Mahal Ismayıloğlu: «Yazını oxuyanda onun ana xəttinin hakim ailənin, dövləti idarə edənlərin reklamına hesablandığını aydın görmək olur»
Rəsmi dövlət qəzeti olan “Azərbaycan” iki gün əvvəl nazirləri tənqid edən məqalə ilə çıxış edib. Heydər Əliyevdən də sitatların gətirildiyi “Hazıra nazirlər” başlıqlı məqalədə konkret heç bir nazirin adı çəkilməsə də, sərt ifadələr yer alıb. Şübhəsiz ki, “Azərbaycan” qəzetində dərc edilən digər yazılar kimi bu məqalənin də icazəsiz yazılmadığını demək olar. Bəs sifarişlə yazıldığı aydın hiss edilən bu məqalə nədən qaynaqlanır və hansı məqsədi daşıyır?
Tanınmış yazar Mahal Ismayıloğlunun fikrincə, yazını oxuyanda onun ana xəttinin hakim ailənin, dövləti idarə edənlərin reklamına hesablandığını aydın görmək olur: “Guya hakim ailə alicənabdı, adi həyat yaşayır, insanlarla ünsiyyətdədirlər. Amma məmurlar bu ünsiyyətdən qaçır. Evdə arvadı ona çay vermir, amma işdə katibəsinə çay gətizdirir. Elə bu cümlənin özü adi iyrənc etik düşüncədən yaranır. Aydın məsələdir ki, hər hansı balaca məmurun da katibəsi var, ona çay gətirir. Bu cür təfəkkürlə nazirin hədyanlığını formalaşdırmaq, onun ətrafında polemika yaratmaq çox gülünc idi”.
M.Ismayıloğlunun sözlərinə görə, bütün məmurların bir əxlaq kredosu formalaşıb. Onlar bu əxlaqdan kənarda yaşamırlar. Digər tərəfdən, heç kimə sirr deyil ki, artıq neçə ildi prezident insanlarla görüşmür. Keçirdiyi görüşlər də görüntü xatirinədir. Nazir əxlaqı ilə prezidentin həyat tərzi, düşüncəsi, insanlara münasibəti arasında əslində heç bir fərq yoxdu. Nazirlər dövlət başçısının öz işinə, insanların ona münasibətinə paralel olaraq öz münasibətlərini qururlar: “Bu sahədə Azərbaycan nazirləri ustadılar. Onları günahlandırmaq olmaz. Dövlət başçısını özlərinə güzgü kimi tuturlar və onun atdığı addımları ustalıqla təkrarlayırlar”.
M.Ismayıloğlu hər zaman hakimiyyət mətbuatında ünvansız tənqidlərin olduğunu da qeyd etdi. Çünki Azərbaycanda həmişə kimisə böyütmək üçün ətrafını aşağılamaq lazımdır. Nazirlər pisdi, amma görürsüz, dövlət başçısı nə yaxşıdı. Bu, artıq ənənə halını alıb.
Fizzə



