Dialoqu kim istəmir: iqtidar, yoxsa müxalifət?

Fuad Qəhrəmanlı: «Hakimiyyətin dialoqa konstruktiv yanaşmadığı təqdirdə yalnız müxalifətin təşəbbüsləri ilə dialoqu reallaşdırmaq olmaz»

Aydın Mirzəzadə: «Iqtidarla müxalifət dialoqu üçün heç kimin vasitəçiliyinə ehtiyac yoxdur»

ATƏT-in Bakı ofisinin rəhbəri səfir K.Tarqay Azərbaycanda iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə bağlı hazırda hər hansı fəaliyyətinin olmamasını tərəflərdən təşəbbüslərin gəlməməsi ilə izah edir. Onun sözlərinə görə, bu proses tərəflərin təşəbbüsü ilə baş tutmalıdır: “Biz sadəcə, xoş niyyət naminə vasitəçilik edə bilərik. Iqtidar-müxalifət dialoqu ilə bağlı dəyirmi masa keçirmək istəyimiz var. Məqsədimiz bu dialoqa zəmin hazırlamaqdır. Tərəflərdən hər hansı təşəbbüs olarsa, imkanlarımızı səfərbər edə bilərik. Lakin bununla bağlı hələlik elə bir təşəbbüs yoxdur”.
Bəs görəsən, iqtidar-müxalifət partiyaları dialoq təşəbbüsü ilə çıxış edə bilərlərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, Ictimai Palata artıq bir müddətdir ki, “demokratiyaya yumşaq keçidin yol xəritəsini” ictimaiyyətin, o cümlədən iqtidarın nəzərinə çatdırıb. Amma hakim düşərgədən bu təklifə adekvat reaksiyanın gəlmədiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, hakimiyyət müxalifətlə dialoqun baş tutmasında maraqlı deyil: “Hakimiyyət Ictimai Palatanın təklifinə ironik reaksiya verərək konkret təklifə cavab vermədi. Halbuki Ictimai Palata bu yol xəritəsində ölkədəki zəruri dəyişikliklərə münasibətini bildirib və vurğulayıb ki, islahatların keçirilməsi vacibdir”.
Bu baxımdan müxalifətdən dialoqla bağlı təşəbbüsün gözlənilməsinin yanlış olduğunu deyən F.Qəhrəmanlı hesab edir ki, reallığa olduğu kimi yanaşmaq lazımdır. F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyətin dialoqa konstruktiv yanaşmadığı təqdirdə yalnız müxalifətin təşəbbüsləri ilə dialoqu reallaşdırmaq olmaz. “Yaxşı olardı ki, hər şey öz adı ilə çağırılaydı. ATƏT-in Bakı ofisi də məsələyə konkret yanaşmalıdır. Ümumi yanaşmalara son qoyulmalıdır. Konkret dialoqun alınmamasına görə tərəfin adı açıqlanmalıdır”,- deyə F.Qəhrəmanlı vurğuladı.
YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə hesab edir ki, dialoq təkcə görüş keçirmək və dəyirmi masada iştirakdan ibarət deyil. Iqtidar-müxalifət dialoqunun həm də bir siyasi mədəniyyət olduğunu deyən A.Mirzəzadə vurğuladı ki, Azərbaycanda iqtidarla müxalifətin dialoqa girməsi üçün siyasi mədəniyyət var: “Iqtidarda, müxalifətdə olanların hər ikisi Azərbaycan vətəndaşlarıdır və tərəflər heç kimin vasitəçiliyi olmadan cəmiyyətdəki məsələləri müzakirəyə çıxara bilərlər. Bunun üçün hər hansı tərəfin digərinin tədbirlərində çıxış etməsi, bir-birinin mövqeyinə hörmətlə yanaşması gərəkdir”.
YAP təmsilçilərinin IP-in tədbirlərinə qatılmaqla bağlı təklifləri dəfələrlə qəbul etmədiyini A.Mirzəzadənin diqqətinə çatdırdıqda isə, millət vəkili bildirdi ki, eyni iradı IP təmsilçiləri barədə də söyləmək olar. “Müxalifət nümayəndələri də dəfələrlə YAP-ın tədbirlərində iştirakdan yayınıblar”,- deyə A.Mirzəzadə vurğuladı.

Xəyal