Azərbaycan Norveçdən niyə 90 pillə geridədir?

Rahim Hacıyev: «Norveçdə neft gəlirlərindən bütün əhali, Azərbaycanda isə bir qrup adam bəhrələnir»

BMT-nin Inkişaf Proqramı çərçivəsində hazırlanmış “Insan inkişafı indeksi 2011” və Dünya Iqtisadi Forumunun hazırladığı Gender Bərabərliyi hesabatlarında Azərbaycan yenə aşağı sıralarda qərarlaşıb. Insan inkişafı indeksi əhalinin üç göstəricisi – uzun və sağlam ömür, təhsilin səviyyəsi və layiqli yaşayış standartlarına əsasən hazırlanır. 187 ölkənin yer aldığı hesabatda ölkəmiz 91-ci yerdədir. Siyahıya liderlik edən isə Norveçdir. Həm Azərbaycan, həm də Norveç neft ölkəsi olsa da, birinin siyahıda birinci, digərinin 91-ci sırada olması adları çəkilən ölkələrdə insanların neft gəlirlərindən nə dərəcədə faydalandığını göstərir.
Siyasi ekspert Rahim Hacıyev iki neft ölkəsində vəziyyətin niyə bu qədər fərqli olduğunu belə izah edir: “Norveç dünyanın ən demokratik ölkələrindən biridir. Ölkənin iqtisadi idarəetmə modeli bazar iqtisadiyyatıdır. Siyasi və iqtisadi plüralizmin ən yüksək standartlar səviyyəsində mövcudluğu Norveçi dünyanın ən yüksək həyat səviyyəsi olan beş ölkəsindən birinə çevirib. Dövlət idarəçiliyi sisteminin mükəmməlliyi isə Norveç vətəndaşlarının faktiki olaraq problemsiz həyat yaşamasına şərait yaradıb. Azərbaycanda isə bütün bunların əksini görürük. Korrupsiya və monopoliyanın səviyyəsinin bütün rekordları qırdığı Azərbaycanda mövcud şərait azad bazar münasibətlərinin olmasına imkan vermir. Norveç nümunəsi göstərir ki, təbii sərvətlərin satışından əldə olunan maliyyə vəsaitlərindən səmərəli istifadə yalnız qanunun aliliyi şəraitində mümkündür”.
R.Hacıyev deyir ki, Norveç ölkənin bütün vətəndaşları üçün yüksək həyat səviyyəsi təmin etdiyi halda, Azərbaycandakı neft gəlirlərindən yalnız bir qrup adam bəhrələnir: “Korrupsiya və monopoliya nəticəsində qiymətlərin hədsiz yüksək olduğu Azərbaycanda orta aylıq əmək haqqı 396 dollardır. Insanların normal qidalanmaq, keyfiyyətli tibb xidmətindən istifadə etmək imkanı yoxdursa, uzun və sağlam ömür yaşamaq olarmı? Norveçdə adambaşına düşən ümumdaxili məhsul 84 min, Azərbaycanda isə 7 min dollardır. Norveçdə 18 yaşına qədər tibbi xidmət tamamilə pulsuzdur. Neft sahəsində işləyənlər ildə 120 min dollar qazanırlar. Bütün bunlardan sonra iki ölkə arasında uçurumun nədən irəli gəldiyini anlamaq çətin deyil”.

Gültəkin