Baş redaktorun əleyhinə ifadə verənlərdən biri siyasi fiqur, digərləri biznes sahibləridir
Elçin Sadıqov: “Əvəz bəyə daha bir ittiham irəli sürüləcək”
Noyabrın 4-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya əlavə ittiham irəli sürülüb. Bunu, APA-ya açıqlamasında jurnalistin vəkili Elçin Sadıqov deyib. Vəkil qeyd edib ki, daha üç nəfər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Ə.Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Sözügedən 3 nəfərin kim olduğunu öyrənmək üçün E.Sadıqova müraciət etdik. Vəkil “Azadlıq”a açıqlamasında bildirdi ki, istintaq sirri olduğu üçün hələlik ad açıqlaya bilməz. Yalnız onu deyə bilər ki, həmin şəxslərdən biri siyasi fiqurdur və böyük biznes sahibidir. Digər iki nəfər də vaxtilə vəzifədə olmuş, hazırda bizneslə məşğul olan şəxslərdir. E.Sadıqovun sözlərinə görə, işə yeni maddələrin əlavə olunduğunu Əvəz bəyin özünə də bildiriblər: “İstintaq hərəkətləri aparılandan sonra yeni maddələri elan etdilər. Əvəz bəy bu ittihamın da o biri kimi saxta və qurama olduğunu bildirdi. İstintaq hərəkətləri noyabrın 5-də də davam etdiriləcək”.
Vəkil noyabrın 5-də Ə.Zeynallıya növbəti yeni ittiham veriləcəyini də bildirdi: “Böyük ehtimalla Əvəz bəyə daha bir ittiham irəli sürüləcək”.
“musavat.com” saytı həmin üç nəfərin adlarını açıqlayıb. Məlumata görə, Ə.Zeynallıya qarşı ifadə verən şəxslərdən biri Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarıverdiyevdir. S.Tarıverdiyev şikayət ərizəsində “mən də hər həftə ona 100 manat verirdim” deyə qeyd edib. İkinci şəxs – “Kurort” ASC-nin rəhbəri Akif Məmmədov isə ərizəsində Ə.Zeynallıya 4 min dollar verdiyini yazıb. Baş redaktora qarşı ifadə verən növbəti şəxs Xanoğlan Muxtarov adlı restoran rəhbəridir. X.Muxtarov da baş redaktora pul verdiyini qeyd edib.
Noyabrın 5-də o da məlum oldu ki, “Xural” qəzetinin kollektivini yerləşdiyi redaksiyadan çıxarırlar. Qəzetin redaktoru Anar Mahmudoğlu bildirib ki, ofisin sahibi redaksiyanı boşaltmağı tələb edib: “Əşyalarımızı toplayırıq, sabah ofisdən çıxmalıyıq”. A.Mahmudoğlu bunun “Xural”a qarşı başlayan təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib.
Bu arada daha bir beynəlxalq təşkilat – baş ofisi Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı da Ə.Zeynallının həbsi ilə bağlı bəyanat yayıb və baş redaktoru dərhal azad etməyə çağırıb. Qurum hesab edir ki, baş redaktorun həbsi onun kəskin yazıları ilə bağlıdır.
Xatırladaq ki, Ə.Zeynallı oktyabrın 28-də həbs edilib. Respublika Prokurorluğunun rəsmi məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Qərardan verilən apelyasiya şikayəti təmin olunmayıb.