alıb. Ona görə də burada dəbbələməyin yeri yoxdur. Qalır Mərdanovun bir haqlı suala cavab verməsi ki, onun BDU haqqında söylədiklərinin hansına inanaq: əvvəl dediklərinə, yoxsa sonra dediklərinə? Mərdanovun sonra dediklərindən belə anlaşılır ki, o, indiyədək Bakı Dövlət Universitetinə böhtan atırmış. Çox qəribədir ki, buna görə o, BDU rəhbərliyindən və oxuculardan üzr istəmək əvəzinə, ayrı-ayrı mətbuat yazarlarını dezinformasiyada suçlayır.
Saxta diplomlu müəllimlərin işdən azad edilməsi barədə tapşırıq verən nazirin sonradan fikrini dəyişdirərək: “15 il işləyən müəllimlərin hamısını çölə tökə bilmərik, onlarla bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək”, – deməsi isə çox gülünc görünür. Bilmirəm, cənab Mərdanov bunun fərqindədir, yoxsa yox, bircə onu bilirəm ki, o, bu cür bir-birini inkar edən fikirləri ilə, yalnız pedaqoji topluma yox, ümumiyyətlə, Azərbaycan cəmiyyətinə qarşı hörmətsizlik göstərir. Onun işlətdiyi “fərdi yanaşma əsasında qərar qəbul ediləcək” ifadəsinin anlamı nədən ibarətdir? Belə çıxır, saxta diplomla işləyən müəllimlərin bir qismi qalıb işləyəcək, bir qismi isə işdən kənarlaşdırılacaq. Özü də bu dənəmə “fərdi yanaşma” üsulu ilə aparılacaq. Bu “üsul” haradan peyda oldu? Qanunda belə bir istisna varmı? Belə çıxır ki, Mərdanovun əlahiddə hüququ – özündən qanun çıxarmaq hüququ da varmış. Məşədi Ibadın sözü olmasın, müəllimin saxta diplomla 15 il işləməsi yetmir, hələ ona əl də verməliyik, yəni onun bu “qəhrəmanlığını” qiymətləndirərək deməliyik ki, qal 20-25 il də işlə…
Aydın məsələdir ki, baş vermiş cinayətin bir başında saxta diplom verən dayanırsa, o biri başında bu diplomu alan dayanır. Mərdanovun məntiqindən belə başa düşülür ki, ikinci başda dayananın – saxta diplom əldə edən müəllimin elə bir günahı yoxdur. Ciddi təhlil aparılarsa, açıq-aydın görünər ki, qanunlarımız tamam başqa şeyi deyir: Mərdanovun rəhbərlik etdiyi təhsil sistemində “diplom saxtakarlığı” adlı cinayət baş verib. Yəqin ki, mənbəyi təhsil sistemi olan “saxta diplom” çamırı yalnız bu sahənin özünə yox, digər sahələrə də bulaşıb, bəlkə də daha çox?

Sözardı

“Bakı-Xəbər” qəzetinin dünənki sayında nazirin saxta diplomlu müəllimlərə fərdi yanaşma “ideyasına” Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin koordinatoru Elmina Kazımzadənin və Ictimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlının münasibəti dərc olunub. Elmina xanım 15 ildən artıq fəaliyyət göstərən bu kateqoriyadan müəllimlərə fərdi yanaşmanın səmərəli olacağından danışıb. Məhərrəm Zülfüqarlının son qənaəti isə belə olub: “Saxta diplomlular arasında peşəkar müəllimlər varsa, onların təkrar təhsil almasına şərait yaradılmalıdır”. Təhsil Nazirliyində həmişə “mötəbər” yeri olan Kazımzadənin dedikləri aydındır, amma Zülfüqarlını anlamadım”.