Naxçıvan klanı Rəsul Quliyevi hərəkətə gətirdi

Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun planı barədə «Azadlıq»ın yazdıqları təsdiqini tapır

Eks-spiker, Açıq Cəmiyyət partiyasının lideri Rəsul Quliyev ABŞ-ın paytaxtı Vaşinqtonda dünyada demokratiyanın inkişafına kömək edən Amerika və Beynəlxalq təşkilatlarla görüşlər keçirib.
Partiya liderinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Kornegi fondu, Freedom House və Amerika hökumətinin donoru olduğu Demokratiyaya kömək fondunun rəhbərliyi və mütəxəssisləri, həmçinin keçmişdə SSRI-dən ayrılmış ölkələrdə səfir işləmiş təcrübəli diplomatlarla, konqresmenlər və digər şəxslərlə görüşlərdə dünyada baş verənlərin analizi və qlobal strategiya məsələləri müzakirə olunub.
Görüşlərdə totalitar rejimli ölkələrdə inqilabların baş verəcəyinə şübhə olmadığı qəbul edilib və qərara alınıb ki, görüşlər daha intensiv və daha da geniş formatlarda davam etdirilsin.
Ekspertlər uzun müddətdir ki, fəaliyyəti görünməyən Rəsul Quliyevin fəallaşmasını hakimiyyət daxilində baş verən proseslərlə izah edirlər. Qeyd edək ki, son vaxtlar iqtidar daxilində 2013-cü il prezident seçkisi ilə bağlı baş qaldıran ziddiyyətlərin fonunda Rəsul Quliyevin adı gündəmə gətirilib. Belə məlumatlar yayılıb ki, hakimiyyətdəki Naxçıvan klanı Rəsul Quliyevlə danışıqlara başlayıb. Lakin “Azadlıq” ötən sayında hakimiyyətə yaxın mənbəyə istinadən məlumat vermişdi ki, Rəsul Quliyevin adının gündəmə gətirilməsi Naxçıvan klanının Ilham Əliyevi şantaj etmək cəhdidir. Klanın başbilənləri Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov ölkə başçısının “Əl Cəzirə” telekanalına müsahibəsində növbəti prezident seçkisində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qərar vermədiyini açıqlamasından ciddi narahat olublar. Onların fikrincə, Ilham Əliyevin seçkiyə qatılmaması hakimiyyətin başqa klanın əlinə keçməsinə səbəb ola bilər. Bu baxımdan Naxçıvan klanı Ilham Əliyevin mövqeyində dəyişikliyə nail olmaq üçün müxtəlif vasitələrə əl atıb. Bunlardan biri də Ilham Əliyevi Rəsul Quliyevlə qorxuya salmaqdır. Yəni, Naxçıvan klanı ölkə başçısına mesaj verir ki, o seçkidə iştirak etməzsə, Rəsul Quliyevin namizədliyi üzərində dayanacaqlar. Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov isə, eks-spikerin adını gündəmə gətirməklə öz iddialarını pərdələməyə çalışırlar.
Ekspertlərin fikrincə, görünür, Naxçıvan klanı Rəsul Quliyevə fəallaşmaq üçün hansısa formada işarə verib. Bu baxımdan uzun müddətdən bəri kölgəyə çəkilmiş eks-spiker aktivləşməyə başlayıb.

Analitik informasiya şöbəsi