Niyə YAP-a olar, başqasına yox?

BDU-da YAP-ın hesabat-seçki konfransının keçirilməsi qanun pozuntusudur

Nurəddin Məmmədli: «Təhsil müəssisələrində partiyanın konfransını keçirib üzvlüyə qəbul etmək Azərbaycan qanunlarının «yapsayağı» tətbiqidir»

Siyasi əqidəsinə görə universitet və müxtəlif təhsil müəssisələrindən xaric edilən neçə-neçə müəllim-tələbə barədə müstəqil media orqanlarında indiyədək çoxsaylı  məlumat gedib. Məhz müxalifət partiyasının üzvü və yaxud müxalif fikirli olduğuna görə yaxın keçmişdə bir neçə gəncin təhsil aldığı müəssisədən kənarlaşdırılması hələ yaddaşlardan silinməyib. Bu məqamları nəzərdən keçirərkən, hökumətin hələ də öz vətəndaşlarına ayrı-seçkilik qoyduğu diqqətdən yayınmır. Buna əyani misal ölkənin ən böyük təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində YAP-ın hesabat-seçki konfransının keçirilməsidir.
Partiyanın Zahid Xəlilov-23 ünvanında yerləşən ilkin ərazi təşkilatının BDU-da baş tutan konfransında partiyaya yeni üzvlər qəbul edilib, universitet rektoru, fakültə dekanı və digər şəxslər müzakirələrdə iştirak edib. Bu barədə şərhini dinlədiyimiz AXCP sözçüsü Nurəddin Məmmədli söyləyir ki, “Siyasi partiyalar haqqında” qanun dövlət orqanlarında hər hansı partiyanın strukturlarının olmasını qadağan edir: “BDU, təhsil müəssisələri və digər kateqoriyadan olan strukturlarda partiya fəaliyyətilə məşğul olmaq, konfrans keçirmək, üzvlüyə qəbul etmək Azərbaycan qanunlarının ”yapsayağı” tətbiqinin ifadəsidir. Yəni, onlara hər şey olar. Qanun qadağan etdiyi halda, H.Əliyev partiya sədri oldu, I.Əliyev sədr olanda isə bu səhvi düzəltdilər. Lakin bu gün sözügedən istiqamətdə baş verən proseslər qanunlara hörmətsizliyin ifadəsidir. Bu partiyanın keçmişi və siyasi fəaliyyətilə bağlı gələcəyi yoxdur”.

Nigar