Nazir sabiq müavini Isgəndər Isgəndərovun səlahiyyətlərini şöbə müdiri Faiq Şahbazlıya tapşırıb
Təhsil Nazirliyində baş verən proseslərlə bağlı yeni məlumatlar əldə etmişik. Məlumatlara görə, Misir Mərdanov sabiq müavini Isgəndər Isgəndərovun yerinə nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlını gətirmək istəyir. Nazirə yaxın şəxslərdən hesab olunan Faiq Şahbazlının nazir müavini təyin edilməsi üçün artıq ilk addım da atılıb. Misir Mərdanov dərsliklərlə bağlı tender komissiyasının sədrliyini şöbə müdirinə həvalə edib. Vaxtilə bu komissiyanın sədri Isgəndər Isgəndərov olub. Təhsil Nazirliyində də hesab edirlər ki, Faiq Şahbazlının tender komissiyasının sədri təyin edilməsi onun nazir müavini postuna yüksəlməsi üçün tramplin xarakteri daşıyır.
Başqa bir məlumat isə Misir Mərdanovun yeni müavini Qulu Novruzovla bağlıdır. Qulu Novruzov sabiq nazir müavini Elmar Qasımovun yerinə təyin edilib. Məlumatlarda bildirilir ki, o, Bakı Gömrük Idarəsinin rəisi Vüsal Novruzovun əmisi oğludur. Əslən Naxçıvanın Nehrəm kəndindəndir. Qeyd edək ki, Qulu Novruzovun həm də Elmar Qasımovla yaxın münasibətləri var. Bu münasibətlər regional amilə bağlıdır. Nəzərə alsaq ki, sabiq nazir müavininin Misir Mərdanovla münasibətləri gərgindir, onda Qulu Novruzovu nazir üçün yeni problem hesab etmək olar. Zatən bu təyinat Misir Mərdanovun iradəsindən kənarda baş verib. Əks təqdirdə nazir Elmar Qasımovun postuna özünə yaxın adamı gətirərdi.
Məlumatlarda o da bildirilir ki, Misir Mərdanova yaxın şəxs hesab edilən, mətbuat xidmətinin rəhbəri və “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə ilə nazirin arası dəyib. Buna səbəb Misir Mərdanovun istefası barədə məlumatlar yayılarkən baş redaktorun nazirin rəqibləri ilə əməkdaşlıq etməsi olub. Bayram Hüseynzadə, hətta həmin ərəfədə rəhbəri olduğu qəzetdə Misir Mərdanovla bağlı heç bir xəbər verməyib. Bildirilir ki, baş redaktorun vaxtaşırı “Şüa” adlı restoranda nazirin rəqibləri ilə nahar etməsi də Misir Mərdanovun xoşuna gəlməyib.
Informasiya şöbəsi